Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə müqavilə əsasında yanvar ayından “Ortaq məktəblərdə yerli və məcburi köçkün şagirdlər arasında sosial əlaqələrin gücləndirilməsi, inkişaf etdirilməsi və stimullaşdırılması” layihəsini həyata keçirməyə başlayıb. İlkin mərhələdə Bakı, Sumqayıt və Şirvan şəhərlərində, eləcə də Abşeron rayonunda yerli və məcburi köçkünlərin təhsil aldıqları 35 ortaq məktəb müəyyənləşdirilib. Sonra təhsil ocaqlarında keçirilən təqdimetmə mərasimlərində layihənin məqsəd və vəzifələri geniş izah edilib, ilkin təkliflər toplanıb.
2009-2011-ci illərdə həyata keçiriləcək layihənin məqsədi ortaq məktəblərdə yarana biləcək sosial gərginliyi doğuran səbəblərin aradan qaldırılması istiqamətində iş aparmaqdan və bütün tədbirlərdə layihə çərçivəsində şagirdlərdən ibarət yaradılan icma fəaliyyət qruplarının iştirakını təmin etməkdən ibarətdir. Layihənin icrası prosesində məcburi köçkün və yerli şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi məqsədilə ortaq məktəblər kiçik həcmli əməkdaşlıq qrantları ilə təmin ediləcəkdir.
Artıq Bakı və Sumqayıt şəhərlərinin 11 məktəbində layihə icra olunur. layihənin məqsəd və vəzifələri geniş izah edilir, ilkin təkliflər toplanır. Şagirdlərdən ibarət yaradılan icma fəaliyyət qruplarına təlimlərin keçilməsinə başlanıb. Bu qruplara əməkdaşlıq qrantları üzrə təkliflərin hazırlanması qaydaları öyrədilir, ortaq məktəblərdə şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi və stimullaşdırılması yolları izah olunur.
Layihənin icrası prosesində həmçinin şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin möhkəmlənməsinə və inkişaf etməsinə təkan verə biləcək bir sıra tədbirlərin – məktəblər arasında birgə görüşlərin təşkili, idman yarışları, dəyirmi masalar, bilik yarışları, müxtəlif ədəbi-bədii gecələr, inşa yazıları müsabiqələri, əlamətdar günlərlə, bayramlarla əlaqədar birgə tədbirlərin hazırlanması da nəzərdə tutulur.
BAMF-ın İnformasiya Departamenti
