Bu gün TRT İstanbul Televizyon Müdür Yardımçısı Hüseyin Başusta xanımı Madelətlə birlikdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisini ziyarət edib. Artıq üç gündür Bakıda olan qonaqlar burada BAMF-ın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, həmçinin qurumun digər təmsilçiləri ilə görüşüblər. Gorüşdə hər iki ölkədə medianın durumu, son dövrlərdə dünyada baş verən və Türk dünyasını maraqlandıran hadisələr müzakirə edilib. Azərbaycanda ilk dəfə olan Hüseyin bəy Bakını çox bəyəndiyini deyib: ”Mən Orta Asiya Türk dövlətlərində bir neçə dəfə olsam da, bu, Azərbaycana ilk səfərimdir.
Azərbaycana gəlməyi çoxdan düşünürdük, amma işlərimizin çoxluğundan bu niyyətimizi reallaşdıra bilmirdik. Umud bəyin bizi qardaş Azərbaycana dəvəti bu səfəri reallaşdırdı. Mən Bakını çox bəyəndim. Burada çoxlu tikinti və quruculuq işləri gedir. Ümid edirəm ki, Azərbaycanın gələcəyi daha da gözəl olacaq. ”
Görüşdə iştirak edən BAMF təmsilçiləri Rey Kərimoğlu və Azər Həsrət də qonaqla fikir mübadiləsi etmiş, onun Azərbaycana yeni səfərlərini arzu etdiklərini bildirmişlər. Qeyd edək ki, Hüseyin bəy və onun xanımı U.Rəhimoğlunun dəvəti ilə ölkəmizə səfərə gəliblər.
