Ölkə jurnalistlərinin 93 faizi sığortalanmayıb
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Mətbuat Şurası (MŞ) ilə birlikdə jurnalistlərin sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi imkanlarını araşdırmaq məqsədilə KİV-də çalışanlar arasında rəy sorğusu keçirib. Sorğu zamanı ümumilikdə 300 KİV işçisinə müraciət edilib. Onlardan 215 nəfəri sorğu anketlərini lazımı qaydada doldurub verib. Ənənəvi sorğulardan fərqli olaraq, bu dəfə KİV-də çalışan redaktorlar, məsul katiblər, şöbə müdirləri, köşə yazarları və müxbirlərlə yanaşı texniki işçilərin də (dizayner, yığıcı, kargüzar və sairə) rəyi öyrənilib.
Respondetlərin cəmi 13,4%-i çalışdıqları KİV-in maliyyə vəziyyətinin yaxşı olduğunu qeyd edib. Junalistlərin 37,6%-i calışdıqları KİV-in maliyyə durumunu pis, 34,4%-i isə orta qiymətləndirib.
Rəyi soruşulanlar arasında ən az əməkhaqqı məbləği 40 manat (9 nəfər), ən çox əməkhaqqı məbləği isə 700 manat (1 nəfər) olub. Ümumilikdə isə sorğuda iştirak edən KİV işçilərinin orta aylıq əməkhaqqı 181 manat təşkil edir.
Media işçilərinin əsas problemlərindən biri də onların mənzillərinin olmamasıdır. Respondentlərin 76,2%-i mənzil şəraitinin onları qane etmədiyini deyib.
Sorğu zamanı məlum olub ki, respondetlərin 70,2%-i bu günə qədər kredit imkanlarından istifadə edə bilməyib. Belə bir imkan yaradılarsa, onların 78,1%-i kreditlərdən yararlanmaq istəyir. Jurnalistlər dövlət tərəfindən güzəştli və uzun müddətli kreditlər veriləcəyinə böyük ümid bəsləyir.
Sorğu iştirakçıları xüsusi qeyd yerində maraqlı faktlar da göstəriblər. Məsələn, kimliyini gizlətməyən bir jurnalist baş redaktorları tərəfindən işçilərin qonorar və əməkhaqlarının bir hissəsinin mənimsənildiyini yazıb. Sorğuda iştirak edən jurnalistlər son on ildə dövlət büdcəsinin dəfələrlə artmasına baxmayaraq, qonorarlarının artmadığından gileylənib. Bu məsələ onları daha cox narahat edir.
BAMF sədri, MŞ İdarə Heyətinin üzvü Umud Rəhimoğlu sorğunu keçirməkdə əsas məqsədlərini açıqlayıb: ”Bizim bu sorğunu keçirməkdə əsas məqsədimiz jurnalistlərin real vəziyyətini müəyyənləşdirərək problemlərin həlli üçün konkret işlər görmək yollarını aramaqdır. Bu məqsədlə də bəzi işləri gerçəkləşdirmək barədə düşünürük. İnşallah, gələcəkdə həm Mətbuat Şurası, həm də digər media qurumları ilə birlikdə müəyyən işlər görməyi nəzərdə tutmuşuq.”
O, nəzərdə tutulan işlərdən danışarkən jurnalistlərə güzəştli kreditlərin verilməsi məsələsinə toxunaraq bunları deyib: ”Biz daim jurnalistikanın içərisində olan insanlar kimi media işçilərinin əsas problemləri ilə yaxından tanışıq. Lakin bəzi məsələlər var ki, onlarla bağlı daha konkret olmağa, yəni dəqiq rəqəmlərı bilməyə ehtiyac yaranırdı. Bu sıraya jurnalistlərin kredit imkanlarından yararlanmaq istəyinin olub-olmamasını da aid edə bilərik. Sorğu zamanı məlum olub ki, respondentlərin böyük əksəriyyəti kredit imkanlarından istifadə edə bilməyib. Lakin onların 78,1 faizi kreditlərdən yararlanmaq istəyir. Biz jurnalistlərin bu istəyinin reallaşması üçün imkanlarımızı səfərbər edəcəyik. Ümid edirəm ki, birlikdə çox işlərə nail ola biləcəyik.”
U.Rəhimoğlu son illər jurnalistlərin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işləri də xatırladıb: ”Azərbaycan hakimiyyəti də istəyir ki, ölkəmizdə media işçilərinin durumu yaxşılaşsın. Məlum oıduğu kimi, hazırda jurnalistlərə dövlət qayğısı proqramı hazırlanır. Məndə olan məlumata görə, sözügedən proqram üzərində aparılan ciddi işlər yekunlaşmaq üzrədir. Hesab edirik ki, bizim apardığımız bu sorğu da həmin proqramı hazırlayanların köməyinə yetəcək.”
