R
Özbək yazar və jurnalistlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir. Onların səfəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə baş tutur. Nümayəndə heyəti ilk olaraq BAMF-ın ofisində olublar. Burada fondun prezidenti Umud Mirzəyevlə görüşən nümayəndə heyəti ofislə tanış olublar. Təşkilatın fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən cənab Mirzəyev ümid etdiyini  bildirib ki, nümayəndə heyəyinin səfəri yüksək səviyyədə baş tutacaq və onlar Azərbaycan barəsində həqiqətləri öz gözləri ilə görmüş olacaqlar.
 
Qeyd edək ki, səfərdə məqsəd ilk olaraq Özbəkistan mediası vasitəsilə bu ölkənin ictimaiyyətini Azərbaycan və  onun regionları haqqında, ölkəmizin ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə daha geniş məlumatlandırmaq, habelə Özbəkistan və Azərbaycan mətbuatı arasında birbaşa əlaqələrin yaradılması, ikitərəfli əlaqələrin inkişafına dəstək olmaqdır.
 
Nümayəndə heyətinin tərkibinə Özbəkistanın tanınmış yazarı-jurnalisti, aparıcı “Dərəxçi” xəbər saytının baş redaktoru Rüstəm Cabbarov, “Uzbekistantoday” (ut.uz) İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Dilbar Babacanova, ən çox oxunan “kun.uz” xəbər saytının jurnalisti Lola Raxmanbayeva, Özbəkistanın aparıcı “1news.uz” xəbər saytının baş redaktoru Şuxratjon Oripov, “kultura.uz” saytının baş redaktoru Boris Babayev, Özbəkistan Dövlət Televiziyasının jurnalisti
 
Elmira Tukhtavatulina, Özbəkistanın “102 FM” radiosunun jurnalisti, xəbər saytların muxbiri Rimma Sabircanova, Özbəkistanın “Ailəvi kanalı”nın jurnalisti Gulya Safayeva, o cümlədən, tarixçi – alim Şuxrat Salamov, Özbək şairə, yazıçı Şəhla Qasımova və  Özbəkistanın çoxsaylı aparıcı xəbər saytlarının şərhçisi Abduvali Soibnazarov  daxildir.
 
Nümayəndə heyəti bu gün Mətbuat Şurasında görüş keçirib, sabah isə cəbhəyani rayonları ziyarət etməyi planlaşdırır. Onların Azərbaycanın aparıcı media orqanlarında görüş keçirməsi də nəzərdə tutulur.