R

Beynəlxalq Avrasiya Mətbuat Fondu bütövlükdə geniş profilli işlər aparır və əsasən üç istiqamətdə fəaliyyət göstərir: Media və vətəndaş cəmiyyətinin inkişafı; Sülhməramlı aksiyalar və konfliktologiya; Qaçqınlar, məcburi köçkünlər və icma problemləri.


Media və vətəndaş cəmiyyətinin inkişafı


Vətəndaş cəmiyyətinin formalaşmasında və hüquqi dövlət quruculuğunda mətbuatın rolunu xüsusi qiymətləndirən Fond bu sahəni daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə BAMF-ın mərkəzi ofisində saysız-hesabsız konfranslar, dəyirmi masalar və görüşlər keçirilmişdir.BAMF Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin dəhşətlərini, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri məşəqqətləri əks etdirən xeyli kitablar, broşöra və bukletlər çap etmiş, sənədli filmlərin, videomaterialların hazırlanmasında yaxından iştirak etmişdir. Təkcə son üç il ərzində Sərhədsiz Jurnalistlər Təşkilatının nəşri olan «Jurnalistlər üçün praktik vəsait» adlı kitab, Beynəlxalq Mətbuat İnstitutunun nəşri olan «Jurnalistlər təhlükəli tapşırıqlarda», ingilis və rus dillərində «NATO və Qafqazda regional təhlükəsizlik», Mərkəzi və Şərqi Avropa ölkələrinin jurnalistləri üçün məlumat kitabının materialları əsasında Azərbaycan dilində «Jurnalist olmaq istəyirsənsə…» adlı kitablar çap olunmuşdur. «Şəhidlər Xiyabanı» adlı elmi-publisistik, ensiklopedik-bioqrafik məlumat kitabının əsas materiallarının toplanması başa çatdırılmışdır. 2005-ci ildə BAMF «Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatının krildən latın qrafikasına keçirilməsi layihəsinə qoşulmuş və ümumi tirajı 800 min nüsxəyə yaxın 35 adda kitab «Avrasiya-press» nəşriyyatı tərəfindən yenidən yığılmış, redaktə və tərtib edilib çap olunmuşdur. Layihənin icrası davam edir.


Sülhməramlı aksiyalar və konfliktologiya


BAMF Sülhməramlı aksiyalar, konfliktologiya və insan haqlarının müdafiəsi sahəsində də səmərəli iş aparır. Fəaliyyətə başladığı ilk dövrlərdən regionda milli və hərbi zəmində baş verən münaqişələrin öyrənilməsi və aradan qaldırılması yollarının araşdırılması fondun əsas vəzifələrindən biri olmuşdur. BAMF öz fəaliyyətinin bu istiqaməti ilə bağlı indiyədək xeyli layihələr həyata keçirmişdir. «Evdə sülh, ölkədə sülh, cahanda sülh», «Ərazilərin minalardan təmizlənməsi üzrə birinci səviyyəli tədqiqat», «Minaların Mənfi təsirinin tədqiqatı», «NATO və regional təhlükəsizlik», «İcma Mina Aksiyası», «Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi» layihələrini və digər proqramları yerinə yetirmiş, onlarla beynəlxalq konfransların, seminarların, dəyirmi masaların iştirakçısı və təşkilatçısı olmuşdur.Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, miqrasiya məsələlərinin öyrənilməsi və icmanın inkişafı sahəsində də Beynəlxalq Avrasiya Mətbuat Fondu uğurlu işlər görür, layihələr həyata keçirir. BAMF-ın nəzdində fəaliyyət göstərən İcma Mina Aksiyası komandasının tərkibinin təxminən 40 faizinin qaçqınların və məcburi köçkünlərin təşkil etməsi buna parlaq sübutdur. Azərbaycanda humanitar yardımdan humanitar inkişafa doğru keçildiyi bir dövrdə qaçqınların və məcburi köçkünlərin özlərinin gəlir gətirən sahələrinin yaradılmasına da xüsusi diqqət yetirən BAMF ev-eşiklərindən didərgin düşmüş soydaşlar arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini ön plana salmışdır.


Qaçqınlar, məcburi köçkünlər və icma problemləri


Qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olan BAMF beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini də daim diqqət mərkəzində saxlamışdır. Danimarka Qaçqınlar Şurasının maliyyə dəstəyi ilə 2001-ci ilin avqust ayından həyata keçirilməsinə başlanan «Qafqaz regionu qeyri-hökumət təşkilatları üzrə çoxfunksiyalı infoterminal» layihəsinin icrasını BAMF 2003-cü ilin mart ayında başa çatdırmışdır. Bu dövrdə CRİNGO (Qafqazda Qaçqın və Məcburi Köçkünlər üzrə QHT-ləri birləşdirən Şəbəkə) adlı böyük bir şəbəkə formalaşdırılmışdır. Şəbəkə Danimarka Qaçqınlar Şurasının maliyyə dəstəyi ilə 2005-ci ilin noyabr - dekabr aylarında «Danışıqlar həftəsi» proqramı çərçivəsində qısa müddətli layihə həyata keçirmişdir. Layihənin əsas məqsədi qaçqın və məcburi köçkünlərin problemlərini dərindən öyrənmək, onların həmin problemlərin həllinə sərəncam verə biləcək şəxslərlə görüşünün təşkil olunmasında vasitəçilik etməkdən ibarət olmuşdur. Layihədə BAMF da yaxından iştirak etmişdir. 2005-ci ildə BAMF-ın Qarabağ Ali Mükafatı təsis olunmuş və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində mükafat qaliblərə təqdim olunmuşdur. AMF-ın Tərtər rayonunda və Füzuli rayonunun Horadiz qəsəbəsində regional ofisləri fəaliyyət göstərir.