"Sonuncu səfərimdən bəri İraqda humanitar durumun necə pisləşdiyini görmək məni sarsıdır. Çoxlu sayda suriyalı qaçqınlardan əlavə, təkcə 2014-cü ildə zorakılıq yolu ilə iki milyon iraqlı didərgin düşüb. Bu günahsız insanların çoxu dəfələrlə öz yurdlarından ayrılmalı olublar, çünki dəyişməkdə olan cəbhə xətti boyunca təhlükəsiz yer axtarırlar".

BMT QAK və tərəfdaşları tərəfindən kütləvi yardım reaksiyası başlansa da, ölkə boyu təxminən 330.000 insan hələ də qeyri-standart sığınacaqlarda yaşayır və evlərindən kənarda keçirəcəkləri ilk qışı burada qarşılayacaqlar.

Bu gün xanım Coli Dohuk şəhərindən avtomobillə 40 dəqiqəlik məsafədə yerləşən Xankedə qeyri-rəsmi məskənlərdə və rəsmi düşərgədə yaşayan iraqlı məcburi köçkünlərə baş çəkib. Ümumilikdə bu yerlərdə avqustun əvvəlində Sincardan və ətraf ərazilərdən qaçmış yezidi azlığına mənsub olan 20.000 insan məskunlaşıb. Coli insanlarla danışaraq onların dəhşətli qaçış əhvalatlarını dinləyib, o cümlədən gecələr hərəkət edərək, gündüzlər isə gizlənərək həbsdən xilas olmağı bacaranlarla söhbət edib. O, həmçinin, qiyamçılar tərəfindən azadlığa buraxılmış və indi Xankedəki qeyri-rəsmi məskənlərdə qalan 196 nəfər yezidi arasında olan ahıl qadınlarla görüşüb.

Qadınlar keçdikləri ağır sınaqlardan – oğurlanmalarından, həbsdə saxlanmalarından, qaçıb xilas olmalarından və azad edilmələrindən danışdılar. Coli ağır məhrumiyyətlər və itkilər barədə əhvalatlara qulaq asdı, o cümlədən oğulları, ərləri və qızları hələ də həbsdə qalan insanları, qızlarının Suriyaya köç etdiyini eşidən digər şəxsləri də dinlədi. Digərləri isə doğmaları ilə bütün əlaqələri itirmişdilər və onların taleyi barədə heç bir xəbərləri yox idi.

"İnsanların oğurlanma, pis rəftar və istismar hallarından salamat qurtulmaları və onların hamısının ehtiyac duyduğu və layiq olduğu təcili yardımı ala bilməmələri haqqındakı bu dəhşətli əhvalatları eşitməyə insan özünü heç cür hazırlaya bilmir", – deyə Coli bildirib. "Ehtiyaclar bu genişmiqyaslı böhran şəraitində mövcud olan resursları dəhşətli dərəcədə üstələyir. Daha çox beynəlxalq yardıma ehtiyac var", – deyə xüsusi elçi əlavə edib.

Maliyyə çatışmazlığı zorakılıqlardan və insan hüquqlarının pozuntularından salamat qurtulanlara yardım proqramlarının miqyasına və növünə, eləcə də sığınacaq təminatına və digər yardımlara təsir göstərib. Hökumət tərəfindən çoxlu yardım təmin edilsə də, təhlükəsizliklə bağlı çətinliklərlə yanaşı həm də maliyyə çatışmazlığı son altı ayda BMT QAK-ın və tərəfdaşlarının yardım əməliyyatlarına (o cümlədən inşa edilmiş və ya edilməkdə olan 34 yeni düşərgəyə yardıma) əngəl törədib.

Bu gün səhər xanım Coli genişlənən Domiz düşərgəsinə növbəti dəfə baş çəkib. O, hazırda İraqda suriyalı qaçqınların ən iri düşərgəsi olan Domizə sonuncu dəfə 16 sentyabr 2012-ci ildə baş çəkmişdi, o vaxt orada təxminən 8.500 nəfər məskunlaşmışdı.

Suriyadakı münaqişə özünün beşinci ilinə yaxınlaşdığına görə xanım Coli deyib ki: "İraqda və bütövlükdə regionda qarşıya çıxan bir çox problemlərin kökü Suriyadakı müharibədir. Beynəlxalq birliyin liderləri tərəfindən Suriyadakı zorakılıqlar silsiləsinə son qoyulmasına və ədalətli və dayanıqlı sülh sazişinə aparan yolun tapılmasına təcili ehtiyac var".

Xanım Coli beşinci dəfədir ki, İraqa səfər edir və altıncı dəfədir ki, regiondakı suriyalı qaçqınlara baş çəkir.

3,8 milyondan artıq suriyalı qaçqın qonşu ölkələrə – Türkiyə, Livan, İordaniya, İraq və Misirə qaçıb. Digər 7,6 milyon suriyalı isə ölkə daxilində köçkünə çevrilib.

Ölkədə təxminən 3,1 milyon iraqlı məcburi köçkün var, onlardan bir milyonu 2003-cü ildən 2013-cü ilədək, 2,1 milyonu isə 2014-cü ildə didərgin düşənlərdir.

BAMF-ın Informasiya Departamenti