1. Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemi yaradılsın.
2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan “Fərdi elektron pəncərə” qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanı ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir.
3. “Fərdi elektron pəncərə” elektron məlumat sistemi:
3.1. sistemdə qeydiyyatdan keçmiş hər bir qeyri-hökumət təşkilatının yalnız özünün daxil ola bildiyi və elektron xidmətlərdən istifadə etdiyi “fərdi elektron kabinet”inin yaradılması;
3.2. qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı məlumatların, müraciətlərin, arayış və hesabatların elektron formada qəbulu və cavablandırılması;
3.3. qrantların ayrılması və verilməsi ilə bağlı qanunla müəyyən edilmiş sənədlərin elektron qeydə alınması;
3.4. sistemə verilən tapşırıqlar əsasında sənədlərin avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması;
3.5. məlumatların, sənədlərin sistemləşdirilmiş şəkildə saxlanılması və digər funksiyalara malik xüsusi proqram təminatı ilə təchiz edilməlidir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
4.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılmasını və fəaliyyətini təmin etsin;
4.2. sistemdən istifadə qaydaları barədə inzibati reqlamenti müəyyən etsin;
4.3. sistemə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısını təsdiq etsin.
5. Aidiyyəti dövlət orqanları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilən məlumatların mütəmadi Sistemə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsünlər.
6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti həyata keçirsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. bu Fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin ayrılmasını təmin etsin;
7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2013-cü il.