R
Bakıda səfərdə olan Türkiyə Məclis TV-nin yaradıcısı, Avropa Qəzetəçilər Dərnəyinin başqanı Adnan Fişenk Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşüb. 
 
U.Mirzəyev təşkilatın yaranma tarixi, müxtəlif sahələri əhatə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə qonağa məlumat verib. O, deyib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. BAMF sədri bildirib ki, rəhbərlik etdiyi təşkilat BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
 
BAMF-ın təşəbbüsü ilə yaradılmış 5 dildə fəaliyyət göstərən "Eurasia Diary" portalı barədə danışan U.Mirzəyev qeyd edib ki, saytda müxtəlif ölkələri təmsil edən ekspertlərin, müəlliflərin məqalələri mütəmadi olaraq dərc edilir.
 
Adnan Fişenk BAMF-ın və Eurasia Diary-nin fəaliyyətini yüksək qiymətləndirib. 
 
Avropa Qəzetəçilər Dərnəyinin fəaliyyəti, gələcək planları haqda BAMF prezidentinə məlumat verib. O, qeyd edib ki, 1999–cu ildə Türkiyədə yaradılmış Avropa Qəzetəçilər Dərnəyinin hazırda dünyanın 10-dan çox ölkəsində, o cümlədən Avstrya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Yunanıstan, Rusiya, Bosniya və Hersoqovina, Keniya, Cənubi Koreya, Orta Şərq və Səudiyyə Ərəbistanı və Azərbaycanda nümayəndəlikləri vardır.
 
Dərnəyin əsas fəaliyyəti Türkiyə və region ölkələri arasında hərtərəfli əməkdaşlığa dəstək vermək, o cümlədən, təhsil, elm və mədəniyyət sahələrində baş verən yenilikləri işıqlandırmaq, televiziya, media, informasiya sahəsində əməkdaşlıq çərçivəsində tədbirlər keçirmək, mükafatlandırma mərasimlərini təşkil etməkdir.
 
Tərəflər Azərbaycan və Türkiyə jurnalistlərinin əməkdaşlığının daha da genişləndirilməsi üçün birgə tədbirlərin keçirilinməsinin, qarşılıqlı səfərlərin təşkilinin və informasiya mübadiləsinin vacibliyini vurğulayıblar.