R

Bu gün Azərbaycan Kənd İnvestisiyaları Layihəsinin direktor müavini Gülbəniz Qənbərova və Qadın İnkişaf qruplarında biznes mütəxəssisi Əhməd Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbərliyi ilə görüşüblər. Görüşdə kənd qadınları arasında sahibkarlıq imkanlarının inkişaf etdirilməsi, sosial biznes və sosial biznesin qadın qruplarında təşviq edilməsi məsələləri müzakirə olunub. Müzakirələrdə Azərbaycan Yunus Sosial Biznes Mərkəzinin koordinatoru Fəridə Əsgərzadə də iştirak edib.

Gülbəniz Qənbərova ölkəmizdə biznesin sosial tərəfinin fərqli model əsasında öz ana dilimizdə təqdim edilməsi üçün  Məhəmməd Yunusun “Kasıbların Bankiri” kitabının yüksək peşəkarlıqla tərcümə olunmasında göstərdiyi əməyə görə BAMF-ın prezidenti Umud Mirzəyevə təşəkkürünü bildirib. O, kəndlərdə qadınların sosial səfərbərliyi, infrastruktur layihələrinin kənd icma nümayəndələrinə təhvil verilməsi, qadınların bacarıqlarının artırılması istiqamətində görülən işlərdən söz açıb.

Mövcud proqram əsasında Azərbaycanın kənd yerlərində 6 pilot qadın qruplarının fəaliyyətindən danışıb, onların həyat hekayələrinə toxunulub. Layihənin yekunu kimi qadın benefisiarların yaratdığı Kənd Qadınları Assosiasiyasının gələcək fəaliyyət perespektivləri müzakirə olunub. M. Yunusun “Kasıbların Bankiri” kitabında qeyd olunan tezislərin, uğur hekayələrinin qadınlara çatdırılmasının əhəmiyyəti qeyd olunub və kitabın növbəti tirajda nəşr olunmasının zəruri olduğu bildirilib.

U. Mirzəyev kənd təsərrüfatının inkişafında sosial biznes modeli əsasında BAMF-ın gördüyü işlərdən, ehtiyacların qiymətləndirilməsi sahəsində aparılan sorğulardan və yekun konsepsiyanın hazırlanmasından, Yunus Mərkəzi ilə əməkdaşlıqdan danışıb. O, "Kasıbların Bankiri" kitabında haqqında söz açılan inkişaf modelinin ölkəmizdə aparılan islahatlarla özünəməxsus uyğunluğundan danışıb.

F. Əsgərzadə  sosial biznes ideyasının təşviqi üçün sosial binzes konsepsiyasının və “Kasıbların Bankiri“ kitabının yenidən nəşrinin vacibliyini bildirib, bununla bağlı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə müzakirələrin keçirilməsinə toxunub.

BAMF-ın vitse-prezidenti Ramil Əzizov sosial biznesin yeni konsepsiyada ölkəmizdə replikasiyasının dünya üçün də bir nümunə olacağını ifadə edib. Sonda kənd qadın qruplarına dəstək üçün qarşılıqlı müzakirələrin davam etdirilməsi qərara alınıb.