R

Muddəti:
(01 avqust -01 oktyabr 2011-ci il)

İcra edən təşkilatlar:
Azərbaycan Mətbuat Şurası
UNESCO-nun “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsi
Beynəlxalq Avrasiya Mətbuat Fondu
Layihənin koordinatoru

A. Layihənin icrasına hazırlıq

UNESCO-nun Moskva Ofisi ilə Azərbaycan Mətbuat Şurası arasında imzalanmış müqaviləyə əsasən və Kommunkasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində 01 avqust 2011-ci ildən “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması” layihəsinin icrasına başlanmışdır. Bu layihə Azərbaycan Mətbuat Şurası və UNESCO-nun “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsinin UNESCO-nun Moskva Ofisi ilə müqavilə əsasında 2010-cu ilin sentyabr ayından 2011-ci ilin aprel ayınadək həyata keçirdiyi “Iqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdrılması (gücləndirilməsi) məqsədilə yayım jurnalistləri üçün təlim” layihəsinin davamlılığı kimi dəyərləndirilə bilər. Bu layihədə qarşıda duran əsas məqsəd Azərbaycanda nəşr olunmuş “İqlim dəyişmələri və ekoloji stabillik” adlı kitabçaya və milli təhsil strategiyasının uyğun istiqamətlərinə yeni yanaşma əsasında təlim proqramı hazırlamaqdan və ekoloji mövzuda yazan jurnalistlər, jurnalistika fakültələrində təhsil alan gənclər və müvafiq vətəndaş cəmiyyətlərinin üzvləri arasında təlimləri həmin proqram əsasında aparmaqdan ibarətdir.
İlkin mərhələdə layihənin icrasına hazırlıq işləri görülmüşdür. Əvvəlcə layihənin təhsil, jurnalistika və ekologiya sahələrini əhatə edən ekspertlərdən ibarət işçi heyəti formalaşdırılmışdır. Seçilmiş ekspertlərlə birlikdə layihənin icra mexanizmi və metodologiyası hazırlanmış, sonra layihənin əhatə dairəsi-hədəf benefisiarlar müəyyənləşdirilmişdir.
Avqust ayının əvvəlindən başlayaraq www.mediaklimate.org saytında layihə haqqında, onun icrasının gedişi barədə məlumatlar yerləşdirilmiş, çap və elektron KİV vasitəsilə Azərbaycan ictimaiyyəti məlumatlandırılmışdır.
Layihənin işçi heyəti təlim materiallarının toplanması və Təlim Proqramının hazırlanmasının prosedur qaydalarını müəyyənləşdirmişlər.

B. Əsas fəaliyyətlər

1. Təlim materiallarının toplanması və ilkin müzakirəsi
Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının və elmi jurnalistikaya marağının artırılması üçün təkmilləşdirilmiş təlim proqramının hazırlanması məqsədilə ekspertlər tərəfindən “İqlim dəyişmələri və ekoloji stabillik” adlı kitabçaya istinad olunaraq materialların toplanmasına başlanmışdır. Materiallar toplanarkən müstəqil və plüralist informasiya vasitələrinin və kommunikasiyanın gücləndirilməsi, elmi jurnalistikaya dəstək və iqlim dəyişikliklərinin işıqlandırılması meyarları əsas götürülmüşdür.
Materiallar toplandıqdan sonra ekspertlər tərəfindən bir neçə dəfə müzakirə olunmuş, sonra təlim proqramının qaralama variantı (draft) tərtib olunmuş, hazırlanmış konsepsiyanın ingilis dilində qısa xülasəsi və təlim proqramının draftı UNESCO-nun Moskva Ofisinə göndərilmişdir.


2. Təlim Proqramının geniş müzakirəsinə həsr olunmuş dəyirmi masanın keçirilməsi

Ekspertlər, jurnalistlər və universitetlərin jurnalistika fakültələrinin tələbələrinin iştirakı ilə Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə hazırlanmış təlim proqramının qaralama variantının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada 50 nəfər media təmsilçisi iştirak etmişdir. Onlardan 15 nəfəri regiondan dəvət olunan jurnalistlər olmuşdur. Ekspertlərin fikirləri dinlənildikdən sonra KİV-lərin və universitetlərin jurnalistika fakültələrində təhsil alan tələbələrin iştirakı ilə təlim proqramının, ona yanaşma metodlarının ayrı-ayrı müddəaları haqqında fikir mübadiləsi aparılmışdır.

İştirakçılar gələçəkdə keçiriləcək təlimlər zamanı media peşəkarları üçün hazırlanmış möcud proqramdan, Azərbaycanda nəşr olunmuş “İqlim dəyişmələri və ekoloji stabillik” adlı kitabçada öz əksini tapan mövzulardan hərtərəfli faydalanmağın, yeni yanaşmalara, uyğun mənbələrə diqqət yetirməyin, ölkədə media treninqlərinin xüsusiyyətlərini və milli təhsil strategiyasının müvafiq müddəalarını özündə əks etdirən tədris modullarndan istifadə etməyin zəruriliyini qeyd edilmişlər.

Dəyirmi masa iştirakçıları Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılmasında mühüm rol oynayacaq təlim proqramının yekun variantının tərtib olunması qərarına gəlmişlər və iş ekspertlərə həvalə olunmuşdur.
Təlim proqramının yekun variantı müzakirələr zamanı irəli sürülən fikirlər nəzərə alınmaqla ekspertlər tərəfindən tərtib olunmuş və ingilis dilində UNESCO-nun Moskva Ofisinə təqdim edilmişdir.

3. Vebsaytın idarə olunması

UNESCO-nun Moskva Ofisi ilə imzalanmış müqavilə əsasında Azərbaycan Mətbuat Şurasının 2010-cu ilin sentyabr ayından 2011-ci ilin aprel ayınadək həyata keçirdiyi “Iqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdrılması (gücləndirilməsi) məqsədilə yayım jurnalistləri üçün təlim” layihəsinin uğurlu nəticələrindən biri də www.mediaclimate.org vebsaytın hazırlanması və fəaliyyətə başlaması idi.
“Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması” layihəsinin icrası prosesində vebsaytın da üzərinə mühüm vəzifələr düşmüşdür və bu vəzifələr vaxtlı-vaxtında yerinə yetirilmişdir. Saytda qlobal iqlim dəyişmələrinin səbəbləri və nəticələri izah olunur, problemlə əlaqəli proqnozlor verilir. Digər bölmələrdə jurnalistlərə iqlim dəyişmələrindən yazmaq üçün məsləhətlər, ölkədə və xaricdə həyata keçirilən layihələr, təşkil olunan konfrans və təlimlər barədə məlumatlar yerləşdirilir. Bunlardan əlavə, saytda layihənin rəhbər və icraçı təşkilatları haqqında, Təlim Proqramının hazırlanması üçün materialların toplanması, keçirilən müzakirələr və ekspertlərin fəaliyyəti barədə materiallar, media və iqlim məsələləri, ətraf mühitin mühafizəsi ilə məşğul olan aparıcı yerli və beynəlxalq qurumlarla əlaqədar informasiyalar əksini tapmışdır. Həmçinin saytda Azərbaycanın media və iqlim dəyişmələri sahələrində qanunvericilik sənədləri və jurnalistlər üçün yardımçı vəsait kimi nəzərdə tutulan “İqlim dəyişmələri və ekoloji stabillik” adlı kitabça yer almışdır.

www.mediaclimate.org saytında jurnalistlər üçün bələdçi materiallar, əməkdaşlıq etmək üçün xarici nəşrlər, ekologiya və KİV-lərə aid qanunvericilik sənədləri də yerləşdirilmişdir. Saytın bir məqsədi də KİV-lərin elmi-jurnalistikaya marağının artmasına xidmət etməkdən ibarətdir.
“Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması” layihəsi çərçivəsində keçirilən dəyirmi masa haqqında informasiya da sayt vasitəsilə yayımlanmışdır.