Umud Rəhim oğlu Mirzəyev

U.R.Mirzəyev 01 fevral 1961-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968-1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979-1981-ci illərdə Monqolustanda ordu sıralarında hərbi borcunu yerinə yetirib.

O, 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində əmək fəaliyyətinə başlayıb.
1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. 1988- ildən Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan «Ədəbiyyat və incəsənət» qəzetində əməkdaş kimi fəaliyyətini davam etdirməyə başlayıb. 1989-1993-cü illərdə isə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib.

U.R.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və səlahiyyətli sədridir. Bu illər ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında, QHT-dövlət münasibətlərinin şəffaf məcraya yönəlməsində, Qarabağ faciəsi və bütövlükdə Azərbaycan haqqında obyektiv informasiyanın toplanıb yayılmasında, milli-mənəvi dəyərlər barədə ayrı-ayrı nəşrlərin hazırlanması istiqamətində yaxından iştirak edib.

O, 1996-cı ildən BMT-nin MDB ölkələri üzrə həyata keçirdiyi QHT konfransının və «Marşal» Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat qrupunun fəal üzvü. Olub. U.R.Mirzəyevin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu çoxşaxəli fəaliyyət göstərən aparıcı bir qurumdur. Beynəlxalq təşkilatlarla intensiv və səmərəli əməkdaşlığı sayəsində əldə etdiyi uğurlara görə Beynəlxalq Sülh Bürosunun (IPB), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), Beynəlxalq Mətbuat İnstitutunun (IPI), ABŞ Dövlət Departamenti Özəl Tərəfdaşlıq Proqramının (US DoS Private Partnership Program) üzvü olan BAMF artıq üç ildir ki, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) məşvərətçi statuslu üzvü kimi fəaliyyətini davam etdirir.

BAMF BMT-nin İnkişaf Proqramının (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), ABŞ Dövlət Departamentinin (US DoS), Avropa Komissiyasının (EC), NATO-nun, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin (SAC), Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) və digər beynəlxalq qurumların, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin etibarlı tərəfdaşıdır.

Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar “Seçki-2008” Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əsas təsisçilərindən biri kimi BAMF seçkilərdə demokratik prinsiplərin bərqərar olmasında, müşahidəçilik missiyasının uğurla həyata keçirilməsində yaxından iştirak edib.

U.R.Mirzəyev Beynəlxaq Sülh Bürosunun Ali Şurasının üzvü və Qərbi Asiyanın 18 ölkəsi (Azərbaycan, Gürcüstan, Ermənistan, Qatar, Yəmən, Fələstin, Oman, İsrail, İordaniaya, Səudiyyə Ərəbistan, Türkiyə, Kipr, Livan, Bəhreyn, İraq ) üzrə nümayəndəsi, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun idarə heyətinin üzvüdür.

O, 2009-cu il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına üzv təyin edilib. Mayın 26-da isə U.Rəhimoğlu KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri seçilib.

Ailəlidir, üç övladı var.