R

Cenevrədə səfərdə olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev BMT-nin baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Leyla Zerraqui (Leila Zerrougui) ilə görüşüb. Görüşdə BAMF sədri bildirib ki, Azərbaycanda ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Respublikada uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Umud Mirzəyev xanım Zerraquinin diqqətinə çatdırıb ki, bununla yanaşı Azərbaycanda  kövrək qruplara aid olan digər bir uşaq təbəqəsi də var ki, onlar Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanları olan qaçqın və məcburi köçkün uşaqlardır.

"Bu gün Azərbaycan torpaqlarının 20%-i qonşu Ermənistan tərəfindən işğal olunmuş, 1 milyondan çox sakin qaçqın və məcburi köçkünə çevrilmişdir. Çadır şəhərciklərində və kompakt yaşayış məskənlərində öz evinin istisindən xəbəri olmayan və uşaq hüquqları haqqında bütün qanunvericilik aktlarının təcrübədə həyata keçirilməsi və reallaşdırılması üçün zəruri olan şərtlərdən məhrum olmuş uşaqların bütöv bir nəsli yetişib. Respublikanın işğal olunmuş rayonlarında yüz mindən artıq uşağın təhsil aldığı 616 məktəb dağıdılıb. Ümumilikdə 12 mindən artıq uşağı əhatə edən 242 məktəbəqədər müəssisə, 4 texnikum, 11 peşə-texniki məktəbi, 1 ali məktəb öz işini dayandırıb. Yüzlərlə uşaq müharibə dövründə öldürülüb, əsir düşüb və ya valideynlərini, yaxınlarını  itirib. Təəssüf ki, beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi haqqında danışanda bu barədə susurlar."

BAMF sədri rəhbərlik etdiyi təşkilatın BMT agentlikləri ilə birgə əməkdaşlığı , xüsusilə də BMT-nin Uşaq Fondu – UNİCEF-lə birgə həyata keçirdiyi layihələr haqqında danışıb, o cümlədən, xanım Zerraqini  təşkilatın martın10-u BMT-in Cenevrədəki qərargahında münaqişə bölgələrində hüququ pozulan uşaqlarla bağlı keçirəcəyi tədbir barədə məlumatlandırıb. Qeyd edək ki, artıq tədbirdə xeyli sayda ictimai xadim, BMT eksperti, tanınmış beynəlxalq vətəndaş cəmiyyəti nümayəndələri, BMT agentliklərinin təmilçiləri, bir çox səfirlər bu tədbirdə iştirakını təsdiqləyib. Sonda cənab Mirzəyev ümid etdiyini bilirib ki, bütün dünyada müharibələr zamanı hüququ pozulan uşaqlarla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı öldürülən, müharibənin ağrı-acısından əziyyət çəkən Azərbaycan uşaqlarının da problemini kifayət qədər ciddi formada beynəlxalq ictimaiyyət qarşısında gündəmə gətiriləcək. Bununla bağlı BAMF-ın hazırladığı xüsusi videoçarx da məhz bu beynəlxalq tədbir zamanı təqdim olunacaq. Xanım Zərraqi isə səslənən məlumatların onda ciddi təəssürat doğurduğunu, BAMF-ın uşaq hüquqlarının qorunması sahəsində gördüyü işlədən məmnun olduğunu dilə gətirib.  Görüşün sonunda isə BAMF adından BMT-nin baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Leyla Zerraqiyə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin baş qəhrəmanlarının əks olunduğu  xüsusi hədiyyə təqdim olunub.