R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti avqustun 7-də Zəngilanın Ağalı kəndində olublar. 

 “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər zamanı bildirilib ki, pilot layihə Zəngilanın birinci, ikinci və üçüncü kəndlərini əhatə edir. Ərazidə ilk olaraq 200 fərdi ev inşa olunacaq. Artıq kənd ərazisində 50-yə yaxın evin tikintisi tam yekunlaşdırılıb və bir evin isə tam təmiri başa çatdırılıb.

Səfər çərçivəsində Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl-Hacc Azərbaycan Televiziyasına müsahibə verib.

O, 30 ildən sonra bu əraziləri görməyinə şad olduğunu deyib: "Tikinti işləri gedir. Artıq həyat qayıdır. Çox qürurvericidir. Binalar, məktəblər tikilir. Burada yenidən həyat canlanacaq. İşğaldan azad olunan torpaqlar cənnətə çevriləcək".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Qarabağ bölgəsinə səfər çərçivəsində Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti Şuşa, Füzuli, Qubadlı və Cəbrayılda da olublar.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti avqustun 1-dən Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl-Hacc rəhbərlik edir. Səfərin məqsədi işğaldan azad olunmuş rayonlara səfər etmək, eləcə də ölkəmiz haqqında müxtəlif mövzularda reportajlar hazırlamaqdır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycan media nümayəndələri üçün "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda təlimlər keçirilib. 1-5 avqust 2021-ci il tarixlərini əhatə edən təlim proqramında müxtəlif media subyektlərindən 20 nümayəndə iştirak edib. Təlimlərdən dərhal sonra nümayəndə heyətinin bir hissəsi Şuşaya yola düşüb, digər hissəsi isə Füzuli bölgəsində çəkilişlərə başlayıb.