BAMF, Bakı, 03 Noy 2008 – Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Avrasiya Press” Nəşriyyatı tərəfindən görkəmli alman şairi Haynrix Haynenin almanca-azərbaycanca şeirlər kitabı çapdan çıxıb. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan şairin Azərbaycan dilində ilk ktabı 1947-ci ildə çap olunub. 1958-ci ildə isə H.Haynenin seçilmiş əsərlərindən ibarət “Şeirlər” kitabı Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılıb.
Yeni kitaba şairin müxtəlif illərdə yazdığı lirik şeirləri daxil edilib. Şeirləri almancadan Yusif Savalan çevirib. O, Azərbaycan Dillər və Bakı Avrasiya Universitetlərində çalışır, bir neçə şeir kitabının və tərcümə olunmuş əsərin müəllifidir.
“İnanırıq ki, XIX əsr alman ədəbiyyatının görkəmli nümayəndəsi olan Haynrix Haynenin BAMF-ın maliyyə dəstəyi ilə işıq üzü görən almanca-azərbaycanca şeirlər kitabı geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq”, – deyə BAMF sədri Umud Rəhimoğlu bildirib.

