R

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildən çoxdur ki, davam edir və Azərbaycanda 1.2 milyon qaçqın və məcburi köçkünün yaranmasına səbəb olub. Erməni silahlı qüvvələri Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu əhatə edən Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Cəbhə bölgəsində aparılan hərbi əməliyyatların ətraf mühitə təsiri çox dağıdıcıdır. İşğal olunmuş ərazilərdə təbii sərvətlərin həddindən artıq istismar olunması, davamlı olaraq atəşkəsin pozulması və Ermənistan tərəfindən ekoloji pozuntu faktının inkar edilməsi ekologiyanı məhv edir və minlərlə insanın lazımi şəraitdə yaşamaq hüququnu əlindən alır".

Bunu 17-28 mart tarixlərində Braziliyada keçirilən 8-ci Dünya Su Forumu zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidentinin köməkçisi Anastasiya Lavrina bəyan edib. Bu Dünya Su Şurası (DSŞ) tərəfindən təşkil edilən 160 ölkədən on mindən çox iştirakçının qatıldığı su ilə bağlı dünyanın ən böyük tədbiridir.

"Ətraf mühitlə bağlı cinayətlər və hüquq pozuntuları üçün məsuliyyət, ədalət və kompensasiya" adlı sessiyada çıxışı zamanı o, hərbi münaqişələrin ətraf mühitə mənfi təsirindən danışıb. O, həmçinin, ən böyük su anbarı sayılan Sərsəng su anbarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına toxunub.

"Sərsəng su anbarı 1992-ci ildən Ermənistan tərəfindən işğal olunub və nəticədə Azərbaycanın cəbhə bölgələri sudan məhrum edilib. Su çatışmazlığı və davamlı olaraq atəşkəsin pozulması səbəbilə cəbhə bölgəsindəki torpaqların böyük hissəsi suvarılmır. Bu torpaqda çatların yaranmasına və onun məhsuldar qatının məhvinə gətirib çıxarır. Azərbaycanın altı rayonu artıq fövqəladə vəziyyətdə olan su anbarının suyundan istifadə edə bilmir, çünki o işğal səbəbindən mühafizə olunmur. Mühəndislər və alimlər xəbərdarlıq edir ki, bəndlər dağılarsa 30-dan çox kənd daşqın nəticəsində məhv olacaq. Fəlakət riski hazırda çox yüksəkdir və suyun axın səviyyəsindən aşağıda yerləşən altı rayonda yaşayan 400 min Azərbaycan vətəndaşının həyatı təhlükədədir", - deyə Anastasiya Lavrina bildirib.

O, həmçinin ermənilər tərəfindən suyun zəhərlənməsi və çirkləndirilməsi faktoruna toxunub. Bundan başqa, Lavrina işğal olunmuş ərazilərdə təbii ehtiyatların Ermənistan hökuməti tərəfindən istismar olunması və bundan sonra da öz mənfəəti üçün istifadə edilməsindən danışıb.

“Azərbaycanın ən zəngin mineralları işğal olunmuş ərazilərdə qalıb. Bu ərazilərdə 155 növ müxtəlif mineral ehtiyatlar, o cümlədən, hazırda Ermənistan tərəfindən istifadə olunan 5 qızıl yatağı var.

Anastasiya Lavrina həmçinin AŞPA-nın 2016-cı ildə qəbul etdiyi Ermənistan hakimiyyətinin Sərsəng su anbarının suyundan sui-istifadə etdiyini deyən qətnaməyə istinad edib.

"Bu Azərbaycan vətəndaşları üçün ekoloji fəlakət yaratmaq məqsədi daşıyan düşmən davranışdır. Belə bir davranışla, Ermənistan təkcə başqa dövlətin ərazi bütövlüyü prinsipini deyil, həmçinin, işğal olunmuş ərazilərdə daşınar və daşınmaz əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri pozur. Bundan əlavə, Ermənistanın hazırki siyasəti UNEP proqramının bir hissəsi olan BMT-nin ekoloji standartlarına ziddir.

"Beynəlxalq təşkilatlar risklərin azaldılmasında koordinasiya işi aparmaq üçün dövlətlər arasında artan ekoloji təhlükə barədə məlumatlılığı artırmağa çalışırlar; ancaq əksər hallarda iqtisadi və siyasi perspektivlər ekologiyaya və ətraf mühitə daha çox təsir göstərir."

Anastasiya Lavrina qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin ekoloji cinayətkarlığı faktına beynəlxalq səviyyədə daha çox diqqət yetirilməlidir. Qətnamə qəbul edildikdən dərhal sonra dövlətlər vaxt itirmədən qaydalara riayət edilməsinə məcbur etməlidir, əks halda ictimai təzyiq səviyyəsi azalmağa başlayır və Ermənistanla olduğu kimi ölkələr öz fəaliyyətlərində azadlıq əldə edir.

BAMF prezidentinin köməkçisi beynəlxalq qurumları, vətəndaş cəmiyyətinin nümayəndələrini və forum iştirakçılarını bir yerdə olmaq, səylərini birləşdirmək və dünyanın müxtəlif bölgələrindəki hərbi böhran nəticəsində ortaya çıxan ekoloji böhrana cavab verməyə çağırıb.

“Su həyatdır və işğalçıların əlində silah olaraq istifadə edilə bilməz. Təəssüf ki, Ermənistan bütün norma və qaydaları pozur və Sərsəng su anbarından insanlara qarşı, insanlıq əleyhinə silah kimi istifadə edir. Bu dayandırılmalıdır. İnsanlar bu problemi bilməli və beynəlxalq təşkilatlar su anbarını azad etməsi üçün Ermənistana təzyiq göstərməlidir. 2007-ci ildə Robin Ekersli suverenlik normasını aradan qaldırılması və dövlətin daxili siyasətinə qlobal ekoloji cəmiyyətin müdaxiləsinə imkan verilməsi üçün ətraf mühitdə bir ciddi fövqəladə vəziyyətin olmasının kifayət olması gərəkdiyi təklifini irəli sürdü. Bəlkə də bu, bu fəaliyyət üçün elə məhz o haldır"- deyə o sonda əlavə edib.

Panel müzakirələr zamanı iştirakçılara BAMF tərəfindən hazırlanmış Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan Sərsəng su anbarında ekoloji fəlakətlə bağlı Azərbaycanın cəbhə bölgələrində yaranmış su problemlərindən bəhs edən video nümayiş olunub.