Umud Rəhimoğlu: “Qeyri Hökümət Təşkilatı dövlətə zərbə vurmamalıdır, əksinə, dövlətə vurulan zərbələrin qarşısında sipər olmalıdır“
Dünən Jurnalist Secki Ekspert Mərkəzinin (JSEM) rəhbəri Ceyhun Musaoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu ilə görüşüb.
BAMF-ın qərargahında gerçəkləşən görüşdə C.Musaoğlu rəhbəlik etdiyi mərkəz barədə ətraflı məlumat verib. O, JSEM-in fəaliyyət prinsipinin yalnız obyektiv informasiyaya xidmət etdiyini diqqətə catdırıb: “Bütün cəmiyyətlər seçmək və seçilmək mədəniyyətinə sahib çıxandan sonra inkişafa nail olublar. Bu mədəniyyətin təməlində isə obyektiv informasiya dayanır. Təsadüfi deyil ki, mütəfəkkirlər ən böyük cəzanın informasiyasızlıq olduğunu iddia edir. Bu fikrin davamı olaraq mən də belə düşünürəm ki, informasiyasızlıq ən böyük cəzadırsa, yanlış informasiya bu cəzanin tətbiqidir. Seckidə marağı olan tərəflərin bu kampaniya barəsində yaydıqları informasiyada subyektivlik olmaya bilməz. Bu fakt seckilər zamanı dəfələrlə qarşımıza cıxıb. Amma biz jurnalistlər, daha doğrusu, JSEM-də bir amal ətrafında birləşən yazarların obyektiv olmaqdan başqa yolları yoxdur. Cünki peşəkarıq və hec bir düşərgəni təmsil etmirik.”
Bu təşəbbüsün ilkin cücərtilərinə baxanda sağlam kökü olduğunu düşündüyünü deyən BAMF sədri U.Rəhimoğlu JSEM-ə dəstək verməyə hazır olduqlarını söyləyib: “Biz hər birimiz Azərbaycan cəmiyyətində demokratik dəyərlərin oturuşmasına calışırıq. Təbii ki, bu istiqamətdə bir-birimizə dəstək vermək mənəvi borcumuzdur. Sadəcə, istəyirəm bir tövsiyyəmi nəzərə alasınız ki, hamımız bu dövlətin vətəndaşlarıyıq və bu dövlət də bizimdir. Calışib bütün problemləri ölkəmizin içində həll etməliyik. Onsuz da bizim Qarabağ boyda dərdimiz var. Elə torpaqların işğal olunmasının səbəblərindən biri də gündəmə yanlış informasiyaların buraxılması idi. Bu və digər faktlar göstərir ki, doğrudan da cəmiyyətin obyektiv informasiyaya ehtiyacı var. Əl-ələ verib bu ehtiyacı ödəməliyik. Qeyri Hökümət Təşkilatı dövlətə zərbə vurmamalıdır, əksinə, dövlətə vurulan zərbələrin qarşısında sipər olmalıdır”.
Görüşdə fondun nümayəndələri Siyab Məmmədov və Azər Həsrət də iştirak edib.
BAMF-ın İnformasiya Departamenti
