R

28-29 iyul tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun təşəbbüsü ilə “7-ci Sosial Biznes Günləri” adlı beynəlxalq konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Səbuhi Hüseynov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və təşkilatın vitse-prezidenti Ramil Əzizovdan ibarət nümayəndə heyəti iştirak edib.

“Sosial Biznes Günləri” konfransı Nobel Sülh Mükafatı laureatı, Yunus Sosial Biznes Mərkəzinin qurucusu Məhəmməd Yunusun qlobal çağırışı əsasında, dünyada kasıblığın aradan qaldırılması üçün sosial biznesin inkişafı, korporativ sosial məsuliyyətin beynəlxalq miqyasda təşviqi məqsədilə təşkil olunur. Bu ilki tədbir dünyada maddi sərvətlərin konsentrasiyanın qarşısını almaqla yoxsulluğun aradan qaldırılması, iqtisadi azadlıqların təmin olunması, sosial proqramların və islahatların aparılması, eləcə də ətraf mühitin qorunması kimi mövzulara həsr olunub. Qeyd olunan problemlərin həlli üçün Məhəmməd Yunus tərəfindən təklif olunan “3 sıfır” nəzəriyyəsi (0 yoxsulluq, 0 işsizlik, 0 ekoloji çirklənmə) konfransın əsas müzakirə mövzularından biri olub. Eyni zamanda, tədbir zamanı sosial biznesin genişləndirilməsi üzrə strategiyaların inkişaf etdirilməsi, dayanıqlı sosial biznes strukturlarının yaradılması, müxtəlif ölkələrdə tətbiq edilən təcrübələrin paylaşılması üçün beynəlxalq əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində 27 iyul tarixində Azərbaycan nümayəndə heyəti Beynəlxalq Yunus Mərkəzini ziyarət edərək professor Məhəmməd Yunusla görüş keçirmişdir. Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi islahatlar, son illərdə ölkə iqtisadiyyatında həyata keçirilən uğurlu iqtisadi şaxələndirmə siyasəti sayəsində əldə olunmuş sabit iqtisadi artım barədə məlumat verib. Aparılmış islahatlar nəticəsində ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizədək endirilib, əhalinin sosial müdafiəsi üzrə geniş miqyaslı proqramlar həyata keçiriilib. Bundan əlavə, əmək resurslarının səmərəli istifadəsi, eləcə də əhalinin özünüməşğulluğunun təmin olunması, ailə bizneslərinin inkişaf etdirilməsi gündəmdə duran əsas məsələlərdən biridir. Bu məqsədlə, ölkə rəhbərinin tapşırığı ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində özünüməşğulluq proqramı həyata keçirilməkdədir. İlkin mərhələdə 1400 ailənin yararlandığı bu proqram Beynəlxalq Əmək Təşkilatı tərəfindən müsbət təcrübə kimi qəbul edilib. Eyni zamanda, ailə bizneslərinin inkişafı məqsədilə ABAD publik şəxs fəaliyyətə başlayıb.

Məhəmməd Yunus öz növbəsində 2016-cı ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərini, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsini və apardığı səmərəli müzakirələri, aidiyyəti dövlət qurumların, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə keçirdiyi görüşləri, ADA universitetində müəllim tələbə heyəti ilə görüşünü yaxşı xatırladığını bildirib. O, Azərbaycanın sosial inkişaf strategiyası modelinin müxtəlif ölkələrdə replikasiyasının əhəmiyyətinə toxunub. Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısını yüksək dəyərləndirib. O, Yunus Mərkəzi, BAMF və UNEC  arasında bağlanılmış üçtərəfli memorandum əsasında Azərbaycan Dövlət İqtisad Universitetində açılmış Yunus Mərkəzinin fəaliyyətinin qurulmasından məmnunluğunu ifadə edib. Məhəmməd Yunus Azərbaycanın bu sahədə regionda aparıcı rola malik olduğunu və regionun sosial biznes mərkəzi olmaq potensialını qeyd edərək, Azərbaycan nümayəndə heyətini bu ilin noyabr ayında keçiriləcək Qlobal Sosial Biznes Sammitinə dəvət edib. Bu tədbirin açılışında Fransa Prezidentinin də iştirak edəcəyi nəzərdə tutulub. O, BAMF sədri Umud Mirzəyevin “Beyjinq(Pekin)-Bakı-Berlin: Sosial biznesin İpək yolu” ideyasının aktuallığını, sosial biznesin dünyada yerinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini  və bu işdə qarşılıqlı əməkdaşlıq imkanlarını yüksək dəyərləndirdiyini ifadə edib. Sonda professor Məhəmməd Yunusa xatirə hədiyyəsi təqdim edilib, Yunus Mərkəzinin könüllüləri ilə xatirə şəkilləri çəkdirilib və tədbir üçün hazırlanan çantalardan birinə sosial biznesin nümunəsi olaraq könüllülər və Məhəmməd Yunusla birlikdə rəmzi xarakterli imzalar atılıb. 

28 iyulda baş tutmuş 7-ci  Sosial Biznes Günü konfransında Azərbaycan nümayəndə heyəti tərəfindən iştirakçılara Azərbaycanda həyata keçirilən sosial biznes layihələri, özünüməşğulluq proqramı barədə geniş məlumat verilib. Konfransda BMT Baş Katibinin müavini, BMT Dayanıqlı İnkişaf Hədəfləri üzrə nümayəndəsi Tomas Qas, Beynəlxalq Olimpiyaçılar Təşkilatının Prezidenti Joel Buzu, Paris meri Anna İdalqo (videokonfrans), beynəlxalq təşkilatların və dünyanın müxtəlif ölkələrindən olan 400 nəfərdən  yuxarı nümayəndələri, biznes qurumları, akademik şəxslər iştirak edib.