Mən ailə dostumuz Elmiranın nəzakətli dəvəti ilə ilk dəfə Naxçıvan Muxtar Respublikasına səfər etdim. Özüm, həyat yoldaşım Lalə və bizim 5 aylıq oğlumuz Joel ilə səfərə çıxdım. Mən, həmçinin xanımım ilk dəfə idi ki, Azərbaycanın bu bölgəsindəydik. Mənim üçün səfər Bakıdan Naxçıvana bir saatlıq yüngül uçuş oldu; havadan görünüş Azərbaycanın paytaxtı Bakının hündür binaların tikilməsi və yaxşı yol şəbəkələrinin qurulması ilə necə sürətlə inkişaf etdiyini aşkara çıxardı. Naxçıvana çatanda təyyarədən enərkən biz təmiz və sakit hava ilə qarşılaşdıq. Mənim həyat yoldaşım çox sıx məskunlaşmış paytaxt Bakı ilə müqayisədə Naxçıvanın havasının necə təmiz olduğunu müşahidə etdi.
Mənim üçün Naxçıvan Qafqazda və geniş mənada Yer kürəsində ən gözəl məkandır. Mən Azərbaycanın digər bölgələrində də olmuşam, lakin işğalla bağlı olan fəaliyyətlər mənim bu bölgələrə səfər etməyimə səbəb olmuşdu. Naxçıvana səfərim isə məhz istirahət məqsədi daşıyırdı. Əlbəttə Füzuli, Tərtər və Qarabağın işğal olunmuş bütün əraziləri gözəldir. Lakin mən qeyd etməkdən çəkinməyəcəm ki, mənim bu fərqli bölgələri dərk etməyim fərqli prespektivlərə əsaslanır. Naxçıvana bu səfərimdə məni heyran edən şeylərdən biri də yüksək dağlarla əhatələnmiş mühit, alçaq yaşıllıqların uzanan mənzərəsi, insanların adət-ənənəsi və ümumi yaşayış tərzi, vadilər, yaşıllıqlar, bulaqlar və göllər, unudulmaz xörəklər, birbaşa bağlardan yığılmış təbii gündəlik istehlak məhsulları və meyvələrdir.
Naxçıvan tarixdə strateji rola malikdir. Bundan başqa hazırda bura Əshabi-Kəhfi ziyarət etməyə gələn İslam dindarları üçün ziyarətgah, həmçinin Xristian etiqadı üçün də əhəmiyyətli məkandır. Nəhayət qədim tarixə

nəzər salsaq Ağrı dağı (hansı ki, bir zamanlar Naxçıvanın daxili rayonlarına uzanan dağlıq idi, lakin hazırda indiki Türkiyə ərazisində yerləşir). Ağrı Nuhun gəmisinin sahilə çıxdığı yer olduğu güman edilir. Əslində insan mənşəyinin yeni mərhələsini dünyanın bu hissəsində izləmək mümkündür və bütün bəşəriyyətin bu bölgədən kök aldığını iddia etmək olar.
Naxçıvan haqqında qısa məlumat: eksklav olan Naxçıvan MR-ın paytaxtı Naxçıvan şəhəridir. MR-in tərkibində olan digər rayonlara Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur daxildir. İran, Türkiyə, Ermənistan və Araz çayı Azərbaycanın eksklavı olan Naxçıvanı müxtəlif tərəflərdən əhatə edir. Naxçıvanı digər yandan Kiçik Qafqaz sıra dağları əhatə eləyir.
MR Azərbaycan tarxində mühüm yerə malikdir. Naxçıvan böyük Azərbaycanın görkəmli oğul və qızlarının vətənidir. Böyük Azərbaycan dedikdə, Cənubi Azərbaycan da nəzərdə tutulur, hansı ki əslən Azərbaycan
torpaqları olmuş, 1828-ci il müqaviləsinə əsasən indiki İranın tərkib hissəsidir (Türkmənçay müqaviləsi – Rus-İran müharibəsndən sonra İranla Rusiya arasında bağlanmışdır). Naxçıvanın görkəmli oğullarına Memar Əcəmi (öz dövrünün dünyaca tanınmış memarı), Koroğlu ( xalq qəhrəmanı), Hüseyn Cavid (şair və milli qəhrəman) və əlbəttə ki, Heydər Əliyevi (20-ci əsrin böyük dövlət xadimi və böyük siyasətçi) aid etmək olar.
Naxçıvanın əhalisinin əksəriyyətini fermer və maldarlar təşkil edir. Keçmişdə Naxçıvanın daxili rayonları Ermənistan da daxil olmaqla onu əhatə edən qəsəbələri ərzaqla təmin edirdi. Naxçıvanda bizi qonaq edən ailə, əslən Şərur rayonundan olan Baba kişi mənə izah etdi ki, Azərbaycan və Ermənistanın əmin-amanlıq şəraitində birgəyaşayışı dövründə o və onun kəndindən olan digər fermerlər ferma məhsullarını davamlı olaraq Ermənistana ixrac edirmişlər. Lakin Ermənistanın Azərbaycan ərazilərinə hərbi müdaxiləsindən sonra bu adət tarixdə qalmışdır. Həmçinin Baba kişi öz sözləri ilə mənə izah etdi ki, bütün Sədərək və Şərur kəndlərinin ərazisi qərbdə Türkiyəyə, Şimalda Ermənistana, Cənubda Araz çayına və İrana qədər uzanan şərab və üzüm plantasiyaları olub. Ancaq bütün bu üzüm bağları Azərbaycan ərazisinin Rusiya tərəfindən işğalından sonra dağıdılıb. O vaxtlar Qorbaçov bunları communist ideyalarına zidd kimi xarakterizə edərək onların məhv edilməsinə əmr veribmiş.
Naxçıvan torpağı qida maddələri ilə zəngindir və hər növ məhsul – kartof, pomidor, alma, yemiş, taxıl üçün münbitdir. Qeyd edim ki, bütün bu məhsullar Naxçıvan torpağında olduqca boldur. Qida məhsullarından başqa Naxçıvanda heyvanların bütün növləri – keçilər, qoyunlar, inəklər, eşşəklər və atlar bəslənilir. Azərbaycan eksklavı həmçinin duz və molibden kimi minerallarla da çox zəngindir.
Mənim səfərim sevgi rəmzi olan 14-cü əsrin memarlıq abidəsi – Mömine Xatun türbəsini, Ermənistan və Azərbaycan ərazilərini ayıran Zəngəzur dağlarını, Ermənistan, Azərbaycan və İran ərazilərindən keçən Araz çayını, Naxçıvanın ən hündür zirvəsi olan, həmçinin Nuhun gəmisinin bir müddət lövbər saldığı deyilən ərazi hesab olunan Qapıcıq dağını və İlandağı görməyə şərait yaratdı. Məni heyrətləndirən digər ərazilərə Heydər Əliyev muzeyi, Huseyn Cavidin muzeyi və Naxçıvanın Baş muzeyi daxil oldu. Naxçıvanın hər tərəfində təmiz su axınları var; ərazi bulaq suları ilə zəngindir. Belə ki, bulaqları faktiki olaraq MR-in hər bir tərəfində tapmaq olar.
Ziyarət etdiyim və mənim xatirimdə həmişə qalacaq olan yerlərdən biri də, Əshabi-Kəhf idi.Əshabi-Kəhf arzular mağarası kimi tərcümə olunur. Mənə danışılan hekayəyə görə bir çox əsrlər bundan əvvəl baş vermiş hadisələrə əsasən mağara müqəddəs elan edilmişdir. Qəddar hökmdardan qaçıb canını qurtarmaq istəyən üç dost mağarada gizlənirmiş. Hekayəyə əsasən hadisə Xristianlıqdan və hər hansısa bir dinin meydana gəlməsindən əvvəl baş vermişdir. Allaha onları mühafizə etməsi üçün yalvaran üç dostu Allah dərin yuxuya qərq etmişdir. Bir neçə əsr keçdikdən sonra üç dost yuxudan ayılmışlar. Cəmiyyətlə əlaqə prosesində onlar aşkar ediblər ki, üç əsrdən çoxdur ki, yatırmışlar. Əfsanəyə əsasən onlar sonralar Əshabi-Kəhfin daş parçalarına çevrilmişdilər.
İslamda Əshabi-Kəhfdən Quran surəsində də sitat gətirilmişdir (Qurani-Kərim, Kəhf surəsi, 18-ci ayə). Bura dünyanın müqəddəs yerlərindən biri kimi tanınmışdır. Təəccüblü deyil ki, mən orda Əshabi-Kəhfi ziyarət etmək üçün gələn çox sayda əcnəbini gördüm. Azərbaycanın hazırkı höküməti sayəsində, mağaraya ziyarət yenidən bərpa edilmiş pilləkən və yollar vasitəsilə xeyli asanlaşmışdır. Həmçinin mağaranın ətraf əraziləri
gözəlləşdirilmişdir. Mənim fikrimcə əgər bu yer çox yaxşı istifadə edilsə, əcnəbilər üçün Azərbaycanın mühüm turizm məntəqəsinə çevrilə bilər və beləliklə hökumət üçün gəlir mənbəyi ola bilər (necə ki, bütün dünyada təcrübədən keçirilmişdir. Uyğun nümunə kimi Birləşmiş Ərəb Əmirliklərindəki Məkkəni göstərmək olar).
Təbii gözəlliklərdən başqa Naxçıvanın əsas şəhəri çox təmiz və rahat ərazidir. Buna baxmayaraq həyat burda böyük şəhərləri səciyyələndirən yol tıxacları, ekoloji çirklənmələr və çirkli ətraf mühitdən azaddır. Mənim həyat yoldaşıma görə Naxçıvan şəhəri müasir dövrə çox uyğundur.
Naxçıvanda qaldığım vaxt ərzində mən məğrur adamların həyat tərzini öyrənməyə həvəsləndirildim. Naxçıvanın sakinləri öz irsləri ilə olduqca qürur duyurlar. Bəzən bu qürur lovğalıqla səhv salınır. Lakin məğrur şəxslər kimi onlar ilk öncə Azərbaycan vətəndaşı kimi özlərini tanıyırlar, lakin öz irslərinin haradan qaynaqlandığını heç vaxt unutmurlar. Naxçıvan sakinlərinin bu cür səciyyələndirilməsi onların dünyanın hansı hissəsində məskunlaşmaqlarından asılı olmayaraq birgəyaşayışından və qardaşcasına mehribanlığı möhkəmləndirmək bacarığından irəli gəlir. Naxçıvanda əldə etdiyim digər uzunmüddətli təəssürat odur ki, burda ailəyə böyük dəyər verilir və insanların adət-ənənələri yaxşı saxlanılır, gənc nəsillərə ötürülür. Bu, həmçinin bütün Azərbaycanlılar üçün səciyyəvi xüsusiyyətdir. Naxçıvan sakinləri öz irsləri ilə qürur duyduqları kimi Naxçıvan Muxtar Respublikası da bütünlüklə Azərbaycan Respublikasının fəxri olaraq qalacaq.
