R
Həyatımda bir görüşün yaxud bir səfərin dünyagörüşümüzü və bir fərd olaraq bizi necə dəyişə biləcəyi barədə çox əhvalatlar eşitmişəm. Dünən mən bu hissi şəxsən özüm keçirdim. Tərtər rayonuna Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev və ADA Universitetinin tələbəsi vyetnamlı əziz dostum Lin Tonqla səfərim mənim üçün çox təsirli oldu. Səfər zamanı biz cəbhə xəttinə yaxın yerləşən Həsənqaya və Şıxarxda olduq. Mən dağılmış evləri və zavodları gördüm. Həmçinin, burda ermənilərin barbar hərəkətləri nəticəsində 1988-ci ildə dağıdılmış “Marağa – 150” abidəsini də gördüm. Qeyd edim ki, abidə 1978-ci ildə ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsinin 150 illiyi münasibəti ilə ermənilər tərəfindən qoyulub. 
 
 
Bu yerlərdə yaşayan insanlarla görüş mənim ürəyimi parçaladı. Qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan bu insanlar burada Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticəsində məskunlaşıblar. Orada qarşımıza çıxan bir qadın keçən ilin yazında öz qızını itiribmiş. Ermənilərin atdığı raketlərdən biri onun evinə düşüb. Onun  yanında valideynlərini itirən Şəfəq adlı yetim qız vardı. Onlar erməni işğalından sonra öz doğma yurd-yuvalarını tərk edib Tərtərin Həsənqaya kəndində məskunlaşmağa məcbur olduqları barədə ürək ağrısı ilə danışırdılar. Bu zaman bizə Peyman adlı balaca bir oğlan yaxınlaşdı. O uşağa xas maraqla bizə baxdı və gülümsədi. Belə görünürdü ki, o bizi gördüyünə məmnun idi və heç nəyə baxmayaraq yaşamağa davam edirdi.  
 
 
Bu bizə təsir elədi və hətta dostum Lin ağlamağa başladı. Uşağın üşüdüyünü görüb öz şlyapasını çıxardı və ona hədiyyə etdi. Bu jest bizim hamımıza təsir etdi. Mən ilk dəfə idi ki, təmas xəttinin və hər gecə qorxu hissi ilə yuxuya gedən və ayılan insanlara bu qədər yaxın idim. Müharibənin bütün dəhşəti gözlərimin önündə canlandı.
 
 
Milliyətcə rus olsam da, Azərbaycanda doğulmuş və boya-başa çatmışam. Azərbaycan xalqının faciəsi mənim də faciəmdir. Bu insanların ağrı və əzablarını gördükcə ürəyim qan ağlayırdı. Onların hər biri mənim gözümdə qəhrəman idi.
 
Amma bir şey məni xoşbəxt edirdi. Mən bu insanların gözündə ümid gördüm. Onlar yaşayırlar, gülürlər və öz xoşbəxt gələcəklərinə inanırlar. Biz hətta tikilməkdə olan böyük infrastruktur layihələrinin də şahidi olduq.
 
Prezident İlham Əliyevin sərəncamına əsasən dağılmış yerlərdə yeni evlər tikiləcək və bu insanlara paylanacaq.
 
Mən Ümid Mirzəyevə öz minnətdarlığımı bildirirəm ki, məni ora apardı və müharibənin reallığını mənə göstərdi. Düşünürəm ki, bu emosiyalar bütüm ömrüm boyu mənimlə qalacaq. Və dostum Linin jesti məni çox ruhlandırdı. Biz mütləq ora Novruz bayramı ərəfəsində yenə gedib onları yenidən sevindirəcəyəyik. Ürəkdən etdiyiniz hətta ən kiçik bir kömək belə böyük iş sayılır!