R

Fondun sədri Umud Mirzəyev bu tədbirə qatılan xarici qonaqlar arasında olub. Konfransda nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və inkişafına yönəlmiş ölkələr arasında nəqliyyatla bağlı bir sıra aktual məsələlər müzakirə edilib və onların həll yolları araşdırılıb. Konfransda çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və BMT-nin baş katibi Pan Gi Mun bildiriblər ki, tədbir digər regionlarla yanaşı, Xəzəryanı ölkələrin tranzit sahəsində əlaqələrinin genişləndirilməsinə də öz töhfəsini verəcək. Belə ki, həmin ölkələr Xəzər dənizi vasitəsilə Qara dənizə çıxış imkanlarını artıra bilərlər və bununla da ticarət dövriyyəsini artırmaq olar. Ölkələr arasında tranzit yükdaşımalar nəqliyyatın inkişafı ilə yanaşı, ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə şərait yaradır.

Qlobal konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov isə Azərbaycanın müstəqillik illərində keçdiyi yoldan, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan problemlərə baxmayaraq, Azərbaycanın qazandığı iqtisadi uğurlardan və nəqliyyat sektorunun inkişafından söz açıb.

Qeyd edək ki, bu qlobal konfrans BMT-nin Baş Məclisinin səmərəli nəqliyyat və transit koridorlarının yaradılması haqqında qəbul etdiyi qətnamə əsasında baş tutur.