R
Azərbaycanda yaradılmış Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Beynəlxalq Gerontoloji Şəbəkə AgeNet International-ın üzvlərinin yekdil qərarı ilə Şəbəkəyə üzv oldu.
 
Bu qərar ilə BAMF, Ümumi Yığıncağın fəaliyyətində iştirak etmək, şəbəkənin fəaliyyətilə bağlı maliyyə sənədləri daxil olmaqla istənilən məlumatı əldə etmək, maddi-texniki təchizat barədə məlumat almaq, habelə əməkdaşlığı möhkəmləndirmək və şəbəkənin yaşlı vətəndaşları dəstəkləyən birgə layihələri üzərində işləmək hüququ əldə edir.
 
Ötən ilin noyabr ayında Dilarə Əliyeva Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyası ilə birgə təşkil edilmiş "Birlikdə layiqli qocalığa doğru" layihəsi çərçivəsində Azərbaycana gələn Qazaxıstan və Qırğızıstan nümayəndə heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət edib və digər məsələlərlə yanaşı, ölkənin yaşlı əhalisini dəstəkləməyə xüsusi diqqət yetirən təşkilatın geniş fəaliyyət istiqamətləri ilə tanış olub. 
 
Səfərin məqsədi yaşlı insanlarla iş sahəsində Azərbaycanın təcrübəsini öyrənmək olub. Bu səbəbdən, Fondun prezidenti Umud Mirzəyev, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının direktoru Dilarə Əfəndiyeva və Qazaxıstan və Qırğızıstanın nümayəndələri Bakının Bilgəh qəsəbəsində pensiya yaşına çatmış insanlar üçün olan ictimai təşkilata birgə səfər ediblər.
 
Səfər zamanı nümayəndə heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunu ziyarət edib. Burada tərəflər bir sıra əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə BAMF-a BMT-nin İqtisadi və Sosial Şurası yanında əsas məşvərətçi statusu olan və humanitar sahədə uzunmüddətli təcrübəyə malik təşkilat kimi AgeNet Beynəlxalq Gerontoloji Şəbəkəsinə üzv olmaq üçün ərizə ilə müraciət etməsi təklif olunub və ərizə yekdil qərarla təsdiqlənib.
 
AgeNet International şəbəkəsi Qırğızıstan, Qazaxıstan və Tacikistanda yaşlanma problemləri ilə məşğul olan 17 təşkilatın təşəbbüsü ilə 2005-ci ildə yaradılıb. O, 10 ölkədən olan 53 qurumdan ibarətdir: Bura Qırğızıstan, Rusiya, Qazaxıstan, Ermənistan, Gürcüstan, Azərbaycan, Türkmənistan, Tacikistan, Özbəkistan və Belarus daxildir. Şəbəkənin missiyası, yaşlı nəslin vəziyyətinin yaxşılaşdırılması üçün dövlətlərin və vətəndaş cəmiyyətinin məsuliyyətinin artırılmasına kömək etməkdir.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə Azərbaycanda "Evdə sülh, ölkədə sülh, cahanda sülh" şüarı ilə və uzunmüddətli məqsədlərlə sülh və təhlükəsizliyin təmin olunması ideyalarını dəstəkləmək, obyektiv məlumatların yayılmasını təşviq etmək və davamlı inkişaf üçün əsasların təmin edilməsi məqsədilə yaradılıb. Təşkilat BMT agentlikləri, beynəlxalq təşkilatlar və diplomatik missiyaların nümayəndəlikləri ilə uğurla əməkdaşlıq edir.