Fond Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin və onun Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-Siyasi İdarəsinin maliyyə dəstəyi ilə «Azərbaycanda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsinin icrasına başlamışdır. Layihə minadan zərər çəkmiş şəxslərin daha sıx yaşadığı və müharibədən zərər çəkmiş Tərtər rayonunda həyata keçirilir. Beynəlxalq Mətbuat Mərkəzində layihənin təqdimetmə mərasimi keçirilmişdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Birləşmiş Ştatlar Hökuməti Dövlət Departamentinin və onun Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi – Siyasi İdarəsinin maliyyə dəstəyi ilə Tərtər rayonunda icra olunacaq «Azərbaycanda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsinin təqdimetmə mərasimini keçirmişdir . Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqə departamentinin rəhbəri Conatan Henik, Azərbaycan Respublikası Ərəzilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin informasiya departamentinin rəhbəri Əziz Əliyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, millət vəkili Azay Quliyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, «Dayaq» qeyri-hökumət təşkilatının prezidenti Şahin ibrahimov, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Kampaniyasının prezidenti Hafiz Səfixanov, QHT nümayəndələri, media mənsubları iştirak etmişlər.
Beynəlxalq Avrasiya Mətuat Fondunun sədri Umud Mirzəyev mərasimdə çıxış edərək göstərdi ki, belə bir layihənin həyata keçirilməsi ideyası BAMF-ın 2000-2001-ci illərdə BMT-nin İnkişaf Proqramı ilə müqavilə və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentiliyi (ANNAMA) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi «Ərazilərin minalardan təmizlənməsi üzrə birinci səviyyəli tədqiqat», 2002-2003-cü illərdə Avropa Komissiyasının maliyyə dəstəyi, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzi ilə müqavilə və ANAMA ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi «Minaların təsirinin tədqiqatı» və 2004-cü ildə Avropa Komissiyasının maliyyə dəstəyi ilə «Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi» layihələrinin icrası zamanı əldə edilən nəticələrdən doğmuşdu. Sonuncu layihə çərçivəsində sorğuya cəlb edilən 1883 nəfərin tibbi qayğıya, fiziki və psixoloji reabilitasiyaya, sosial adaptasiyaya, maliyyə yardımına və iqtisadi köməyə, təhsil almağa və s. ehtiyacı olduğu öyrənilmişdi.
BAMF-ın əməkdaşı, layihənin hazırlanması üzrə işçi qrupunun üzvü Siyab Məmmədov «Azərbaycanda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsi barədə məlumat verərək bildirdi ki, başlıca məqsəd və vəzifələr minadan zərər çəkmiş şəxslərin daha sıx yaşadığı müharibədən zərər çəkmiş Tərtər rayonunda onların tibbi, fiziki, psixoloji reabilitasiyasına, təhsil almasına, onlara bir sıra peşə vərdişlərinin aşılanmasına, iqtisadi və maliyyə dəstəyi ilə bağlı ehtiyaclarının ödənilməsi üçün yaşadıqları icmanın daxili ehtiyatlarının səfərbər edilməsinə nail olmaqdan ibarətdir. Layihənin əsasını təşkil edən əsas amillərdən biri isə əsasən Tərtər rayonunda minadan zərərçəkənlərin ehtiyaclarının ödənilməsi məqsədilə həmin şəxslərin assosiasiyasının yaradılması və onun lazımi imkan, vasitə və biliklərlə təmin edilməsidir. İcmanın üzləşdiyi problemlərin həlli üçün onun imkanlarının artırılması buna yönəlmiş tədbirlərin davamlılığını təmin edən amillərdən olduğu üçün bu pilot layihə əsasında qazanılan geniş təcrübə ehtiyac olan digər regionlarda da belə assosiyasıyaların formalaşdırılmasına zəmin yaradacaqdır. Qarşıya qoyulan əsas məqsəd Tərtər rayonu da daxil olmaqla gələcəkdə bütün assosiasiyaları özündə regional bölmələr kimi birləşdirən minadan zərərçəkənlərin respublika üzrə bir assosiasiyasının yaradılmasından ibarətdir.
Layihəyə cəlb ediləcək mütəxəssislər vasitəsilə minadan zərər çəkmiş şəxslərin təşkilatlanması istiqamətində tədbirlər həyata keçiriləcək, onlara hüquqi yardım göstərilməsi, sahibkarlıq bacarıqlarının aşılanması, kompüter bilikləri öyrədilməsi, ilk tibbi yardım göstərilməsi sahəsində təlimlər keçiləcək, mina qurbanlarının ailə üzvlərinə xəstəyə qulluq qaydaları öyrədiləcəkdir. Minadan zərərçəkənlərin assosiasiyasına cəlb ediləcək insanlara mina təhlükəsinə dair maarifləndirmə təlimləri də keçiləcək.
Layihənin icrası dövründə qarşıda duran əsas vəzifələrdən biri də assosiasiyanın idarəetmə strukturunu müəyyənləşdirmək üçün Tərtərdən və ətraf rayonlardan 10 nəfərdən ibarət təşəbbüs qrupunun seçilməsindən, onlara gələcək assosiasiyanın fəaliyyəti və insan hüquqları ilə bağlı Azərbaycan qanunvericiliyində nəzərdə tutulan məsələlər, idarəetmənin əsasları, kompüter bilgiləri və digər istiqamətlər üzrə təlimlər keçirilməsindən ibarətdir.
Layihənin sonunda assosiasiyanın idarə heyəti üzvlərinin də iştirakı ilə strateji və illik planlar tərtib olunacaq, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək üçün təsis sənədləri hazırlanacaq, idarəetmə strukturu müəyyənləşdiriləcəkdir.
Bu layihənin davamlılığı minadan zərər çəkmiş insanların ehtiyaclarının ödənilməsi istiqamətində assosiasiyasının sonrakı fəaliyyətində özünü göstərəcəkdir.
Azay Quliyev, Əziz Əliyev, Hafiz Səfixanov, Şahin İbrahimov və başqaları öz çıxışlarında «Azərbaycanda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsinin həyata keçirilməsinin mühüm bir hadisə kimi dəyərləndirmiş və minadan zərərçəkənlərin assosiasiyada cəmləşməsinin Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində atılmış yeni bir addım olacağını bildirmişlər.
