R
Dünya Bankı Müstəqil Qiymətləndirmə qrupunun layihənin effektivliyinin dəyərləndirilməsi üzrə üzvü Xyalte Sederlof  (Hjalte Sederlof )​ Beynəlxalq Avrasiya Mətbuat Fondunu ziyarət edib və təşkilatın prezidenti Umud Mirzəyevlə görüşüb. Xyalte Sederlof Umud Mirzəyevə bildirib ki, onun  Azərbaycana səfəri Dünya Bankının Azərbaycanın qaçqın və məcburi köçkünlərlə işinin effektivliyinin qiymətləndirilməsinə yönəlib. “Dünya Bankı Azərbaycanda üç layihə həyata keçirir, müstəqil qiymətləndirmə qrupu isə onları qiymətləndirir, bu qiymətləndirməni hökümət və QHT təmsilçilərinə çatdırmaqdır.
 
Qeyd edək ki, 1992-ci ildə yarandığı vaxtdan bəri BAMF-ın qaçqın və məcburi köçkünlərlə iş sahəsində təcrübəsi var. Umud Mirzəyev rəhbərlik etdiyi təşkilatın Azərbaycanın cəbhə xəttində yerləşən rayonlarında yaşayan qaçqın və məcburi köçkünlərlə iş istiqamətində həyata keçirdiyi layihələr barədə danışıb. O qeyd edib ki, layihələr beynəlxalq və yerli təşkilatlar eləcə də, BMT agentlikləri ilə birgə həyata keçirilir.
 
Dünya Bankı Müstəqil Qiymətləndirmə qrupunun üzvü Xyalte Sederlof BAMF-ın gördüyü işləri yüksək qiymətləndirib və Azərbaycandakı qaçqın və məcburi köçkünlərin üzləşdiyi əsas problemlərin müəyyənləşdirilməsi üçün faydalı ola biləcək bir sıra hesabatların ona təqdim olunmasını istəyib. BAMF-ın ofisində baş tutan görüşdə qrupun məsələhətçi Humay Quliyeva da iştirak edib.
 
Dünya Bankı Müstəqil Qiymətləndirmə qrupu Dünya Bankının rəhbərliyindən asılı deyil və bilavasitə İcraedici Şuraya tabedir. Müstəqil Qiymətləndirmə qrupu  Dünya Bankı qrupunun fəaliyyətinin effektivliyini qiymətləndirir və müştərilərə daha keyfiyyətli xidmət təklif edilməsində Dünya Bankına yardım etmək üçün qiymətləndirici məlumatlar təqdim edir.