
Son günlər Azərbaycan mediası ilə bağlı bir çox hadisələr baş verdi. “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakit azad olundu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili həbs olundu. Dövlət başçısı İlham Əliyev bu olaya dərhal reaksiya verdi, bundan sonra A.Mərzili azadlığa çıxdı. Bu və digər məsələlərlə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlunun fikirlərini öyrəndik.
O, son günlər mətbuatla bağlı baş verən olayları bütövlükdə müsbət hal kimi səciyyələndirdi. U.Rəhimoğlu əvvəlcə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin prezidentin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasına toxundu: “Sevindirici haldır ki, Azərbaycan dövləti, xüsusi ilə də prezident İlham Əliyev tərəfindən mediamızın inkişafı üçün müəyyən addımlar atılır. Sözügedən bu fərmandan əvvəl 2008-ci ildə prezident İlham Əliyevin “Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi” haqqında sərəncam imzalamışdı. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da həmin sərəncamın məntiqi davamıdır. Düşünürəm ki, bu fondun fəaliyyətə başlaması bütün mediamızın inkişafında da əhəmiyyətli rol oynayacaq”.
Bizimlə söhbətində U.Rəhimoğlu “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakitin azadlığa çıxmasına da münasibət bildirdi. O, Milli Məclisin verdiyi amnistiya aktı nəticəsində jurnalistin azadlığa çıxmasına sevindiyini dedi: “Mirzə Sakitin azadlığa çıxması digər həmkarlarımız kimi, məni də sevindirdi. Arzu edərdim ki, həbsdəki digər jurnalistlərimiz də azadlığa çıxsın”.
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin həbsinə toxunan U.Rəhimoğlu bu olayın məhkəmə sistemindəki müəyyən problemlərin hələ də olmasını ortaya çıxardığını dedi: “Bu hadisə onu göstərdi ki, bəzi insanlar hələ də mətbuata qarşı çox aqressivdilər. Və onların bu yanlış qərarları sonradan Azərbaycana qarşı çevrilir. Bu, digər tərəfdən, müstəqil məhkəmə sistemindəki müəyyən problemlərin hələ də mövcudluğunu göstərdi. Yeri gəlmişkən, bu hadisədən dərhal sonra Mətbuat Şurasının sədri Əflatun Amaşovun təklifi ilə idarə heyəti toplandı. Məsələ müzakirə edilərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciət hazırlandı. Məlum olduğu kimi, prezident də vaxtında reaksiya verdi. Bu reaksiyanın nəticəsində həmkarımız Asif Mərzili azadlığa çıxdı”.
Söhbətimizin sonunda U.Rəhimoğlu Azərbaycan mətbuatının hazırkı durumuna da toxundu. “Bu gün Azərbaycan mətbuatı digər Qafqaz dövlətlərinə nisbətən bütün parametrlər üzrə regionda liderdir. Bu məqama gəlib çıxmağımızda Azərbaycan hakimiyyətinin də, müstəqil mətbuatımızın inkişafı naminə çalışan media təşkilatlarının da, jurnalistlərin də payı var. Amma bütün bunlarla yanaşı mətbuatımızda xeyli problemlər var. Əl-ələ verib bütün problemləri birlikdə həll etməliyik”-deyə, o, bildirdi.
