R
UNICEF-in beynəlxalq eksperti Eleyn Sammon Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət edib. BAMF-ın Mətbuat Xidmətindən  verilən məlumata görə, qonağa BAMF-ın fəaliyyəti və hədəfləri haqqında məlumat verən fondun prezidentii Umud Mirzəyev bildirib ki, fond buna qədər UNİCEF-lə birgə, əməkdaşlıq çərçivəsində bir çox ciddi layihələrə imza atıb: "Həmin layihələrdən biri də məhz Beynəlxalq Avrasiya Mətbuat Fondunun UNİCEF-in maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin iştirakı ilə Azərbaycanın ümumilikdə 21 rayonunda reallaşdırdığı "Azərbaycan Gənclərinə Dəstək Proqramı” dır. Bu layihə ümumilikdə 1500-dən çox gənci əhatə edərək, ölkənin bölgələrində qərarların qəbul olunmasında, ekologiya, fərdi inkişaf, işlə təmin olunma və pis vərdişlərə qarşı mübarizə sayəsində gənclərin lokal layihələr hazırlamasına böyük tövhə verib".
 
Bununla yanaşı, fondun prezidenti  BAMF-ın Tərtər regional Peşə Mərkəzinin fəaliyyətindən, o cümlədən müharibədən zərər çəkmiş ərazilərdə fondun gördüyü işlər barəsində qonağı məlumatlandırıb. Eyni zamanda təşkilatın təmsil olunduğu beynəlxalq qurumlar, həyata keçirdiyi layihələr və yeniyetmə və gənclərin inkişafı ilə bağlı proqramlarla bağlı da xanım Eleyn Sammona ətraflı məlumat verilib.
 
Görüşdə gələcək əməkdaşlığın perspektiv imkanları da müzakirə olunub. Xanım Sammon fondun təsis etdiyi Eurasia Dairy analitik informasiya portalının fəaliyyəti ilə də tanış olub. 
 
Qeyd edək ki, müzakirələrdə BMT Uşaq Fondunu(UNICEF) Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının rəhbəri Aida Ailarova və proqramın mütəxəssisi Natiq Umarov da iştirak edib.