<strong>Bank olmayan «AVRASİYA-KREDİT» Məhdud Məsuliyyətli Cəmiyyəti</strong>
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) İdarə Heyətinin 05 sentyabr 2007-ci il tarixli qərarı ilə təsis edilən «AVRASİYA-KREDİT» MMC bank olmayan kredit təşkilatı kimi 13 sentyabr 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə fəaliyyətə başlamışdır.
«AVRASİYA-KREDİT» MMC nin təsisçisi olan BAMF bu günədək müharibədən zərər çəkən və işğaldan azad olunan ərazilərdə bir sıra iri həcmli layihələr həyata keçirmiş və nəticədə insanların həyat səviyyəsinin öyrənilməsi, regionların problemlərinin araşdırılması istiqamətində zəngin informasiya bazası formalaşdırmışdır. Bütün bunlara əsaslanaraq BAMF məhz «AVRASİYA-KREDİT» MMC yaratmaqla Azərbaycanın müharibədən zərər çəkən və işğaldan azad olunan regionlarında əhalinin sahibkarlıq fəaliyyətinin inkişafına mikrokreditlərin verilməsi yolu ilə nail olmağı qarşısına məqsəd qoymuşdur.
Hazırda «AVRASİYA-KREDİT» MMC ilə əməkdaşlıq edənlər əsasən mina qurbanları, aztəminatlı ailələr, əlillər, müharibə nəticəsində yurd-yuvasından qaçqın və didərgin düşmüş insanlardır. Bu günə kimi «AVRASİYA-KREDİT» MMC 45000 ABŞ dolları məbləğində vəsaiti Tərtər, Füzuli və Ağstafa rayonlarında təşkilatın hədəf seçdiyi sosial qrupların nümayəndələrinə kiçik həcmli kreditlər şəklində paylamış və eyni zamanda onlara öz işlərini uğurla təşkil etmək üçün pulsuz məsləhət xidmətləri də göstərmişdir.
Yaxın gələcəkdə isə «Avrasiya-Kredit» digər maliyyə qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi hesabına yeni kredit ehtiyatları əldə olunması, bu vəsaitlərin Azərbaycanın digər bölgələrində də kiçik sahibkarlıqla məşğul olmaq istəyən minadan zərərçəkənlərə, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə paylanmasını nəzərdə tutur. Bununla da əhalinin aztəminatlı təbəqəsi arasında yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində real addımlar atılacaq.
