Umud Rəhimoğlu KIV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri seçilib

27.05.2009 · 1403 baxış

Umud Rəhimoğlu
Mayın 26-da Azərbaycan Mətbuat Şurasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının birinci iclası keçirilib.
“Mediaforum”un SİA-ya istinadən yaydığı məlumata görə, iclasdan əvvəl Müşahidə Şurasının üzvləri Prezident Administrasiyasında olub və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşüblər. Görüş zamanı Ə.Həsənov Müşahidə Şurası üzvlərini təbrik edib və fondun qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüb.
Mətbuat Şurasında keçirilən iclasda Müşahidə Şurasının gündəliyinə iki məsələ çıxarılıb. Əvvəlcə Müşahidə Şurasının sədr və sədr müavinin seçilməsi məsələsi müzakirə edilib. Müşahidə Şurasının üzvü Ə.Amaşov çıxış edərək Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunu (Mirzəyev) Müşahidə Şurasına sədr, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni isə sədr müavini vəzifələrinə namizəd irəli sürüb.
Şura üzvləri hər iki namizədə yekdilliklə səs veriblər.
Gündəlikdə duran ikinci məsələ fondun fəaliyyətinin təşkili ilə bağlı olub, şura üzvləri qarşıda duran hüquqi və texniki məsələlərin həlli ilə bağlı fikirlərini bildiriblər. Fondun qeydiyyata alınması, müvafiq normativ sənədlərin hazırlanması, qurumun fəaliyyət istiqamətləri və qarşıda duran digər məsələlərin həllinə dair təkliflər müzakirə edilib.

(c) 2018. IEPF