Xəbər verdiyimiz kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu və ailəsinin dəvəti əsasında Azərbaycanda səfərdə olan TRT İstanbul Televizyonu Müdür Yardımcısı və prodüseri Hüseyin Başusta və xanımının görüşləri davam edir.
Dünən qonaqlar Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüblər. Mətbuat Şurasından verilən məlumata görə, Ə. Amaşov qonağa şuranın media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsində gördüyü işlər barədə məlumat verib. O, ölkələrin bir-birinə yaxınlaşmasında media qurumlarının üzərinə düşən vəzifələrdən söhbət açıb və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirdiklərini vurğulayıb: “2006-cı ildə və bu ilin aprelində Türkiyə və Azərbaycanın media təmsilçilərinin iştirakı ilə geniş konfrans təşkil etdik. Bundan başqa, mütəmadi olaraq jurnalistlərimizin Türkiyəyə səfərləri də reallaşdırılır. Düşünürəm ki, bu tədbirlər təcrübə mübadiləsi baxımından son dərəcə əhəmiyyətlidir”.
H. Başusta da qarşılıqlı münasibətlərin dərinləşməsində, xalqların bir-birini daha yaxından tanımasında medianın önəmli rol oynadığını söyləyib.
Bu gün isə H.Başusta U.Rəhimoğlu ilə birgə İctimai Televiziyanın “Yeni gün” səhər proqramının qonağı olub.
