Azərbaycanda təhsil alan 17 xarici tələbənin Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) “Qaçqın, Köçkün probleminə yeni yanaşma” layihəsi çərçivəsində “Geriyə-Yurda dogru” devizi ilə həftənin əvvəlində Qarabağa başlanan səfəri yekunlaşdı. Layihənin rəhbəri, BBTK-nın prezidenti Aysəba Mirzəyeva layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) texniki dəstəyi ilə həyata keçirildiyini dedi:
“Xəbər verildiyi kimi, bizim layihənin əsas məqsəd Azərbaycanda təhsil alan xarici tələbələrə (onların vasitəsi ilə bu dünyaya) Qarabağ probleminin mahiyyətini və bu problemin yaratdığı fəsadları olduğu kimi çatdırmaqdır. Özləri məcburi köçkünlər və qaçqınlarla söhbət edən tələbələrin hər biri Bakıya qayıtdıqdan sonra gördükləri və eşitdikləri haqda məqalələr yazacaq. Almaniya, Fransa, Çin, Rusiya, Türkiyə, Pakistan, İraq, Misir, Banqladeş və Nigeriyadan olan tələbələrin bu məqalələri toplanaraq sonda bir neçə dildə kitab nəşr ediləcək.”
Onun sözlərinə görə, srağagün tələbələr ermənilər tərəfindən tamamilə yandırılmış Füzuli rayonun Alxanlı kəndində olublar. Onlar öz evlərini yenidən bərpa edib yaşayan azsaylı kənd sakinləri ilə görüşüb onların həyat şəraiti ilə yaxından tanış olublar. Böyük Bəhmənli qəsəbəsində olarkən yerli sakinin şəxsi təşəbbüsü ilə burada yaradılan tarix muzeyində nümayiş etdirilən eksponatlara böyük maraqla baxıblar.
Sonra tələbələr 1993-cü ildə qaçqın və məcburi köçkünlər üçün Ağdam rayonun Quzanlı qəsəbəsində salınan “Fin evləri” yaşayış məntəqəsindəki məktəbdə müəllimlərlə, şagirdlərlə söhbət ediblər.
Dünən isə əvvəlcədən planlaşdırıldığı kimi, xarici tələbələr Xocalıların məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində olublar. Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev Qarabağ probleminin yaranması səbəblərindən, ermənilərin törətdiyi vəhşiliklərdən, onların Xocalıda dinc insanlara qarşı soyqırım əməli törətmələri barədə tələbələrə geniş məlumat verdi. Sonra xaricilər Ağcakənddəki orta məktəbdə təhsil alan şagirdlərlə və orada məskunlaşan xocalılarla, Ermənistandan qovulan insanlarla söhbət ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin faciəsini yaşayan insanların özləri baş verənlər barədə tələbələrə məlumat verdilər.
A.Mirzəyeva belə səfərlərin yenə təşkil ediləcəyini bildirdi. Xatırladaq ki, səfərə BAMF sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu rəhbərlik edib.
BAMF İnformasiya Departamenti
