Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılmaş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır və 1992-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınmışdır. BAMF BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

5 əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Media və vətəndaş cəmiyyətinin inkişafı;
  • İcma inkişafı;
  • Qaçqınların/məcburi köçkünlərin problemləri;
  • Sülhməramlı aksiyalar və münaqişələrin həlli;
  • Təhsil.

BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Beynəlxalq Sülh Bürosunun (BSB) üzvüdür. BAMF Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradıcılarındandır.

Beynəlxalq təşkilatlara üzvlüyü BAMF-ın fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı həm də fonda müvafiq səlahiyyətlər qazandırır. ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.

Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun üzvü kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır.

ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi ilə özəl tərəfdaşlıq BAMF-ın böhranın idarə olunması, sülhməramlı aksiyalar və konfliktologiya sahəsindəki fəaliyyətində yeni mərhələ açmışdır. Təşkilat bu tərəfdaşlıq çərçivəsində öz nəşrlərində, media qurumları ilə əməkdaşlıq əlaqələrində və keçirdiyi ictimai tədbirlərdə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsilə tərəfdaşlığını vurğulaya, bu idarə ilə birgə müəlliflik əsasında məqalələr və nəşrlər hazırlaya bilər. Həmçinin BAMF idarənin ədəbiyyatlarından, sənədlərindən, CD və DVD-lərindən sərbəst istifadə etmək, bütün poçt rekvizitlərinin, press-relizlərin, elanların və ümumi maraq dairəsinə dair ümumi məlumatların göndərilməsi üçün məlumat bazasına daxil olmaq hüququna malikdir.

ECRE-yə üzvlük isə BAMF-a qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində Avropa təcrübəsindən bəhrələnmək, bu beynəlxalq qurumun iclaslarının iştirakçısı olmaq və digər üstünlüklərdən istifadə etmək imkanı qazandırmışdır.

BAMF fəaliyyət istiqamətlərindən biri olan media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində indiyədək xeyli uğurlu işlər görmüşdür. Vətəndaş cəmiyyətinin formalaşmasında və hüquqi dövlət quruculuğunda mətbuatın rolunu xüsusi qiymətləndirən Fond bu sahəni daim diqqət mərkəzində saxlayır. Azərbaycan jurnalistikasını siyasətin əlindən xilas etmək, kütləvi informasiya vasitələrinin ətrafda cərəyan edən hadisələrə ədalətli və tərəfsiz münasibətinə nail olmaq, Qarabağ probleminin həllində media mənsublarının bir araya gəlməsini və beynəlxalq jurnalistikanın dəstəyini təmin etmək təşkilatın əsas vəzifələrindən biridir. Bu məqsədlə BAMF-ın mərkəzi ofisində saysız-hesabsız konfranslar, dəyirmi masalar və görüşlər keçirilmişdir.
BAMF Qarabağ problemini, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin dəhşətlərini, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri məşəqqətləri əks etdirən xeyli kitablar, broşura və bukletlər çap etmiş, sənədli filmlərin, videomaterialların hazırlanmasında yaxından iştirak etmişdir. Azərbaycan haqqında obyektiv informasiyaların toplanıb dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə BAMF on ildən artıq bir müddət ərzində dünyanın ayrı-ayrı ölkələrrindən jurnalistlərin, ziyalıların, xalq diplomatlarının münaqişə bölgələrinə ardıcıl səfərini təşkil etmişdir.
Sərhədsiz Jurnalistlər Təşkilatının nəşri olan «Jurnalistlər üçün praktik vəsait» adlı kitab, Beynəlxalq Mətbuat İnstitutunun nəşri olan «Jurnalistlər təhlükəli tapşırıqlarda» kitabı tərcümə edilib çap olunmuş, həmçinin «Mərkəzi və Şərqi Avropa ölkələrinin jurnalistləri üçün məlumat kitabı» rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, bu kitabın materialları əsasında Azərbaycan dilində «Jurnalist olmaq istəyirsənsə…» adlı metodiki vəsait çap edilmişdir. Bütün bu nəşrlər Azərbaycanda media qurumları, kütləvi informasiya vasitələri arasında, ali təhsil ocaqlarının jurnalistika fakültələrində yayılmışdır. Bundan əlavə, BAMF 2002-ci ilin dekabr ayında NATO ilə birgə Bakıda keçirdiyi «Qafqaz və regional təhlükəsizlik» mövzusunda konfransın materialları əsasında ingilis və rus dillərində «NATO və Qafqazda regional təhlükəsizlik» adlı kitab çap etdirmişdir. «Şəhidlər Xiyabanı» adlı ensiklopedik məlumat kitabının əsas materiallarının toplanması başa çatdırılmışdır. 2005-ci ildən BAMF «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatının krildən latın qrafikasına keçirilməsi layihəsinə qoşulmuş və özünün “Avrasiya Press” nəşriyyatında indiyədək xeyli kitabın nəşrinə nail olmuşdur.

BAMF böhranın idarə olunmsı, sülhməramlı aksiyalar, konfliktologiya və insan haqlarının müdafiəsi sahəsində də səmərəli iş aparır. Fəaliyyətə başladığı ilk dövrlərdən regionda milli və hərbi zəmində baş verən münaqişələrin öyrənilməsi və aradan qaldırılması yollarının araşdırılması fondun əsas vəzifələrindən biri olmuşdur.
BAMF öz fəaliyyətinin bu istiqaməti ilə bağlı indiyədək xeyli layihələr həyata keçirmişdir. «Evdə sülh, ölkədə sülh, cahanda sülh» (1992), «Ərazilərin minalardan təmizlənməsi üzrə birinci səviyyəli tədqiqat» (2000-2001), «Minaların təsirinin tədqiqatı» (2002-2003), «NATO və regional təhlükəsizlik» (2002), «İcma Mina Aksiyası» (2002-ci ildən indiyədək davam edir), «Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi» (2004), «Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» (2006-2007) layihələrini və digər layihələri yerinə yetirmiş, onlarla beynəlxalq konfransların, seminarların, dəyirmi masaların iştirakçısı və təşkilatçısı olmuşdur. BAMF-ın təsisçiliyi ilə 2007-ilin mart ayında Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) təsis olunmuş və iyul ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Oldunması İdarəsinin maliyyə dəstəyi ilə 2007-ci ilin iyul ayından 2008-ci ilin iyul ayınadək «AMZA-nın Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi» və «AMZA-nın Akstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istğiqamətləndirilməsi» layihələri həyata keçirilmişdir.

Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, miqrasiya məsələlərinin öyrənilməsi sahəsində də Beynəlxalq Avrasiya Mətbuat Fondu uğurlu işlər görür, layihələr həyata keçirir. Fəaliyyətə başladığı ilk dövrlərdən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli məsələsini prioritet vəzifələrdən biri hesab edən BAMF 1997-ci ilin dekabr ayında Sankt-Peterburq şəhərində Rusiya Coğrafiya Cəmiyyəti, Rusiya Yazıçılar İttifaqının Sankt-Peterburq şöbəsi, Sankt-Peterburq Dövlət Mədəniyyət Akademiyası, Azərbaycan-Sankt-Peterburq Mədəniyyət Mərkəzi ilə birgə «Milli məsələ və qaçqınlar problemi» adlı beynəlxalq konfrans keçirmişdir. Konfransda 30-dan çox ölkənin 100-dən artıq nümayəndəsi işğtirak etmişdir. Konfransın qəbul etdiyi qətnamə BMT və dünya ictimaiyyətinə ünvanrlanmış, əsas diqqət Azərbaycanın problemlərinə yönəldilmişdir. Konfrans zamanı müharibənin Azərbaycana vurduğu ziyanlar sərgilərdə nümayiş etdirilmişdir. BAMF Danimarka Qaçqınlar Şurasının maliyyə dəstəyi ilə 2001- 2003-cü illərdə «Qafqaz regionu qeyri-hökumət təşkilatları üzrə çoxfunksiyalı infoterminal» layihəsini həyata keçirmişdir. 2002-ci ildə isə BAMF Gürcüstan Müstəqil Jurnalistlər Assosiasiyası ilə birlikdə «Qaçqın və məcburi köçkünlərin maraqlarının lobbiləşdirilməsi» layihəsinin icrasında iştirak etmişdir.


BAMF-ın nəzdində fəaliyyət göstərən İcma Mina Aksiyası komandasının tərkibinin təxminən 40 faizini qaçqınlar və məcburi köçkünlər təşkil edir.
Dünya Bankının vı Yaponiyanın Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə 2009-cu uldən icrasına başlanan “Ortaq məktəblərdə yerli/məcburi köçkün şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi və stimullaşdırılması” layihəsi 2011-ci ildə başa çatacaqdır.
Bəzi sosial ayırmalardan və əlavə vergilərdən azad olunması üçün Dövlət Reyestrinə salınan BAMF Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası tərəfindən qaçqınlara və məcburi köçkünlərə humanitar yardımların paylanması prosesinə cəlb edilmişdir.

Azərbaycanda humanitar yardımdan inkişafa doğru keçildiyi bir dövrdə BAMF icma problemlərinin həllini, ev-eşiklərindən didərgin düşmüş soydaşlar arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə layihələr həyata keçirilməsini ön plana salmışdır. Bunun üçün təşkilatın 2007-ci ildə təsis etdiyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Bank Olmayan Kredit Təşkilatı «Avrasiya-Kredit» Məhdud Məsuliyyətli Cəmiyyət elə həmin ildən fəaliyyətə başlamışdır və indiyədək kiçik sahibkarlıqla məşğul olmaq üçün 1200 nəfərdən çox aztəminatlı ailəyə kredit vermişdir.
ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə 2009-cu ilin iyul ayından həyata keçirilən “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkmiş insanlar üçün peşə təlimi mərkəzinin (PTM) yaradılması” layihəsi icmanın təşəbbüslərinin səfərbər olunmasında müstəsna əhəmiyyətə malikdir. Mina qurbanları, onların ailə üzvləri, təqaüdçü minaaxtaranlar, qaçqınlar, məcburi köçkünlər və aztəminatlı ailələr üçün peşə təlimi həyata keçirmək regionda bu təbəqədən olan insanlar arasında işsizliyin səviyyəsinin aşağı salınmasına imkan yaradacaq. Layihə 2010-cu ilin dekabr ayınadək davam edəcək.
BAMF 2007-ci ilin iyul ayında Minilliyin İnkişafı Proqramı çərçivəsində BMT-nin Genevrə ofisində «İnkişaf üçün qlobal tərəfdaşlıq yolu ilə yoxsulluğun və aclığın aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi» adlı İllik Yenilikçi sərgidə iştirak etmişdir. Sərgidə BMT-nin Baş Katibi, ECOSOC-un prezidenti, UNESCO-nun Baş katibi, ECOSOC-un QHT bölməsinin rəhbəri və digər yüksək çinli şəxslər iştirak etmişlər. Tədbirdə dünyanın ayrı-ayrı ölkələrindən 30-a yaxın QHT iştirak etmişdir. BAMF sərgidə ABŞ Dövlət Departamenti Hərbi-Syasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə həyata keçirdiyi «Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin Assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsi çərçivəsində əldə olunmuş nailiyyətləri özündə əks etdirən «Uğurlu hekayət»lə iştirak etmişdir.

BMT-nin Baş Katibi Ban Ki-mun BAMF-ın Yenilikçi sərgidə iştirakını yüksək qiymətləndirmiş, öz fikirlərini təşkilatın rəy kitabında belə ifadə etmişdir: «Mən sizin bəşəriyyətə etdiyiniz təmənnasız xidməti dəstəkləyirəm».

Bu gün baş ofisi Bakı şəhərində yerləşən BAMF özünün beynəlxalq təcrübəsinə, ciddi və nüfuzlu tərəfdaşlarına, səriştəli kadr potensialına, maddi-texniki bazasına görə regionda tanınmış qeyri-hökumət təşkilatlarından birinə çevrilib və onun Rusiyada, Baltikyanı respublikalarda şöbələri, dünyanın bir sıra ölkələrində təmsilçiləri vardır. BAMF-ın Tərtər, Füzuli və Ağstafa rayonlarında regional ofisləri fəaliyyət göstərir. Bu ofislər vasitəsilə təşkilat regiondakı məqsəd və vəzifələrini koordinasiya edir.