R

Yaponiyanın Azərbaycandakı səfiri cənab Vada və benefisiar təşkilat qismində çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev arasında “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. İmzalama mərasimində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq Əlaqələr və donorlar departamentinin direktoru Nicat Kərimov və departamentin əməkdaşı Gülər Mustafa da iştirak ediblər.

Bu layihənin əsas məqsədi ANAMA-nın tapşırığı ilə fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandasının Tərtər rayonunda mövcud olan mina və partlamamış sursatların təmizlənməsində istifadə üçün 11 ədəd mina detektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasıdır. Layihədə nəzərdə tutulan ləvazimatların alınması üçün Yaponiya Səfirliyi tərəfindən 88,224 ABŞ dolları (təxminən 149,098 AZN) məbləğində yardım ediləcək.

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan ərazisində 20 ildən artıqdır ki, mina və partlamamış susrsatların  təmizlənməsi fəaliyyətini həyata keçirir. Bu gün imzalanmış layihə, 2001-ci ildə icra olunmuş “Minatəmizləmə komanda heyətinə minatəmizləmə ilə bağlı təlimin həyata keçirilməsi” layihəsi və 2004-cü ildə icra olunmuş “Tərtər rayonunun minadan təmizlənməsi” layihəsindən sonra Yaponiya Səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fonduna edilmiş 3-cü yardım layihəsidir.

Bu gün imzalanmış müqavilə də daxil olmaqla Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 278 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 23,450,000 ABŞ dolları (təxminən 39,860,000 AZN) keçir.

"“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır”, - deyə BAMF prezidenti Umud Mirzəyev mediaya müsahibəsində bildirib. 

“Bu gün burada, Yaponiya Səfirliyi ilə birlikdə müqaviləyə imza atdıq. Bu müqavilə BAMF-ın bazasında fəaliyyət göstərən İcma Mina Aksiyası komandasının maddi-texniki bazasının möhkəmlənməsi niyyəti daşıyan bir layihədir.

Bildiyiniz kimi bu gün Azərbaycanda böyük problemlərdən biri mina təhlükəsidir. İşğaldan azad olunan ərazilərin demək olar ki, böyük əksəriyyəti minalarla, partlamamış sursatlarla çirklənib. Əminliklə deyə bilərəm ki, bu kimi layihələrin işlərin rahatlaşdırılmasında müstəsna rolu var”. 

Bundan əlavə, Səfir Vada Cuniçi bugünkü tədbirin əhəmiyyətindən söz açıb. O, bundan sonra da, Yaponiya hökumətinin Azərbaycana minadan təmizlənmə sahəsində, habelə bərpa-quruculuq işlərində dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Səfir, imzalanan layihənin hər iki ölkə arasında dostluq münasibətlərinə töhvə verəcəyinə ümid bəslədiyini deyib.