"Reket qəzetləri hamı tanıyır"

02.07.2008 · 1147 baxış

On iki gün bundan əvvəl jurnalistlərin qurultayı keçirildi və Mətbuat Şurasının yeni tərkibi seçildi. Azərbaycan mətbuatı üçün önəm kəsb edən bu hadisənin üstündən bir o qədər də vaxt keçməsə də qarşıdan daha önəmli bir hadisə gəlir. Söhbət bu ayın 22-də 133 illiyi qeyd olunacaq milli mətbuat günündən gedir. Jurnalistləri mətbuat gününün bayram olması ilə yanaşı başqa bir məqam da ilgiləndirir. Məsələ burasındadır ki, mətbuat günü ərəfəsində jurnalistlər üçün sürprizlər ola bilər. Təbii ki, söhbət mətbuatın inkişafına dövlət yardımı konsepsiyasının qəbul olunacağı ilə bağlı gözləntidən gedir. Hər halda ortada olan budur ki, Mətbuat Şurasının yeni tərkibi seçilib və hansısa güzəştlər olsa onu şura rəhbərliyi balanslaşdıracaq. Maraqlıdır, Mətbuat Şurasının yeni seçilən tərkibinin özü oturuşubmu və gələcək işlər barədə planları varmı? Bütün bu məsələlərə Mətbuat Şurası İdarə Heyətinə təkrar üzv seçilən Umud Mirzəyevlə aydınlıq gətirməyə çalışaq.
On iki gündür ki, Mətbuat Şurasının yeni tərkibi formalaşıb. Bu müddət ərzində yeni tərkib bir araya gələ bilibmi və şura qarşıda hədəf kimi nəyi görür?
– Sözün düzü, Mətbuat Şurasının yeni tərkibinə seçilən həmkarlarımızın bir çoxu bu günlərdə Türkiyəyə ezamiyyətə yollandılar və onların bəziləri qayıtsa da, bəziləri səfərlərini davam etdirirlər. Ona görə də biz düz-əməlli bir yerə yığıla bilməmişik. Amma yəqin ki, yaxın günlərdə biz bir araya gəlib qurultaydan sonrakı vəziyyəti, tədbirdə səslənən təklifləri İdarə Heyətində müzakirə edəcəyik. Yəqin ki, müzakirə nəticəsində qaldırılan məsələlərin növbəti mərəhələdə necə həyata keçirilməsi barədə ortaq məxrəcə gələcəyik. Yəni Mətbuat Şurasının indidən sonra hansı formada fəaliyyət göstərməsi üçün konkret strategiya hazırlanacaq.

22 iyul ərəfəsində mətbuata dövlət yardımı konsepsiyasının qəbul olunacağı deyilir. Sizcə konsepsiya bu ərəfədə qəbul olunacaqmı?
– Bu konsepsiya bir adamın əməyinin məhsulu deyil. Bu, bütövlükdə Mətbuat Şurası və onun ətrafında toplaşan komandanın və eyni zamanda Prezident Aparatının məsul şəxslərinin iştirakı ilə hazırlanan, dəfələrlə müzakirə edilən bir sənəddir. Yadınızdadırsa bu məsələyə qurultay zamanı da toxunuldu və Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri cənab Əli Həsənov dedi ki, sənəd yaxın zamanlarda cənab prezidentə təqdim ediləcək və yəqin ki, konkret addımlar atılacaq. Düşünürəm ki, konsepsiyada mətbuatın problemləri ilə bağlı məsələlər kifayət qədər öz əksini tapıb. Ümid edirəm ki, bayrama qədər konsepsiya ilə bağlı qərar qəbul olunacaq.

Azərbaycan mətbuatının problemləri kifayət qədər çoxdur. Necə düşünürsünüz, konsepsiya qəbul edilsə heç olmasa bu problemlərin 50 faizi həll oluna bilərmi?
– Mən əminliklə deyə bilərəm ki, konsepsiyada Azərbaycan mətbuatının əksər problemləri öz əksini tapacaq. Güman edirəm ki, konsepsiya qəbul olunandan sonra bizim əksər problemlərimiz həll olunacaq. Niyə biz bunu 50 faizlə hesablamalıyıq? Mərhələ ilə də olsa çalışıb problemlərin 100 faiz həllinə səy göstərməliyik. Düşünmürəm ki, biz problemlərin 50 faizinin həlli üçün start götürək. Yəni daha böyük faizə can atmaq lazımdır. Problemlər deyəndə onları sıralamaq olar və hesab edirəm ki, burda obyektiv və subyektiv məqamlar var. Eyni zamanda burda hökumətdən asılı olan məqamlar da mövcuddur. Həm də bizim özümüzdən asılı olan məqamlar da xeylidir. Hesab edirəm ki, biz hamımız birlikdə bu problemlərin həllinə çalışmalıyıq.

Bir reallıq da var ki, bu gün kimin əsl mətbuat, kimin səviyyəsiz, yaxud «reket» qəzeti olduğunu müəyyənləşdirən hansısa ölçü cihazı yoxdur. Sizə elə gəlmirmi ki, konsepsiya qəbul olunandan sonra mətbuatın daxilində yardımlar üstündə narazılıqlar düşəcək?
– Biz Azərbaycanda yaşayırıq və burda kimin kim olduğu bəllidir. Yəni «reket»çiliklə fəaliyyət göstərən qəzetləri hamı tanıyır. Kimsə «reket»çiliklə məşğuldursa və deyirsə ki, mən «reket»çiliklə məşğul deyiləm, onun nə deməyindən asılı olmayaraq vəziyyət ortadadır. Yəni çox qısa vaxt ərzində bəlli olacaq ki, «reket»çiliklə kim məşğuldur və yaxud hansısa qəzet yenicə fəaliyyətə başlayıb bu yolu seçsə onlar da tezliklə aydınlaşacaq. Hesab edirəm ki, sözə xidmət edən, vicdanla işini quran, peşəkar jurnalistikayla məşğul olan insanlar bu konsepsiya qəbul olunandan sonra stimul hiss edəcəklər. Amma bir şeyi deyim ki, özəl qəzetdə çalışan bir jurnalistin qayğısı daha çox işlədiyi qəzetin rəhbərindən asılıdır. Hər bir qəzet təsisçisi, hər bir rəhbər eyni zamanda öz əməkdaşının problemləri ilə yaşamalıdır və onun çətinliklərini aradan qaldırmaq üçün düşünməlidir. Bununla bağlı biz sorğular aparırıq və buna görə də mən qəzetlərdəki vəziyyətlə müəyyən qədər daha yaxından tanış oluram.

Yeri gəlmişkən siz həm də Beynəlxalq Avrasiya Mətbuat Fonduna rəhbərlik edirsiniz və sorğular keçirirsiniz. Mətbuatla bağlı bu sorğuların ümumi nəticəsi necədir?
– Bu yaxınlarda biz mətbuatın durumu ilə bağlı sorğu keçirdik. Bu barədə mətbuatda da məlumat verilib. Həmin sorğu nəticəsində məlum oldu ki, Azərbaycan mətbuatında çalışan jurnalistlərin əmək haqqı 40 manatdan 700 manata qədərdir. Yəni ən aşağı əmək haqqı 40 manatdır. Orta aylıq əmək haqqı isə 181 manat. Təbbi ki, aşağı əmək haqqı alanlar yenicə fəaliyyət göstərən jurnalistlərdir. Amma istənilən halda 40 manat almaqla fəaliyyət göstərmək, peşəkar jurnalist olmaq çox çətindir. Düzdür, bizim yaxşı əmək haqqı alan jurnalistlərimiz də var. Ancaq onların sayı çox azdır. Bunun üçün də hesab edirəm ki, Mətbuat Şurası İdarə Heyətinin həm köhnədən qalan, həm də yeni tərkibə daxil edilən üzvləri bu məsələ üzərində ciddi işləməlidirlər. Yəqin ki, bu məsələyə biz ciddi yanaşacağıq. Ola bilsin ki, yaxın günlərdə bu məsələnin üstünə gələk. Bir yandan da qarşıdan mətbuat bayramının gəlməsi məsələni zəruri edir. Bir sözlə gözləmək olar ki, 22 iyula qədər həm Mətbuat Şurası bu məsələlərə toxunacaq, həm də hökumət addımlar atacaq. Düzdür, səlahiyyət hökumətdədir. Amma inanıram ki, hökumət uyğun bir vaxtda məsələyə diqqət ayıracaq.

Jurnalistlərin qurultayı ərəfəsində, hətta qurultay zamanı, o cümlədən qurultaydan sonra da belə fikirlər səsləndi ki, alternativ Mətbuat Şurası yaradıla bilər. Ancaq elə bil son günlər bu söhbətlər əhəmiyyətini itirir. Sizcə alternativ qurum yaratmaq ideyası arxivə göndərilmək mərhələsinə qədəm qoydumu?
– Qurultay bizim böyük bir məclisimizdir və burda hər cür fikirlər səslənə bilər. Hesab edirəm ki, cürbəcür fikirlərin səslənməsi normaldır. Ancaq mən hesab etmirəm ki, hər kəsin fikrinin arxasınca qaçmaq və ya konkret addımlar atmaq lazımdır. Hər halda mən düşünmürəm ki, Mətbuat Şurasına qarşı alternativ qurumun yaradılması üçün addımlar atılacaq. Məsələ burasındadır ki, Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti bu qurultayda iştirak etdi və öz idarələrini ortaya qoydu. Hesab edirəm ki, hər kəs qurultayın qərarlarına hörmətlə yanaşmalıdır. Bu halda bizim uğurlarımız daha çox olacaq və o zaman jurnalistikanın problemlərini birgə həll edə biləcəyik.

Bugünlərdə Avropa Şurasında Azərbaycanda söz azadlığı ilə bağlı məsələ müzakirə olundu. Həmin müzakirələrdə söz azadlığı məsələsi yenidən gündəmə gəldi. Avropa Şurasındakı müzakirələrə sizin münasibətiniz necədir?
– Mən sizə bir məsələni deyim ki, biz bu yaxınlarda Belqraddan səfərdən döndük və səfərin məqsədi Beynəlxalq Mətbuat İnstitutunun 57-ci Baş Assambleyasında iştirak etmək idi. Assambleyada nəinki Azərbaycanda, ümumiyyətlə Amerikada mətbuatın problemləri ilə bağlı fikirlər səslənirdi. Söz azadlığı məsələsi elədir ki, bunun az və çox olması ilə bağlı müxtəlif fikirlər söyləmək mümkündür. Amma mən hesab edirəm ki, Azərbaycan keçid dövürndə yaşayan bir ölkədir və bizim problemlərimizin olması da təbiidir. Azərbaycanda söz azadlığı ilə bağlı problemlərin olduğunu inkar etmək düzgün olmazdı. Bu gün söz azadlığı ilə bağlı hansısa problemlər ola bilər. Amma unutmaq olmaz ki, bu gün həm də mətbuatın inkişafı üçün dövlətin konsepsiya qəbul edəcəyi gözlənilir. Hökümət özü də maraqlıdır ki, bu konsepsiya qəbul olunsun. Yəni belə olan halda qəti şəkildə mətbuata qayğının olmamasını demək düzgün deyil. Hesab edirəm ki, problemlərin həlli həm ölkə rəhbərliyi tərəfindən, həm də müvafiq sturukturlar tərəfindən dəyərləndirilir. Və Mətbuat Şurası da bu problemlərin aradan qaldırılması üçün əlindən gələni növbəti mərəhələdə edəcək. Bunun da yaxın zamanlarda şahidi olacağıq ki, müəyyən dəyişikliklər baş verəcək.
Mənbə: “Şərq” qəzeti. Yazar: Teymur. Tarix: 02 iyul 2008-ci il

(c) 2018. IEPF