Bu məlumatı bizimlə söhbətində U.Rəhimoğlu verdi. O, görüş zamanı BAMF-ın fəaliyyət istiqamətləri haqqında qısa məlumat verdiyini də dedi: “Görüş yeni təyin olunan nümayəndə Arun Əl-Ngarmla ilə ilkin tanışlıq xarakteri daşısa da, biz Beynəlxalq Avrasiya Mətbuat Fondu haqqında qısa məlumat da verdik. Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE) ilə əməkdaşlığımız haqqında ətraflı danışdıq. Yeri gəlmişkən qeyd edim ki, ECRE Avropa üzrə QHT şəbəkəsi olub, sözügedən ərazidə qaçqınların problemi ilə məşğul olur. Beynəlxalq Avrasiya Mətbuat Fondu 2006-cı ildən ECRE-nin üzvüdür və Qafqazda ECRE-ni təmsil edən yeganə Qeyri-Hökumət təşkilatıdır”.
BAMF-ın sədri görüşdə BAMF-ın qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən də danışıb. O, Azərbaycandakı qaçqın və məcburi köçkünlər, o cümlədən, BAMF-ın İraq və Çeçenistandan olan qaçqınlarla bağlı və sair yöndə gördüyü işlər barədə, Azərbaycandakı mina qurbanları problemlərinin həllində təmsil etdiyi təşkilatın iştirakı haqqında məlumatları Arun Əl-Ngarmın diqqətinə çatdırdıqlarını söylədi.
Ümumilikdə BAMF-ın müharibədən zərər çəkmiş və azad olunmuş rayonlarda gördüyü bütün işlər görüşdə xüsusi vurğulanıb.
Arun Əl-Ngarm BAMF nümayəndə heyətini öz ofisində görməkdən məmnun olduğunu bildirib. O, gələcəkdə BAMF-la əməkdaşlıq etmək arzusunu vurğulasa da, BMT QAK-ın nümayəndəsi bunun üçün vaxt tələb olduğunu deyib. Yeni nümayəndə Azərbaycandakı Məcburi Köçkün və Qaçqın problemi ilə daha ətraflı tanış olacağını deyib. O, müzakirələrin davam etdiriləcəyini və gələcəkdə belə görüşlərdən birinin BAMF-da keçiriləcəyini vurğulayıb.
Xatırladaq ki, cənab Arun Əl-Ngarm Azərbaycana öz vəzifəsi ilə tanış olmaq üçün aprel ayının 10-da Bakıya gəlib.
Görüşdə U.Rəhimoğlu ilə yanaşı BAMF-ın Beynəlxalq Məsləhətçisi Lütfül Kabir, Proqramların İnkişaf Etdirilməsi və Beynəlxalq Əlaqələr Departamentinin aparıcı işçisi Nik Nvolisa və İnzibati menecer Nəzakət Ağayeva iştirak edirdilər.
