Bu günlərdə Serbiyanın paytaxtı Belqrad şəhərində Beynəlxalq Mətbuat İnstitutunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib. Konfransa Azərbaycandan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu və adıçəkilən təşkilatın üzvü Azər Həsrət qatılıb. Tədbirdə Azərbaycan nümayəndə heyətinin necə iştirak etməsini, eləcə də hansı məsələlərin müzakirə olunmasını aydınlaşdırmaq üçün U.Rəhimoğlu ilə söhbətləşdik. O, ilk olaraq Beynəlxalq Mətbuat İnstitutu barədə məlumat verərək, tədbirdə hansı məsələlərin müzakirə edilməsilə bağlı fikirlərini bölüşdü.
– Təşkilat dünyada söz azadlığı və jurnalist peşəkarlığının artırılması istiqamətində fəaliyyət göstərən aparıcı və ciddi media qurumlarından biridir. Təşkilatımız 2000-ci ildən etibarən Beynəlxalq Mətbuat İnstitutu ilə əməkdaşlıq edir. Buna görə də həmin təşkilatın keçirdiyi bütün tədbirlərdə aktiv iştirak edirik. Bir neçə gün öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri olaraq mən və Azər Həsrət Serbiyanın Belqrad şəhərində Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi və 57-ci Baş Assambleyasında iştirak etdik. Azər Həsrətin iclasda fəallıq göstərməsini xüsusi qeyd etmək lazımdır. Baş Assambleyanın açılışı Serbiya Milli Məclisində keçirildi. Açılış mərasiminə ölkənin prezidenti də qatılmışdı. Beynəlxalq Mətbuat İnstitutunun direktoru Serbiya mediasının problemləri və ölkə prezidentinin bu məsələdə atdığı addımlarla bağlı geniş məruzə etdi. Konfransda qonşular, tərəfdaşlar, Şərqi Avropanın dərk edilməsi, yeni media, yeni imkanlar, yeni təhlükələr və başqa mövzularda tədbirlər keçirildi. Ümumiyyətlə, tədbirdə dünya ictimaiyyətini maraqlandıran, insan cəmiyyətini qayğılandıran müxtəlif mövzular ətrafında müzakirələr aparıldı. Qarabağ məsələsi və digər problemlərimiz ayrı-ayrılıqda gündəmə gəlməsə də, bu mövzularla bağlı müxtəlif formatda diskussiyalar keçirildi. Cənubi Qafqazda baş verən hadisələrdə informasiyaların dəqiq, obyektiv yayılması ilə bağlı da müzakirələr aparıldı. Tədbirdə transmilli məsələlər, tədqiqat jurnalistikasının problemləri ilə bağlı fikir mübadiləsi edildi. Öz çıxışlarımızda Azərbaycan mediasının vəziyyətini gündəmə gətirərək, məsələ ilə bağlı diskussiyaların açılmasına imkan yaratdıq.
Umud müəllim, tədbirlə yanaşı, Serbiyanın dövlət rəhbərlərilə də görüşlər keçirmisiniz. Görüşlərdə əsasən hansı məsələlər ətrafında müzakirələr aparıldı?
– Orada Serbiyanın bir sıra hökumət və dövlət rəhbərlərilə görüşlər keçirdik. Görüşlərdə əsasən Qarabağ problemilə bağlı müzakirələr apardıq. Serbiya prezidenti ilə görüşümüzdə ölkə rəhbərinə Qarabağ problemilə bağlı sual vermək istəyəndə o, “bizi sizin qədər başa düşən ölkə olmaz dedi”. Bu isə onun Qarabağ məsələsindən xəbərdar olmasının təzahürü idi. Daha sonra Serbiyanın şahzadəsi Aleksandr və onun xanımı ilə görüş keçirdik. Onların malikanəsində baş tutan görüş çox maraqlı alındı. Qarabağ məsələsi və təşkilatımızla bağlı hər iki şəxsi məlumatlandırdıq. Onlar görüşdən məmnun qaldıqlarını bildirərək, bizimlə əməkdaşlıq etmək üçün hazır olduqlarını bildirdilər.
Sözügedən konfransın və ayrı-ayrılıqda keçirdiyiniz görüşlərin nəticələrindən razı qaldınızmı?
– Görüşlərimiz, apardığımız müzakirələr xeyli faydalı oldu. Hesab edirəm ki, beynəlxalq konfranslarda iştirak etməyimiz Azərbaycan mediasının Avropaya inteqrasiyasına və inkişafına xidmət edən ciddi addımlardan biridir. Bu qurumlarda nə qədər çox təmsil olunsaq, belə tədbirlərə nə qədər çox qatılsaq, cəmiyyətimiz bundan bir o qədər çox faydalanar. Diqqətçəkən digər məqam isə adıçəkilən tədbirə Ermənistan nümayəndə heyətinin ilk dəfə qatılması idi. Onlar Beynəlxalq Mətbuat İnstitutunun belə tədbirlərindən birinin Ermənistanda keçirilməsi üçün ciddi cəhdlər edirdilər. Tədbir zamanı Ermənistan nümayəndələri bir neçə dəfə bizə yaxınlaşaraq Qarabağ problemi və regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparmaq üçün müraciətlər etdilər. Biz bu müraciətdən qaçmayaraq Qarabağ və region məsələlərini onlarla müzakirə edərək, Azərbaycanın iqtisadi inkişafını, ölkə reallıqlarını, torpaqlarımızı işğaldan azad edəcəyimiz barədə onları məlumatlandırdıq. Bununla yanaşı Qarabağ məsələsilə bağlı Azərbaycan prezidentinin tutduğu birmənalı mövqeyi də ermənilərin diqqətinə çatdırdıq.
Umud müəllim, Beynəlxalq Mətbuat İnstitutunun gələcək fəaliyyətindən hansısa gözləntiləriniz varmı?
– Bəli, bu təşkilatdan gözləntilərimiz böyükdür. Mən Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin direktoruyam. İnstitut rəhbərliyilə Milli Komitənin həyata keçiriləcək proyektlərə aktiv şəkildə qoşulması ilə bağlı müəyyən razılığa gəldik. Eyni zamanda Mətbuat İnstitutunun rəhbərliyilə növbəti tədbirlərdən birinin Azərbaycanda keçirilməsilə bağlı danışıqlar apardıq. Çox güman ki, bu ilin oktyabr, noyabr aylarında bu məsələ konkretləşdiriləcək və tədbirin Azərbaycanda keçirilib-keçirilməməsilə bağlı yekun qərar veriləcək. Zənnimcə, dünya mediasının aparıcı simalarının Azərbaycana gəlməsi, onların ölkə media orqanları ilə yaxından tanış olması və belə bir tədbirin Bakıda keçirilməsi çox faydalı ola bilər. Bu işin reallaşması və Azərbaycan mediasının inkişafı məqsədilə bundan sonra da Beynəlxalq Mətbuat İnstitutu ilə davamlı əməkdaşlıq etmək niyyətindəyik.
