R

ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam R.Qil və mətbuat katibi Natan Cons Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin dəvəti ilə təşkilatın baş ofisində olub. BAMF-ın prezidenti təşkilata səfər etdikləri üçün qonaqlara təşəkkür edib. Umud Mirzəyev səfərin 11 sentyabr tarixində baş tutmasının simvolik önəminə toxunub: “Terrorun, deportasiyanın, işğalın nəticələrini yaşamış biri kimi 11 sentyabr, 2011-ci ildə Amerikada baş vermiş terror hadisəsini təssüf hissi ilə xatırlayırıq və bu dəhşətli terrorda həlak olanları üzüntü ilə yad edirik”. Səfir Uilyam R.Qil: “Bu gün amerikalılar üçün önəmli gündür. Həm də amerikalılar üçün dostlarını xatırlayan bir gündür. Həmin gün Azərbaycan Amerikaya ilk başsağlığı verən ölkələrdən olmuşdur. Amerika bunu xatırlayır”.

U. Mirzəyev uzun illərdir ki, Azərbaycanın müharibədən zərər çəkdiyini, ərazilərinin işğal olunduğunu və bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd yuvalarına geri dönməsinin vacibliyindən danışıb. O, BAMF-ın Azərbaycanın müharibədən zərərçəkmiş ərazilərində Amerika Dövlət Departamentinin dəstəyi ilə müxtəlif sosial humanitar layihələr icra etdiyini bildirb. “İnsanların yaxınlaşması elə ölkələrin, xalqların yaxınlaşmasına bir zəmindir. Bizim Amerika hökumətinin dəstəyi ilə həyata keçirdiyimiz layihələr, gördüyümüz işlər insanları bir-birinə yaxınlaşdırmaqla, müxtəlif sahələrdə bilikləri artırmaqla ölkəmizdə sülhə, barışa, inkişafa xidmət edir.” deyə Umud Mirzəyev bildirib. O, BAMF, Amerika səfirliyi və icra hakimiyyəti strukturlarının birgə əməkdaşlığı sayəsində müharibədən zərərçəkmiş ərazilərdə məskunlaşmış məcburi köçkünlərin peşə təhsili imkanlarının artırılması, təsərrfat sahələrinin inkişaf etdirilməsi, müharibə nəticəsində dağılmış infrastrukturun bərpası istiqamətində xeyli işlərin görüldüyünü bildirib. BAMF-ın Tərtər Peşə Təhsili Mərkəzinin imkanlarından söz açan Umud Mirzəyev gələcək əməkdaşlıq perespektivləri baxımından, eləcə də yerli vətəndaş cəmiyyəti qurumlarına dəstək baxımından bu infrastrukturun əhəmiyyətini qeyd edib.  

ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam R.Qil Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, eləcə də icmaların inkişafı, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarından və prioritetlərdən danışıb. “Amerika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və biz ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində yaxından iştirak edirik. Anlayırıq ki, münaqişənin uzunmüddət həll olunmamış qalması azərbaycan xalqını pərişan edir, çox məyus edir. Ümidvarıq  ki, Ermənistanda hakimiyyət dəyişikliyi və Minsk Qrupunun öz səylərini yeniləməsi nizamlama istiqamətində irəliləyişlərə gətirib çıxaracaqdır. Bunun müəyyən əlamətləri müşahidə olunmaqdadır ki, bu da bizi sevindirir”, “Amerika Hökuməti həmçinin Azərbaycanın öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox məcburi köçkününün acı taleyindən narahatdır. Münaqişənin həllində insan faktorunu unutmaq olmaz. O baxımdan ABŞ ötən illər ərzində bu həssas təbəqənin problemlərinin həlli üçün 120 milyon dollar vəsait xərcləyib.”

BAMF-ın vitse prezidenti Ramil Əzizov BAMF-ın sülhməramlı aksiyalar, sosial-humanitar proqramlarının regiondakı əhəmiyyətinə toxunub, bu istiqamətdə əməkdaşlıq perspektivlərindən və ABŞ səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin nəticələrindən söz açıb. Sonda ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam R.Qil və mətbuat katibi Natan Cons BAMF-ın gördüyü işlərlə, həyata keçirdiyi fəaliyyətlərlə tanış olub, BAMF-la əməkdaşlıqdan məmnun olduğunu, təşkilatın gördüyü işlərin əhəmiyyətini vurğulayıb.