R

Beynəxalq Avrasiya Fondunun (BAMF) prezidenti Umud Mirzəyev öz tarixlərini tərənnüm etmək və yaymaqla dünyanı yaxşıya doğru dəyişmək üçün səyahət edən polşalı və italiyalı cütlüklə görüşüb. Onların səyahəti barter əsasında həyata keçirilir: onlar sizin tarixinizi dünyaya danışır və gecələmək, qidalanma qarşılığında öz bilik və bacarıqlarını (məsələn ingilis dili tədrisi və ya motivasiya xarakterli treninqlər) təklif edirlər. “Dünyanı necə dəyişmək olar?” – bu onların mübadilə ideyasına əsaslanan layihə çərçivəsində cavab vermək istədikləri sualdır.

BAMF prezidenti bildirib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. Daha sonra U. Mirzəyev rəhbərlik etdiyi təşkilatın dörd əsas sahədə Media və Vətəndaş Cəmiyyətinin İnkişafı; İcma inkişafı; Qaçqın və Məcburi Köçkünlərlə bağlı məsələlər; Sülhyaratma və Münaqişələrin həllində göstərdiyi fəaliyyətlə bağlı məlumat verib.

Həmçinin, U. Mirzəyev BAMF tərəfindən yaradılan və beş dildə (azərbaycan, ingilis, rus, türk və ərəb) məlumat dərc etdirən Eurasia Diary Beynəlxalq Analitik İnformasiya Portalı haqda məlumat verib. Eurasia Diary təhlil və müzakirə platforması yaratmaqla müxtəlif qlobal və regional məsələlər üzrə fikir mübadiləsi üçün zəmin hazırlayır.

Anna Ksiazek və Andrea Puççi  BAMF prezidentinə maraqlı həmsöhbət olduğu üçün təşəkkür ediblər. Onlar Azərbaycanda məcburi köçkünlərlə bağlı vəziyyət, eləcə də, Ermənistanın təcavüzkar siyasəti barədə məlumatın dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmalı olduğu fikriylə razılaşıblar. Tərəflər gələcəkdə də əlaqə saxlamaq barədə razılığa gəliblər.

Anna Ksyazek sosial fəalların hekayələrini öyrənmək üçün Andrea Puççi ilə bütün dünyanı gəzən və bununla da dünya üçün faydalı iş görən polşalı qızdır. Cütlük həyat yolunu seçməkdə insanları ruhlandırmaq üçün bu hekayələri daha geniş ictimaiyyətə yayırlar.

Hazırda Anna və Andrea Azərbaycanda da özləri kimi fəalların axtarışındadırlar. Onlar çalışdıqları sahədə gənclərlə öz təcrübələrini bölüşmək və onlara ictimaiyyətə istənilən sahədə fayda verməyin mümkün olduğunu göstərmək üçün seminar və treninqlər keçirirlər. Həmçinin cütlük bütün dünyada baş verən yeniliklərlə və səyahətlərlə maraqlananlar üçün təqdimatlar da keçirirlər.

Onlarla bağlı əlavə məlumatı bu keçidə daxil olaraq əldə edə bilərsiniz:

http://www.exchangebabel.com/index.php?route=common/home