![]()
Umud Rəhimoğlu və Azər Həsrət də bu toplantıya dəvət alıb
Beynəlxalq Mətbuat İnstitutu (BMİ) iyunun 7-də Finlandiyanın paytaxtı Helsinki şəhərində özünün 58-ci Ümumdünya Qurultayını və Baş Məclisini keçirəcək. Artıq bu mötəbər tədbirin proqramı da təsdiq olunub. Bu barədə BMİ-nin baş direktoru Devid Dəcdən BMİ-nin Azərbaycan Milli Komitəsinə (BMİ) rəsmi məktub da gəlib. Məlumatı BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu məlumat verib: “Biz ötən il Azər Həsrətlə Beynəlxalq Mətbuat İnstitutunun Serbiyada keçirilən 57-ci toplantısına qatılmışdıq. Çox maraqlı və vacib görüşlərimiz reallaşdı. Bu il isə toplantı Helsinkidə keçiriləcək. Toplantıda Beynəlxalq Mətbuat İnstitutunun fəaliyyəti, gələcək planları və dünya mətbuatını narahat edən bir çox problemlər müzakirə ediləcək. Finlandiyanın çox yüksək rütbəli dövlət adamları da toplantıya qatılacaq. Müzakirələr zamanı bu gün dünyada yaranan iqtisadi böhranla bağlı “Böhranın tənzimlənməsi və media – dəstək, yoxsa, mane olmaq”, medianın inkişafı istiqamətində “Azad mətbuatsız iqtisadiyyat ola bilərmi?” və sairə mövzularda məruzələr dinləniləcək.”
U.Rəhimoğlu BMİ ilə Milli Komitə arasında mütəmadi əlaqələrin olduğunu da vurğuladı: “Yeri gəlmişkən, onu da deyim ki, dünyada söz azadlığının qorunmasında, jurnalistlərin hüquqlarının müdafiə olunması istiqamətində aparıcı bir təşkilat kimi Beynəlxalq Mətbuat İnstitutu ilə Milli Komitə arasında mütəmadi əlaqələr var. Biz Milli Komitə olaraq Beynəlxalq Mətbuat İnstitutunun fəaliyyətində yaxından iştirak edirik”
Qeyd edək ki, Azərbaycan Milli Komitəsi BMİ-nin növbəti Ümumdünya qurultaylarından birinin Azərbaycanda reallaşması məsələsini təklif edib. Artıq bu istiqamətdə müzakirələr yekunlaşmaq üzrədir.
Toplantıya “Güney Qafqaz və Orta Asiya Söz Azadlığı Şəbəkəsi”nin rəhbəri Azər Həsrət də dəvət alıb.
BAMF-ın İnformasiya Departamenti
