Adı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlüyünə 18 nəfərlik namizədlər siyahısına düşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu “Media forum” saytına aşıqlama verib.
O bildirib ki, Azərbaycanda dövlətin mətbuata, vətəndaş cəmiyyətinə dəstəyi yeni təcrübədir və çox böyük addımdır: “Bu yöndə müəyyən qərarların qəbulunda kimisə qane etməyən variantlar da ola bilər, amma ilk addım atıldıqdan sonra səhvləri düzəltmək mümkündür. Hər halda müxtəlif fikirlərin səslənməsi bu məsələləri yenidən götür-qoy etməyə əsas verir. Düşünürəm ki, tam qərar müzakirələrdən sonra veriləcək”.
Fond sədri vurğulayıb ki, namizədliyi təqdim olunan on səkkiz nəfərdən yalnız altısı Müşahidə Şurasına seçiləcək: “Siyahıda Mətbuat Şurasında təmsil olunmayan adamlar da var. Bəzən siyahıların tərtib olunmasını kimlərsə qısqanclıqla qarşılayır. Bu seçki prezidentin səlahiyyətində olan işdir. Mətbuat Şurası başqa namizədlər də təklif edə bilərdi, amma ümumi qərar belə olub. Səslənən hər hansı irad və ya xoşagəlməz fikirlər məhz subyektiv fikirlərdir. Mən hesab etmirəm ki, bunlar bütövlükdə ictimaiyyətin fikrini əks etdirir. Kimin müstəqil və ya asılı olduğunu Azərbaycan ictimaiyyəti daha yaxşı bilir”.
U.Rəhimoğlu 1992-ci ildən vətəndaş cəmiyyəti sahəsində çalışdığını vurğulayıb: “Ardıcıl olaraq öz qatqısı üçün addımlar atan birisiyəm. Heç zaman piara işləməmişəm, reklam olunmaq üçün yersiz bəyanatlar verməmişəm. Harda olmuşamsa, öz əməlimlə fayda verməyə çalışmışam. Məni narahat edən odur ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə diqqət ayırır, amma bu iş qısqanclıqla qarşılanır”.
U.Rəhimoğlu “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızının dünən “Media forum” saytına verdiyi açıqlamaya münasibəti bildirib: “Xoşqədəm xanım sağ olsun ki, qayğıma qalır. Amma narahat olmasın, mən işdən qorxan deyiləm, nəyin çox və ya az olduğunun fərqindəyəm. Gücüm çatmayan işdə “mən yoxam” deməyi də bacarıram”.
Bütün media qurumlarına bərabər imkanlar yaradılacaqmı? Bu sualı cavablandıran U.Rəhimoğlu indi Azərbaycanda cibində beş-altı qəzetin möhürünü gəzdirən adamların olduğunu deyib: “Onlar iddia edirlər ki, bütün qəzetlərə eyni pay düşməlidir. Azərbaycanda kifayət qədər özünəməxsus fəaliyyəti olan qəzetlər var. Yardımın daha çox müstəqil media quruluşlarına verilməsi əsaslandırılıb. Hesab edirəm ki, Müşahidə Şurası öz seçimində obyektiv olacaq”.
“Media forum”
