R
21 dekabr 2017-ci il tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, fondun vitse-prezidenti Ramil Əzizov, Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi və baş katibi Nidal Səlim, Macarıstanın Trinity Kornyez Təşkilatının direktoru Fulop Bence Azərbaycanın Tərtər rayonuna səfər edib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Sərsəng su anbarının yerləşdiyi ərazi ilə vizual tanış olmaq, Tərtər və ətraf rayonlarda yaranan melorasiya problemləri ilə tanış olmaq və problemin aradan qaldırılması, beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində müzakirələr aparmaq idi. 
 
Səfər çərçivəsində qonaqlar ilk olaraq Tərtər rayon ərazisindən keçən Tərtər çayı və Sərsəng Su Anbarının yerləşdiyi ərazi ilə vizual olaraq tanış oldular. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin İctimai Siyasi Humanitar məsələlər üzrə Şöbəsinin müdir müavini Elvin Umudov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tərtər rayon şöbəsinin baş mühəndisi Mehman Kərimov iştirak edirdi. Görüş zamanı qonaqlara Sərsəng Su Anbarının yerləşdiyi coğrafi ərazi, bu su hövzəsinin region üçün əhəmiyyəti, texniki göstəriciləri, su tutumu və s. kimi məlumatlar verildi. Bundan başqa qonaqlar özləri ilin soyuq vaxtlarında su anbarından suyun Tərtər çayı vasitəsilə axıdıldığının və rayonun əkin sahələrinə dəyən ziyanın şahidi oldular. Daha sonra qonaqlar Tərtər rayonunun ərazisində ermənilər tərəfindən ucaldılmış ermənilərin Azərbaycanda məskunlaşmasının 150 illiyini qeyd edən abidə ilə tanış oldular. Qonaqlara abidə haqqında ətraflı məlumat verildi
 
Öz növbəsində qonaqlar bu məsələnin siyasi bir məsələ olduğunu və bu məsələnin bütün müstəvilərdə müzakirəyə qaldırılmalı olduğunun əhəmiyyətini vurğuladılar. Bundan başqa görüş zamanı regionun əkin sahələrinin suvarılması üçün alternativ su təchizatı məsələsi də müzakirə olundu. Sonda qonaqlar Sərsəng Su Anbarı ilə bağlı məsələnin 8-ci Ümumdünya Su Forumunda da müzakirəyə qoyulacağını və bu məsələnin həll olunması üçün lazımi dəstəyi əsirgəməyəcəklərini qeyd etdilər.