R

2017-ci il 28-30 noyabr tarixlərində Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetində “Bizi gələcəkdə nə gözləyir” adlı IV Beynəlxalq İqtisadi Forum keçirilib. Forumda Azərbaycan da təmsil olunub.

Forumun əsas iştirakçılarından biri də BMT İqtisadi və Sosial Şurası (ECOSOC) yanında ümimi məşvərətçi statusa malik təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) idi.

BAMF prezidenti Umud Mirzəyev və onun köməkçisi Anastasiya Lavrina Fondu təmsil edərək Forumun qonaqları və Maliyyə Universitetinin administrasiyası ilə bir sıra mühüm görüşlər keçirib. Plenar iclaslarda Forumun iştirakçıları, ekspertlər və dövlət strukturlarının nümayəndələri bir sıra iqtisadi proqnozlar və Rusiya iqtisadiyyatında islahatlara dair planlar səsləndiriblər.

Maliyyə Universitetinin rektoru Eskindarov Mixail Əbdürrəhmanoviç Forumda açılış nitqi ilə çıxış edib: “Biz ümid edirik ki, bizim Forumda yalnız gələcəyimizi necə qurmağımız deyil, həmçinin onun necə olacağı, gələcək nəsillərdən nə tələb edəcəyi məsələlərinə də toxunulacaq".

Maliyyə Universitetinin Beynəlxalq İqtisadi Forumu artıq dördüncü dəfə keçirilir və 3000-dən çox insanın iştirak etdiyi əlamətdar hadisə sayılır. Noyabrın 28-də Forumun açılışına həsr olunan plenar iclasda RF maliyyə naziri Anton Siluanov, Rusiya Prezidenti yanında sahibkarların hüququ üzrə müvəkkili Boruis Titov, tanınmış rusiyalı dövlət xadimi Aleksey Kudrin və digər dövlət rəsmiləri, biznesmenlər və ekspertlər çıxış edib.

Hər il Forum çərçivəsində Nobel mükafatı laureatlarından birinin açıq mühazirəsi təşkil olunur. Forumun builki fəxri qonağı 2013-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Ceyms Şiller idi. O iki saat davam edən açıq mühazirə keçirdi.

Azərbaycan nümayəndə heyətinin Maliyyə Universitetinə səfəri çərçivəsində universitetin rektoru Eskindar M. A və prorektor Svetlana Bryuxeviçko Vladimirovna ilə görüş keçirilib. “Avrasiya” Təhsil Mərkəzi və Maliyyə Universiteti arasında əməkdaşlığa dair rəsmi anlaşma imzalanıb. Bu müqavilə iki institut arasında təhsil sahəsində əməkdaşlığı genişləndirəcək. Eyni zamanda, iki ölkənin, Azərbaycan və Rusiyanın gənc nəslinin qarşısında yeni üfiqlər açacaq.

Qeyd etmək istərdik ki, “Avrasiya” Təhsil Mərkəzi bu il BAMF-ın rəhbərliyi altında yaradılıb. Mərkəz bir sıra dil kursları və təhsil proqramları daxil olmaqla bir çox istiqamətlərdə fəaliyyət göstərir. O həmçinin Böyük Britaniya, Amerika, İsveçrə, Fransa, Yunanıstan, Polşa, Türkiyə və s. dövlətlərin aparıcı universitetləri ilə uğurlu əmkdaşlıq qurub.

Sonda BAMF-ın nümayəndə heyəti Avrasiya Xalqları Assambleyasının beynəlxalq təhsil və əməkdaşlıq üzrə komissiyasının rəhbəri Yuliya Petrova İqorevna ilə görüşüb. Təhsil sahəsi hər iki qurum arasında uzunmüddətli tərəfdaşlıq üçün geniş imkanlar açır.

Forumun ilk günü mədəni proqramla sona çatdı. Qonaqlar Moskva Dövlət Akademik Operetta Teatrında əfsanəvi “Yarasa” operettasını izlədilər.