R

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams və layihə meneceri Ramilə Aslanova  Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycan hökuməti ilə əməkdaşlığı çərçivəsində bölgələr arasındakı fərqlilikləri azaltmaqla iqtisadiyyatın diversifikasiyası, daha tarazlı və hərtərəfli inkişafı təşviq etməkdə Azərbaycan Hökumətinin göstərdiyi səyləri dəstəkləməyi nəzərdə tutan  Regionların və Kənd Yerlərinin İnkişafına yardım proqramı üzrə Tərtər və Bərdə rayonlarının iqtisadi inkişafının gələcək perspektivləri ilə tanış olmaq məqsədi ilə 22-23 avqust tarixlərində bu rayonlara səfər ediblər. Proqram çərçivəsində qonaqları qəbul edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov cəbhə xəttinə yaxın Tərtər rayonunda görülən sosial-iqtisadi fəaliyyətlərə dair onlara geniş məlumat verib. İcra başçısı BAMF-ın Tərtər rayonunda gördüyü sosial-humanitar işləri də yüksək qiymətləndirib. Müstəqim Məmmədov ölkə rəhbərinin son sərəncamından sonra Tərtərdə pambıqçılığın, baramaçılığın, meyvə tərəvəz istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib. Bütün bunlara baxmayaraq O, may ayından başlayaraq noyabrın əvvəllərinə kimi işğal altındakı Sərsəng su anbarından Tərtər rayonu istiqamətində axan Tərtər çayının qarşısının bağlanması səbəbindən bölgədə əkin sahələrinin suvarılmasında problemlərin yaranması, çaylarla partladıcı maddələrin axıdılması, çayın su ehtiyatlarından yalnız 30 faiz istifadə edilməsinə dair məlumat verib. Qonaq bütün bunların yolverilməz olduğunu, Tərtər rayonunda yaradılmış su rezervuarının, kəndlərdə qazılmış artezan quyularının imkanlarından düzgün istifadə olunmasının vacibliyini ifadə edib. Tərtər rayonunda BAMF-ın Peşə Təlim Mərkəzində, BAMF-ın sosial-humanitar sahədəki fəaliyyətindən, təsərrüfat sahələrində görülən işlərdən məmnun qaldığını bildirən J.Vilyams Avropa Birliyinin müharibədən zərərçəkmiş ərazilərdə sosial-iqtisadi infrastukturun inkişafı üçün hökumətin vətəndaş cəmiyyəti ilə birgə gördüyü işləri yüksək dəyərləndirib və təmsil etdikləri qurumun bu bölgələrdə proqramların dəstəklənməsinə hazır olduğunu bildiriblər. Daha sonra qonaqlar rayonun işğal altındakı ərazilərlə həmsərhəd Şıxarx, Həsənqaya və Qapanlı  kəndlərinə baş çəkərək, müharibənin törətdiyi dağıntılarla, məhv olmuş  infrastrukturla, eləcə də ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə 1978-ci ildə tikilmiş abidənin ətrafında aparılan  restavrasiya işləri ilə tanış olublar. Səfər zamanı onları müşayət edən BAMF sədri Umud Mirzəyev Azərbaycanın bu bölgələrdə sosial –iqtisadi infrastrukturun bərpası üçün görülən işlərdən, BAMF-ın müharibədənzərərçəkmiş ərazilərdə həyata keçirdiyi proqramlardan danışıb. Avropa Birliyi nümayəndələri təmas xəttinə yaxın ərazilərdə aparılan minatəmizləmə işlərindən, məcburi köçkünlər üçün tikilən yeni yaşayış massivi ilə tanış olub və bütün bunların sülhün, sabitliyin bərpası üçün vacib işlər olduğunu ifadə ediblər. Daha sonra qonaqlar Avropa Birliyinin dəstəyi ilə vaxtı ilə Tərtər rayonunun İrəvanlı kəndində yaradılmış çiyələk plantasiyaları ilə tanış olub, bu istiqamətdə əməkdaşlıq imkanlarının gücləndirilməsi müzakirə olunub. 23 avqust tarixində Avropa Birliyinin Azərbaycandakı təmsilçiləri BAMF sədri Umud Mirzəyevin müşayəti ilə Bərdə rayonuna səfər edib, rayon icra hakimiyətinin başçısı Vidadi İsayevlə müzakirələrə qatılıblar. V. İsayev 500 il Azərbaycanın paytaxtı olmuş qədim tarixə malik Bərdə rayonunda kənd təsərrüfatı imkanlarından və sosial-iqtisadi sahədə hökumətin gördüyü işlərdən və prioritetlərdən söz açıb. O, Bərdənin bölgədə məcburi köçkünlərin ən çox məskunlaşdığı rayon olduğunu ifadə edib və bu baxımdan onların sosial-iqtisadi imkanlarının gücləndirilməsi üçün Azərbaycan hökumətinin və Avropa Birliyinin vətəndaş cəmiyyəti qurumları ilə birgə sosial-iqtisadi sahədə əməkdaşlığını yüksək qiymətləndirib, regionda sosial-iqtisadi və humanitar sahədə birgə proqramların əhəmiyyətinə toxunub. BAMF sədri U.Mirzəyev dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsində V. İsayevin gördüyü işləri, təşəbbüslərin qiymətləndirilməsini yüksək dəyərləndirib. O, Bərdə rayonunda son zamanlar həyata keçirilən geniş infrastruktur layihələrinin əhəmiyyətini vurğulayıb. Daha sonra Avropa Birliyi mütəxəssisi Aran bölgəsində sahibkarlığın və koorporativlərin inkişafı istiqamətində Avropa Birliyinin pilot layihəsinə dair məlumat verib.  Sonra qonaqlar Bərdə rayonunda qurulmuş Aqro Parkın və bir sıra təsərrüfat sahələrinin və istixanaların  fəaliyyəti ilə yaxından tanış olublar. Tarixi Nüşabə qalasını və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələri ziyarət edən qonaqlar bölgədə turizmin inkişafı üçün geniş imkanların olduğunu bildiriblər. Qonaqlar kənd turizminin inkişafı, eləcə də məcburi köçkün qəsəbələrində məşğulluğun artırılması üçün əməkdaşlığın vacib olması faktını da önə çəkiblər. Ümumilikdə bu səfəri səmərəli qiymətləndirən  Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri bu tip səfərlərin birgə layihələrin formalaşmasına və yaxşı nəticələr verməsinə müsbət təsir göstərdiyini bəyan ediblər.