Artıq iki gündür ki, Azərbaycanda təhsil alan 17 xarici tələbə Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) “Qaçqın, Köçkün probleminə yeni yanaşma” layihəsi çərçivəsində “Geriyə-Yurda dogru” devizi ilə Qarabağdadır. Qeyd edək ki, layihədə əsas məqsəd Azərbaycanda təhsil alan xarici tələbələrə (onların vasitəsi ilə bu dünyaya) Qarabağ probleminin mahiyyətini və bu problemin yaratdığı fəsadları olduğu kimi çatdırmaqdır. Özləri məcburi köçkünlər və qaçqınlarla söhbət edən tələbələrin hər biri Bakıya qayıtdıqdan sonra gördükləri və eşitdikləri haqda məqalələr yazacaq.

Almaniya, Fransa, Çin, Rusiya, Türkiyə, Pakistan, İraq, Misir, Banqladeş və Nigeriyadan olan tələbələrin bu məqalələri toplanaraq sonda bir neçə dildə kitab nəşr ediləcək.
Bu məlumatı layihənin rəhbəri, BBTK-nun prezidenti Aysəba Mirzəyeva verdi. O, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) texniki dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində tələbələrin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Füzuli regional ofisində olduqlarını dedi: “ANAMA-nın Füzuli regional ofosinin mütəxəssisləri tələbələrə minatəmizləmə əməliyyatlarının əhəmiyyətindən və regionda görülən işlərdən danışıblar. Onlar minatəmizləmə zamanı istifadə etdikləri texnikanı və avadanlığı tələbələrə nümayiş etdirdilər. Bundan sonra Füzuli rayonunun Babı kəndində məşhur taixi abidə olan Şeyx Babı Yaqubun türbəsinə baş çəkdik. Burada əcnəbi tələbələrə XIII əsrdə inşa edilən türbə barədə geniş məlumat verildi.”
Bu səfərin uğurlu olması üçün texniki dəstək verən BAMF-ın sədri Umud Rəhimoğlu tələbələrin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qaçqın və məcburi köçkünlər üçün Horadiiz şəhəri yaxınlığında salınmış Zovcuq-1 qəsəbəsində olduqlarını söylədi: “Qəsəbədə müasir standartlara uyğun inşa edilmiş məktəbdə keçirilən görüş tələbələrin böyük marağına səbəb oldu. Orta məktəb şagirdləri və müəllimlər Ermənistanın onların dədə-baba torpaqlarını işğal etməsindən, bu zaman ermənilərin onların evlərini talan edərək yandırmasından danışdılar. Biz onların fəaliyyətinə mane olmamaq üçün prosesi bir çox məqamlarda, sadəcə, kənardan izləyirdik. Məktəbin qarşısında aşağı sinif şagirdləri ilə söhbət zamanı maraqlı bir hadisə baş verdi. İraqdan olan tələbə Abdulla üç rəngli Azərbaycan bayrağını əlinə alaraq çadır düşərgələrində dünyaya gəlmiş şagirdlərə belə bir sual verdi: “Sizin evləriniz haradadır?” Bütün şagirdlər eyni vaxtda, nizami ordu əsgərləri sayaq, üzlərini işğal altında olan Füzuliyə tutub əllərini o tərəfə uzadaraq var gücləri ilə qışqırdılar-Orada! Abdulla bunun ardınca daha bir sual verdi: “Bu bayrağı ora kim taxacaq?” Şagirdlər bu dəfə əvvəlkindən də uca səslə “Mən!” deyə hayqırdılar. Onların “Mən!” sədaları bütün qəsəbəyə yayıldı. Hamı, o cümlədən xarici tələbələr heyrətdən çaşıb qalmışdılar. Yəqin onlar da anladı ki, azyaşlı uşaqlarla ekspromt alınan bu olay o şagirdlərin erməni işğalına etirazı idi”.
U.Rəhimoğlu günün ikinci yarısı Zovcuq-2 qəsəbəsində olduqlarını qeyd etdi: “Biz günün ikinci yarısı Zovcuq-2 qəsəbəsində olduq. Burada xarici tələbələri dord qrupa bölüb köçkün evlərinə apardıq. Onlar təxminən üç saat həmin ailələrdə oldular, köçkünlərin başlarına gələnlər barədə onların özləri ilə sərbəst söhbət etdilər. Bu zaman tələbələrin yanında yalnız təcüməçilər var idi. Bizimlə söhbətlərində xarici tələbələr qaçqın və köçkünlərlə təmasdan razı qaldıqlarını dedilər.”
Günün sonunda ANAMA-nın regional ofisində tələbələrlə Füzuli Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şakir Hacıyev görüşüb. O, tələbələrə Füzuli rayonu haqqında, Erməni işğalı və onun nəticələri barədə geniş məlumat verdi. Sonra Ş.Hacıyev əcnəbi tələbələrin suallarını cavablandırdı.
Bu gün tələbələr ermənilər tərəfindən tamamilə yandırılmış Alxanlı kəndinə baş çəkəcək, Böyük Bəhmənli qəsəbəsində, Beyləqan və Ağdamdakı qəsəbələrdə məskunlaşan qaçqınlarla görüşəcəklər. Növbəti gün isə onlar Tərtər rayonuna səfər edəcəklər.
BAMF İnformasiya Departamenti
