BAMF-ın «Uğurlu hekayəti»

02.06.2007 · 1235 baxış

02-05 iyul 2007-ci ildə Minilliyin İnkişafı Məqsədləri çərçivəsində BMT-nin Genevrə ofisində «İnkişaf üçün qlobal tərəfdaşlıq yolu ilə yoxsulluğun və aclığın aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi» adlı İllik Yenilikçi Sərgi keçirilib. Sərgidə BMT-nin Baş Katibi Ban Ki-moon, ECOSOC-un prezidenti Dalius Čekuolis, ECOSOC-un QHT bölməsinin rəhbəri Hənifə Mezoi və digər yüksək çinli şəxslər iştirak etmişdir.

Tədbirin əsas məqsədi dünyanın hər bir yerindən hökumət, beynəlxalq və regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyəti təşkilatlarının, fondların, media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirərək onların yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirdikləri layihələr çərçivəsində əldə etdikləri ən uğurlu hekayətlərini sərgiləmək və yenilikçi təcrübələri bir-birilə bölüşmələrinə yardımçı olmaqdan ibarət idi. Sərgidə ECOSOC-a konsultativ statusla üzv olan və öz uğurlu hekayətlərini təqdim etmiş təşkilatlar arasından seçilmiş 30-a yaxın QHT ilə yanaşı Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) da iştirak edirdi. BAMF bu tədbirə ABŞ Dövlət Departamenti Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-siyasi İşlər İdarəsinin maliyyə dəstəyi ilə həyata keçirdiyi «Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsi çərçivəsində əldə olunmuş nailiyyətləri özündə əks etdirən «Uğurlu hekayət»i ilə qatılmışdı. BAMF-ı sərgidə təşkilatın Proqramlar Departamentinin rəhbəri Rəhman Məmmədov təmsil etmişdir. Sərginin gedişi zamnı iştirakçı təşkilatların özlərini daha yaxşı təqdim etmələri və xüsulə də sərgilədikləri uğurlu hekayətləri haqqında geniş informasiya vermələri üçün dəyirmi masalar təşkil olunmuşdu. Dəyirmi masada iştirakçılara Azərbaycanda mina problemi, mina və PHS-lərlə çirklənmiş ərazilərin miqyası və mina təhlükəsi ilə mübarizə proqramı çərçivəsində fəaliyyət göstərən milli mina təmizləmə institutu olan Ərəzilərin Minalardan Təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyi (ANAMA) ilə əməkdaşlıq əlaqələri və bu əmzkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr haqqında məlumat verilmişdir. Sərgidə eyni zamanda yoxsulluğun aradan qaldırılması istiqamətində daha çox yardıma ehtiyacı olan minadan zərərçəkmiş şəxslər və onların ailə üzvlərinin problemlərinin həlli istiqamətində iştirak edən bir çox təşkilatların nümayəndələri ilə gələcək birgə əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdur.

(c) 2018. IEPF