BAMF, Bakı, 29 okt 2008 – Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanın və dünyanın dahi sənətkarı, böyük musiqi xadimi və gözəl insan Müslüm Maqomayevin vəfatından dərin təəssüf hissi keçirir. Bununla bağlı qurumun yaydığı açıqlamada deyilir ki, Müslüm Maqomayev nəinki Azərbaycanın, bütövlükdə keçmiş SSRİ və dünyanın nadir musiqi xadimlərindən biri idi. Ona görə də onun həyatdan getməsi hər kəsi, xüsusən də Azərbaycan xalqının öndə gələn ictimaiyyətçi kəsimini sarsıtmışdır. BAMF bununla bağlı bütün Müslümsevərlərə dərin hüznlə başsağlığı verir, mərhuma da Uca Tanrıdan rəhmətlər diləyir.
Müslüm Maqomayev
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
18 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, “La Skala” Milan teatrında stajirovka keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin “Olimpiya” salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə Azərbaycan Dövlət estrada-simfonik orkestrini yaradıb və ona rəhbərlik edib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qramoffon valları böyük tirajla buraxılıb.
Repertuarı hartərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. SSRİ-nin xalq artistidir. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.
Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axıirlarında o hələ böyük konsert salonlarının səhnələrinə çıxmışdı. Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.
Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında özünəməxsus şöhrəti, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda. Hətta Bakı bulvarında oxumağa dəvət edirdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.
Gənc Müslüm nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məihur dirijor və bəstəkar Niyazı onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya Medalla qayıdır. Populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fənh edir” başlıqlı məqalə dərc edir.
1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrən qazanmışdısa, 1960-cı illərinortalarında belə bir talehi bariton səsə malik olan Müslüm Maqomayev yaşayırdı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə gğtürdü.
Onun ən bğyük arzularından biri İtaliyada təhsil almaq idi Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm azərbaycan Opera və Balet Teatrı tərəfindən “La skala” teatrına “stajirovka”ya göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. Indisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.
Beləliklə, Müslüm Bakıya əsil Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında səhnəyə çıxır. Azərbaycanın məşhur pianoçusu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.
O, Eldar Quliyevin filminə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, həyat yoldaşı Tamara Sinyavskaya Yaroslavna rollarını ifa edib.
25 oktyabr 2008-ci ildə vəfat edib. Bakıdakı birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mənbə: Adam.az
