Müəllif: Seymur Verdizadə, “Reytinq” qəzeti, 25 may 2008
Füzulidəki həmin partlayış təkcə Namiq və Xədicə Məmmədovları deyil, vətən torpağını da yaralayıb
Qatar axırıncı dəfə ləngər vurub, Horadiz stansiyasında dayandı. Bu yerlərə nabələd olsam da, səhvimi dərhal anladım: gərək qatardan Kərimbəyli kəndində düşəydim…
Soyuq divarlarda güllə nişanı
Saatın əqrəbləri 8.30-u göstərirdi. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Füzuli rayonunun Kərimbəyli kəndində yaşayan əməkdaşı Atlas Ağayeva ilə görüşümüzə düz 2 saat qalırdı. Jurnalist marağı güc gəldiyi üçün qəsəbəni gəzməyə qərar verdim. Horadizin 1993-cü ilin payızında bir neçə aylığa ermənilərin əlinə keçməsi təsirsiz ötüşməyib. Hələ də divarlarda güllə izlərinə rast gəlmək mümkündür. Yandırılmış bəzi evlər isə əsaslı təmir olunmayıb. Ermənilər tez-tez atəşkəsi pozduqları üçün qəsəbədən indi də barıt qoxusu gəlir.
Məni Horadizdən Kərimbəyli kəndinə aparan taksi sürücüsü minadan zərər çəkmiş Məmmədovlar ailəsi ilə görüşəcəyimi öyrənəndə belə dedi: “Onları Allah qurtarıb”. Sual dolu baxışlarımı görəndə sözünün davamını gətirdi: “Bu, 14 illik fasilədən sonra Füzuli ərazisində partlayan ilk mina idi. İnsanlar hələ də qorxu içərisində yaşayırlar. Bu problemdən çox yazmaq lazımdır. Əhali bu barədə nə qədər çox məlumatlı olsa, itkilərimiz bir o qədər az olar”.
216 yaralı və…
BAMF və Azərbaycanda Minalardan Zərərçəkənlər Asossiasiyası 2007-ci ilin iyulundan etibarən ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə “Füzulidə Minalardan Zərərçəkənlərin Asossiasiyasının yaradılması və Tərtər regional bölməsinin istiqamətləndirilməsi” adlı layihə həyata keçirir. Layihənin əməkdaşı Atlas Ağayevanın sözlərinə görə, ötən 11 ay ərzində əhali arasında maarifləndirmə işləri aparılıb, minalardan qorunmaq üçün çoxlu sayda əyani vəsait hazırlanıb: “Bu günə kimi Füzuli rayonu ərazisində 216 nəfər minaya düşüb. Onlardan 143-ü Füzuli sakinidir. Mina partlaması nəticəsində dünyasını dəyişən hərbçi və dinc sakinlərin sayı 34 nəfərdir. Layihənin əhatə etdiyi Beyləqan, İmişli, Saatlı, Ağcabədi və Tərtər rayonlarında isə minadan əziyyət çəkənlərin sayı təxminən 300 nəfərdir. Bu adamların problemlərini ictimailəşdirmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün geniş fəaliyyət proqramına ehtiyac var”.
“Qaçqınam, köçkünəm, halımı sorma…”
Həyətdə əkilmiş müxtəlif güllər səliqə ilə tikilmiş birmərtəbəli evə xüsusi yaraşıq verir. Dörd bir tərəfdən yaşıllıqlarla əhatələnmiş aynabənddə söhbətə başlayırıq. Bu il fevral ayının 28-də baş vermiş hadisə barədə ilk təəssüratımız Xədicə və Namiq Məmmədovların sifətindəki çapıqları görəndə yaranır. Amma evin xanımı söhbətə bir az keçmişdən başlayır: “1993-cü il oktyabr ayının 23-də ermənilər Horadiz yolunu bağladılar. Uşaqların atası işdə idi. Başımı itirmişdim. Düşmən qonşu Araz Yağlıvənd kəndini raket atəşinə tutmuşdu. Uşaqların əlindən tutub, yola çıxdıq. Bu vaxt yanımızda bir yük maşını dayandı. Tələsik maşına mindik. Hamı sərhədə yığışmışdı. Bir neçə saat sonra Horadiz keçid məntəqəsindən İrana keçdik. Dişimizlə, dırnağımızla qurub-yaratdığımız ev içindəki əşyalarla birlikdə erməniyə qaldı. İmişli istiqamətinə çatanda Arazın bu tayına keçdik. Kərimbəyli işğaldan azad olunana kimi İmişlinin Cəfərli kəndində yaşadıq. Bizim yaşadığımız məşəqqətli günləri heç kimə arzulamıram…”
Bu yerdə Xədicə xalanın səsi qırılır. Qəhər onu boğduğu üçün danışa bilmir. Amma bizi intizarda qoymaq istəmədiyi üçün çox keçmədən titrək səslə söhbətinə davam edir: “Yanvar ayında kəndimiz düşmən işğalından azad olundu. Ərazi minalardan təmizlənmədiyi üçün bizi bir neçə ay Kərimbəyliyə buraxmadılar. Mart ayında hərbçilərdən məni qəbiristanlığa aparmalarını xahiş etdim. Kəndə çatanda gördüyüm mənzərədən dəhşətə gəldim. Evlərin çoxu yandırılmışdı. Yolları ot basmışdı. Hələ də bəzi evlərdən tüstü qalxırdı. Nə qədər yalvar-yaxar etsəm də, evimizə getməyə icazə vermədilər”.
Namiq müəllim deyir ki, hərbçilər iyun ayında kəndə qayıtmalarına icazə verirlər. Maşınla darvazaya qədər gəlsələr də, həyətə keçə bilmirlər. “Alaq otları yol-rizi bağlamışdı. Qolumuzu çırmalayıb, işə girişdik. Bir neçə saat sonra hər tərəfi yabanı otlardan təmizlədik. Evimiz tamamilə yanmışdı. Qaralmış divarlara baxanda adamın ürəyinin başı göynəyirdi. Anam dizini yerə qoyub, hönkür-hönkür ağladı. Atam da, mən də göz yaşlarımızı saxlaya bilmirdik. Atamla anam bir müddət maşında yaşadılar. Mən isə əmimgildə qaldım. Nəhayət, otaqlardan birini səliqəyə salıb, ora köçdük”.
Qara gələn bayram
Xədicə Məmmədova və oğlu Namiq Məmmədov 28 fevral 2008-ci ili özlərinin ikinci doğum tarixi sayırlar. Deyirlər ki, həmin gün qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq, həyətdə təmizlik işləri aparırmışlar. İşlərini tamamladıqdan sonra bir yerə topladıqları zibilə od vurub yandırıblar. “Azərbaycanın hər yerində olduğu kimi, Qarabağda da Novruz bayramına xüsusi hazırlıqlar görülür”, – deyə Xədicə xala baş vermiş hadisəni nəql edir: “Bizim tərəflərdə bayram hazırlıqlarına həyət-bacanı səliqəyə salmaqla başlayırlar. Həmin gün biz də həyətdə xeyli işlədik. Hava soyuq olduğu üçün ocağın yanında dayanıb, bir az isinmək istədim. Namiq də, gəlin də, 7 yaşlı nəvəm Zöhrə də yanıma gəldilər. Birdən həyətin o başındakı bir qucaq qurumuş ot gözümə sataşdı. Gəlini otu gətirməyə göndərdim. Allahdan olan kimi bu vaxt işıqlarımız yandı. Zöhrəni də soyuducuya baxmağa göndərdim. Ocağın kənarında Namiqlə mən qalmışdım. Bu vaxt dəhşətli partlayış baş verdi. Sonralar bu barədə fikirləşəndə dəhşətə gəldim. Bilirsiniz, həyətyanı sahəni hasarlamaq istəyirdik. Bu məqsədlə üç gün əvvəl bir maşın kubik gətirtmişdik. “KamAZ” partlayışın baş verdiyi ərazidən keçmişdi. Görünür, mina çox dərində olduğu üçün partlayış güclü yanğından sonra meydana gəlib”.
“Tom və Cerri” – Zöhrənin xilaskarı
Həmin gün balaca Zöhrə ölümdən təsadüf nəticəsində xilas olub. Zöhrə hadisəni belə xatırlayır: “Tez-tez işığımız sönür. Ocağın kənarında isinəndə, işıqlar yandı. Nənəm məni soyuducuya baxmağa göndərdi. Evə girib, televizoru yandırdım. Hansısa telekanalda ən çox sevdiyim “Tom və Cerri” cizgi filmi nümayiş olunurdu. Hava bir az soyuq olduğu üçün evdə oturub, cizgi filminə baxmağa qərar verdim. Televizorun qarşısında əyləşdim. Aradan bir dəqiqə keçməmiş həyətdə dəhşətli partlayış baş verdi. Çölə çıxanda nənəmi də, dayımı da qanın içində gördüm”.
Hadisə baş verdiyi vaxt Namiqin həyat yoldaşı bir qədər kənarda olduğu üçün heç bir xəsarət almayıb. Amma Namiq və anası ağır yaralanıblar. Xədicə xala danışır: “Partlayış o qədər güclü oldu ki, səsdən qulaqlarım tutuldu. Özümə gələndə gördüm ki, Namiqin hər tərəfi qandır. Sifəti tanınmaz hala düşmüşdü. Ona kömək etmək istəsəm də, yerimdən qalxa bilmədim. Sol tərəfdən qabırğamın üstü parçalanmışdı. Bir də xəstəxanada özümə gəldim. 9 gün xəstəxanada yatdıq. O vaxtdan təxminən üç ay keçsə də, müalicəmiz hələ də davam edir. Bədənimdə 7 qəlpə var. Namiq isə 17 qəlpə ilə gəzir. Əsəbləri pozulub. Gecə səhərə qədər gözünə yuxu getmir”.
Söhbət əsnasında o da məlum oldu ki, bu günə kimi heç bir rəsmi instansiya Məmmədovların taleyi ilə maraqlanmayıb. Müalicə üçün tələb olunan bütün vəsaiti zərərçəkənlər özləri ödəyiblər. Namiq Məmmədovun sözlərinə görə, ötən müddət ərzində onlarla yalnız BAMF sədri Umud Rəhimoğlu maraqlanıb.
Son söz əvəzi: Söhbətimiz başa çatır. Namiq bizə hadisənin baş verdiyi ərazini göstərir. 14 il sonra Füzulidə partlayan bomba təkcə Namiq və Xədicə Məmmədovları deyil, vətən torpağını da yaralayıb. Məmmədovlar torpağın sinəsində açılmış çuxuru erməni vandalizminin ən bariz nümunəsi kimi qoruyurlar…
Bakı-Füzuli-Bakı
