Rövşən Mustafayevi də itirdik

22.02.2009 · 1225 baxış

rovshan-mustafayevAzərbaycan elminə və ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev uzun sürən xəstəlikdən sonra 48 yaşında vəfat edib.
Rövşən Faiq oğlu Mustafayev 1960-cı ildə Bakıda anadan olub. Azərbaycanın ilk siyasi elmlər doktorudur. 1990-cı illərin əvvəllərində ölkədə ilk müstəqil analitik mərkəz – Dövlət Quruculuğu və Beynəlxalq Əlaqələr İnstitutunu yaradıb, elmi-siyasi “Dirçəliş XXI əsr” (“Vozrajdenie-XXI vek”) jurnalını təsis edib, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun yaradıcısıdır. Siyasi təhlükəsizlik sahəsində ekspertdir. Regional münaqişələri, seçki praktikası, etno-mədəni siyasət məsələləri onun elmi tədqiqat obyektidir. 70-dən çox elmi məqalə və kitabın müəllifidir. Bir çox beynəlxalq konfranslarda Azərbaycanı təmsil edib.
O, Qarabağ probleminin olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasında, erməni terrorizminin tək Azərbaycan deyil, bütün bəşəriyyət üçün böyük təhlükə olmasının sübut edilməsində müstəsna xidmətlər göstərib. Bunun nəticəsidir ki, dünyanın müxtəlif mətbuat orqanında erməni lobbisi Rövşən müəllimin əleyhinə təbliğat aparırdı. Amma o bunlara məhəl qoymadan öz işi ilə, elmi araşdırmaları ilə məşğul idi. Siyasi baxışlarından, ictimai mövqeyindən asılı olmayaraq bu vicdanlı alimi Azərbaycanda hər kəs sevirdi.
Rövşən müəllim Beynəlxalq Avrasiya Mətbuat Fondu üçün də çox doğma və əziz bir insan idi. Bu təşkilatın formalaşmasında və inkişaf etməsində onun böyük əməyi vardı. Biz onun simasında dəyərli məsləhətçi, əsl ziyalı, gözəl insan, vicdanlı vətəndaş, sadiq dost itirdik.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun. Amin!
Beynəlxalq Avrasiya Mətbuat Fondu

(c) 2018. IEPF