
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusun Banqladeşdəki ailə evinə və rəhbərlik etdiyi Grameen Bank-ın filiallarına qarşı törədilən hücumları qətiyyətlə pisləyib.
BAMF-ın bəyanatında bildirilib ki, zorakılıq hallarının davam etməsi insanların təhlükəsizliyi, sosial rifahı və ölkədə ictimai etimad baxımından ciddi narahatlıq doğurur.
Qeyd olunub ki, professor Məhəmməd Yunusun 23 noyabr 2026-cı il tarixli açıqlamasına əsasən, noyabrın əvvəlindən etibarən Grameen Bank-ın ölkə üzrə 100-ə yaxın filialı yandırıcı hücumlara məruz qalıb. Bu hücumlar bank əməkdaşlarının və onun xidmətlərindən istifadə edən insanların həyatını təhlükə altına salmaqla yanaşı, yerli icmalara göstərilən maliyyə xidmətlərinin fəaliyyətinə də ciddi zərbə vurub.
Fond bəyan edib ki, Məhəmməd Yunusun yoxsulluqla mübarizə, sosial sahibkarlıq və insanların iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyəti Banqladeşin hüdudlarını aşaraq beynəlxalq miqyasda mühüm humanist dəyərə çevrilib. Onun təşəbbüsləri, xüsusilə qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi və aztəminatlı insanların həyat şəraitinin yaxşılaşdırılması baxımından əhəmiyyət daşıyır.
BAMF-ın mövqeyinə görə, Grameen Bank-a qarşı hücumların əsas zərərini məhz bankın xidmətlərindən asılı olan aztəminatlı insanlar, fermerlər və kiçik sahibkarlar çəkir. Filialların yandırılması onların dolanışıq imkanlarını, maliyyə xidmətlərinə çıxışını və gələcəyə inamını təhlükə altına qoyur.
Bəyanatda vurğulanıb ki, heç bir siyasi qarşıdurma ailə evlərinə hücuma, insanlara qarşı təhdidlərə və əhaliyə xidmət göstərən qurumların dağıdılmasına bəraət qazandıra bilməz. Siyasi fikir ayrılıqlarının hüquqi mexanizmlər, dinc dialoq və demokratik iştirak yolu ilə həll edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondu Banqladeşin aidiyyəti dövlət qurumlarını hücumların qarşısının alınması üçün zəruri təhlükəsizlik tədbirləri görməyə, hadisələri operativ, şəffaf və qərəzsiz araşdırmağa, məsul şəxslərin qanun qarşısında cavab verməsini təmin etməyə çağırıb. Eyni zamanda, zərər çəkmiş filialların fəaliyyətinin və əhalinin maliyyə xidmətlərinə çıxışının bərpasının vacibliyi qeyd olunub.
Professor Məhəmməd Yunusla uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərinə malik olduğunu bildirən BAMF onunla, ailəsi ilə, Grameen Bank əməkdaşları və hücumlardan zərər çəkən insanlarla həmrəyliyini ifadə edib.
Fond, həmçinin beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını, akademik dairələri və sosial sahibkarlıq tərəfdarlarını zorakılığın dayandırılması, insanların təhlükəsizliyinin təmin edilməsi və zərər çəkmiş icmalara dəstək göstərilməsi istiqamətində səyləri birləşdirməyə çağırıb.
Bəyanatın sonunda BAMF professor Məhəmməd Yunusa dəstəyini bir daha ifadə edərək, yoxsulluqla mübarizə aparan insanların zəhmətinin, təhlükəsizliyinin və gələcəyə olan ümidlərinin müdafiəsinin vacibliyini vurğulayıb.


