“XATİRƏLƏRİM İŞĞAL ALTINDADIR”

21.07.2009 · 1797 baxış

<strong>Umud Rəhimoğlu: “Bizim müxalifətlə də, iqtidarla da heç bir problemimiz yoxdur” <br><br><img src="http://www.iepf-ngo.org/wp-content/uploads/2009/07/9498-120x90.jpg" alt="9498" width="120" height="90" align="left" class="alignleft size-thumbnail wp-image-669" />“Bütün əyər-əskiyi ilə mən bu ölkənin patriotuyam” </strong>

…Onda hələ mən yox idim, atam vardı, anam vardı,
üç bacım vardı. Məndən yox idi bir soraq.
Anamın ürəyinə dammışdı – oğlan doğacaq.
Bir gün dünyaya gəldim,
böyüdüm, ayaq açdım,
durnaların köçünə sarı qaçdım,
şəhərə gəldim,
şəhər qızlarının gözləri oddu-oddu,
bu şəhər uddu məni, uddu…
İndi mən “biri var imiş, biri yox imiş” nağılında
“ay baba, fit ver” oyununda.
Anamsa 21 il bundan əvvəl necə gözlərdisə
məni əlləri qoynunda, eləcə də gözləmədə…
Zənn eləməyin ki, bu, hansısa məşhur şairin misralarıdır. Hələ yeniyetməliyindən sözə bağlı olan, lakin çox sonralar özü demişkən, köksü yazıb-yaratmaq üçün qaynasa da, qeyri-hökumət təşkilatını – Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) təsis edib bütün enerjisini bu sahəyə həsr edən Umud Rəhimoğlunun “Etiraf” adlı şeirindəndir. Onunla təbii ki, şair kimi yox, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Respublikasının Prezident Yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Azərbaycanı beynəlxalq aləmdə təmsil edən QHT başçısı olaraq danışdıq. Şeiriyyətdən ayrıldığına peşman da deyil. “El-oba işğaldaykən şeir yazmaq çıxış yolu deyil” – deyir. Onunçün ən ağrılısı kənd mühitindən çıxması, şəhər tərəfdən udulması və təbii ki, el-obasının yağı tapdağında inləməsidir. Kəndlə bağlı xatirələrini danışanda özünü kövrəlməkdən saxlaya bilmir:

– Mənim tərcümeyi-halımın daha çox yaddaqalan hissəsi kəndimizlə – Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi ilə bağlıdır. O xatirələrim bu gün işğal atındadır. Bu, çox ağrılıdır. Ona görə rahat ola bilmirəm. Düzdür, tez-tez Füzuli bölgəsinə gedirəm. Kəndimizin bir hissəsi işğaldan azaddır, örüşə getdiyimiz yal-yamaca, ot biçdiyimiz çöllərə baş çəkirəm. Amma oxuduğum məktəb, ev-eşiyimiz düşmən əlindədir. 1978-ci ilədək kəndimizdə orta məktəbdə oxumuşam. 10-cu sinfi bitirəndə, artıq təvazökarlıqdan kənar çıxmasın, Umud Rəhimoğlu imzası ölkədə populyar olan “Araz” qəzetində Füzuli camaatı üçün kifayət qədər bəlli bir imza idi. Tez-tez şeirlərim, publisistik yazılarım, xəbərlərim, oçerklərim dərc olunurdu. Bizim kənddən Füzuliyə qədərki 4 km-lik bir yolu hər dəfə piyada gedirdim. Bəzən o yolda adamı vahimə basırdı. Elə olurdu yazını yolda yazırdım. Çox həvəsliydim. Orta məktəbdən sonra üz tutdum böyük şəhərlərə. Bakıdan, Sumqayıtdan başlayan yol Moskvayadək uzandı.

– Eşitmişik yeganə oğlunuz fevralın 26-da, Xocalının işğal günü dünyaya gəldiyi üçün heç vaxt ad günü keçirmirsiniz. Bu qərar kimdən gəlib?

– Mənim oğlum Oğuz həqiqətən 26 fevralda, 1990-cı ildə dünyaya gəlib. Onda da 20 yanvar faciəsini yenicə yaşamışdıq, komendant saatı, üzücü bir dövr idi. Ondan sonra biz yalnız bircə ad gününü qeyd elədik və Xocalı müsibəti baş verdi. Əslinə qalsa, bu qərarı ailədə heç kim verməyib. Sadəcə, ayın 26-sı gələndə ad gününə yox, Xocalı faciəsinə hazırlaşmışıq. Bu da bir tale, qismətdir. İndi oğlum Amerikanın Missuri ştatında təhsil alır. Elə orta məktəbi də orda bitirdi və universitetə daxil oldu.

– Narahat deyilsiniz?

– Oğlumla bir dəfə səyahətimiz olmuşdu. İlk dəfə Rusiyaya birgə getmişdik. Amerikaya gedəndə isə altı dəfə təyyarə dəyişməli idi. Bir gün sonra zəng eləyib dedi ki, “ata, çatmışam”, bir az rahatlandım. Hətta sağ-soldan dedilər ki, qurd ürəyi yemisən, nə üçün uşağı buraxırsan. Bunun böyük risk olduğunu yaxşı bilirdim. Hava limanında yoldaşım və qızlarımla onu yola salanda bir söz dedim ki, “başladı”. Sonra yoldaşım bu kəlmənin mənasını soruşdu. Mənimçün “başlayan” oğlumun bu andan müstəqil keçəcəyi ömür yolu idi.

– İndi Amerikada qalıb işləməsini istəyirsiniz, ya Bakıya dönməsini?

– Mən ailədə uşaqların qərarlarına həmişə hörmətlə yanaşıram. Amma bir valideyn, vətəndaş cəmiyyəti sferasının adamı olaraq istəyirəm övladım Bakıda olsun.

– Siz Moskvadan döndüyünüz kimi?

– Mənə Moskvada qalmaq üçün çoxlu təkliflər oldu. Şərq ölkələrinin birində Sovet Teleqraf Agentliyində çalışmaq təklifi də almışdım. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğum dövrdə Rusiya mətbuatında kifayət qədər yazılarım çap olundu. Yaxşı dostlarım vardı, indi də kifayət qədər əlaqələrim qalır. Amma mən vətənə qayıtmağa üstünlük verdim, ona görə bu gün burdayam. Yeri gəlmişkən, Şaiq Vəli, Zirəddin Qafarlı, Murad Köhnəqala, Səfər Alışarlı, Saday Budaqlı, Orxan Fikrətoğlu, Nazim Əhmədli, Marif Soltan, Nəsib Nəbioğlu ilə tələbə yoldaşı olmuşuq.

– Sizin imperiyaya etiraz əlaməti olaraq fəaliyyət göstərdiyinizi də eşitmişik.

– 90-cı ilin yanvar hadisələri dövründə “Ədəbiyyat və İncəsənət” qəzetində çalışırdım. Eyni zamanda Yazıçılar Birliyində partiya təşkilat katibinin birinci müavini idim. 90-cı ilin 23 yanvarında faciəyə etiraz olaraq Yazıçılar Birliyinin kommunist partiyası üzvlərinin partiyadan imtina etməsi üçün təşkilati işlərə başladıq. O zaman partiya katibi rəhmətliklər Nadir Cabbarov və Aydın Səlimzadə, həmçinin qonşularımız Zakir Fəxri, Səfər Alışarlı ilə birlikdə bu məsələlərdə həmrəylik nümayiş etdirdik. Biz çağırışlar elədik və yazıçıları Elmlər Akademiyasının Rəyasət Heyətinin binasına yığdıq. Beləliklə, yazıçı kommunistlərin böyük əksəriyyəti partbiletlərini təhvil verdi.

– Udmurtiya Respublikasının prezidenti ilə dostluq əlaqələri necə yarandı?

– Tam təsadüfən. Kiyevdən qayıdırdım. Moskvadan keçib gəlmək istədim. Düşündüm ki, gedim Udmurtiyada yaşayan qardaşlarımla görüşüm. Elan olundu ki, texniki səbəbdən uçuş gecikir. Elə oturub qəzetlərə baxırdım, yanaşı oturan pıçıldadı ki, orda oturan Udmurtiyanın prezidenti Aleksandr Volkov və xanımıdır. Mən stüardessanı dəvət elədim, dedim Azərbaycandan diaspor nümayəndəsidir, arzu edir ki, vaxtı olsa, Udmurtiyada onu qəbul edəsiniz. Telefonları da yazmışdım. Səhər məni axtarıb-aradılar, bizim ilk görüşümüz oldu. Hətta qayıdandan sonra bu görüş barədə geniş yazılar yazdım. O yazılar Udmurtiyada da dərc olundu. Çox maraqlı şəxsdir. Hazırda da münasibət var, dəfələrlə görüşmüşük. İnsanların münasibət qurması çox problemlərin həllində yardımçı olur. Məncə, gərək hər kəs ölkədən kənarda kimləsə təmasda olarkən öz çiynindəki məsuliyyətin fərqinə varsın. Sən o tanışlıqları tək fərd olaraq qurmursan, həm də bir azərbaycanlı olaraq qurursan.

– Bəzən jurnalist təşkilatlarının rəhbərləri haqqında onların mətbuata bir o qədər də aidiyyətinin olmadığı deyilir.

– Bu kimi ifadələri mətbuat haqqında təsəvvürü, jurnalistika təhsili olmayan adamlar deyir. 5-6 kitabı oxumayan şəxslər jurnalistikaya sahiblik iddiası ilə elə şeylər danışır, adam münasibət bildirməyə utanır. Mən o zaman “Ədədiyyat və İncəsənət” qəzetində “Aydınlıq” səhifəsini hazırlayırdım. Vaqif Cəbrayılzadə, Məti Osmanoğlu ilə birgə çalışırdım. Onu da deyim ki, Moskva təhsilindən sonra gəldim və bir müddət işsiz qaldım. 8 ay bekar qaldıqdan sonra Moskvadakı dostlarımın dəstəyi ilə mənə iş verdilər. Onda Vəfa Quluzadə Mərkəzi Komitədə mədəniyyət şöbəsinin müdiri idi. Onun bir kəlməsi ilə qəzetdə kargüzar kimi işə düzəldim. Sonra isə “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik etdim. Nəriman Həsənzadə məni işə götürdü. Ən demokratik qəzet idi. Mən “Ədəbiyyat və İncəsənət” qəzetində işlədiyim dövrü çox məhsuldar, şərəfli dövr sayıram. 89-cu ildə bu qəzetin tirajı az qala 1 milyona çatırdı.

– Dərc olunmayan, senzuradan keçməyən yazılarınızı neynirdiniz?

– Bunu özümə çox qəm eləmirdim. Mənim arxivimdə bir neçə yazılarım qalıb. Rəhmətlik Sabir Əhmədli ilə çox ciddi bir intervüm var. O dövrdə oturub söhbət eləmişik, indiyədək üzə çıxarılmayıb.

– Bəs, BAMF-nin yaranması ideyası haradan gəldi?

– 1992-ci il iyunun 22-də yaratdıq. Həmin il Xocalı soyqırımı baş vermişdi, Azərbaycan informasiya blokadasında idi. Mənə tez-tez xaricdən zəng edirdilər ki, nə baş verir? Bu adamlara deyirdim gəlin, gözlərinizlə görün ki, “Novosti”, “Vremya”da verilən xəbərlər necə yalandır. O zaman mən onlarla jurnalistləri qəbul eləyib onların yerləşdirilməsi, Qarabağa səfərini təşkil elədim. Elə olub evimdə 8 adam baş-ayaq yatıb. Qonşular təəccüblə baxıb ki, görəsən, Umud müəllimin bunların köynəklərini yudurmaqda marağı nədir? Xarici jurnalistlər gedib-gəldikcə bir ideya yarandı ki, münaqişə bölgələrinə, konflikt zonalarına jurnalistlərin səfərini təşkil edən və həmin yerlərdən obyektiv informasiya yayan bir struktur yaradaq. Özü də bu, təkcə Azərbaycan üçün olmasın. O vaxt Orta Asiya, Moldovada da (Dnestryanı) gərgin proseslər cərəyan edirdi. Ona görə biz Beynəlxalq Avrasiya Mətbuat Fondu adlı qurumu yaratdıq. Mənim QHT-yə gəlişimin digər səbəbi də vardı. Mən də digər ziyalılarımız kimi meydan hərəkatında olmuşam. Hər gün işdən çıxıb meydana gedərdim. Bəzən gecəni də orda keçirərdim. Bir gün mənə çatdı ki, millət üçün iş görmək məqsədi ilə imkanları reallaşdırmaq üçün, başqa yerdə daha çox fayda verə bilmək üçün təşəbbüs göstərmək lazımdır. BAMF-nin qurulmasına qərar verdim. 2007-ci ildən bizim təşkilat BMT-nin Sosial İqtisadi Şurasının (EKASOK) konsultativ statuslu üzvüdür. Amma ona qədər biz onlarla nüfuzlu beynəlxalq qurumla, o cümlədən BMT-nin özü ilə əməkdaşlıq edirdik. Təşkilatımız Beynəlxalq Sülh Bürosunun, ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramının üzvü olan 52 təşkilatdan biridir. Bizim təşkilat haqqında ABŞ Dövlət Departamentinin saytında kifayət qədər məlumat yerləşdirilib. İyunun 17-də Dövlət Departamenti ilə çox ciddi layihənin müqaviləsini imzalamışıq. ECRE deyilən çox mötəbər bir qurum var – Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası. BAMF bu qurumun Azərbaycanda əsas tərəfdaşıdır. Mən keçən ay həmin qurumun prezidentləri səviyyəsində təşkil olunan sammitində iştirak etdim.

– QHT-lərə qarşı kəskin tənqidləri necə qarşılayırsınız?

– Demokratiyanın mahiyyətində, fəlsəfəsində əslində vətəndaş cəmiyyəti dayanır. Bəziləri isə demokratiyanı düzgün anlamır. Mən anlamıram, bəzən qrant alanları tənqid edirlər, qəzet səhifələrində xeyli yer ayırırlar. Oxuyub görürsən bu adamlar nə istədiyini, bu mövzunu niyə açdığını bilmir, bu prosesdən kənardırlar. Bu adam qrantdan danışır, amma bilmir qrant nə olan şeydir. Bu yaxınlarda parlamentdə də təkliflər oldu ki, xaricdən alınan qrantlara məhdudiyyət qoyulsun. A balam, niyə? BMT qrant tenderi elan edir, ona 500 min, 1 milyonluq layihə təklif edib udmaq olar. BMT-nin maliyyəsi haradan formalaşır? Üzv ölkələrdən. Azərbaycanın verdiyi maliyyədən biz niyə yararlanmamalıyıq?

Bir dəfə Moskvada məndən soruşdular ki, niyə BAMF-nin mərkəzi qərargahı Bakıda olmalıdır? Dedim niyə beynəlxalq qurumların baş qərargahı London, Paris, Nyu-York, ya Moskvada olmalıdır? Bakıda da olmalıdır. Sizə deyim ki, mən çox fəxr edirəm ki, dünyanın aparıcı beynəlxalq qurumları tərəfindən qəbul olunan bir təşkilat Azərbaycanda formalaşmaqdadır. Mən bu təşkilatı özümlə aparmayacağam, bu, mənimki deyil. Bu, Azərbaycanımız üçün formalaşan bir qurumdur. Bu gün 100-ə yaxın əməkdaş müxtəlif proqramlarda çalışır.

– Bu da faktdır ki, Azərbaycan reallığında çalışmaq elə də asan deyil. Xüsusilə hansısa qıcıq doğuran hərəkətlər təşkilata və ya fərdə baha başa gəlir. Yəqin hakimiyyətlə münasibətlərinizdə problem yoxdur ki, işiniz rəvan gedir.

– Bizim müxalifətlə də, iqtidarla da heç bir problemlərimiz yoxdur. Öz işimizi görürük.

– Mətbuatın inkişafı ilə bağlı planlardan çox danışılır. Müşahidə Şurasının rəhbərliyində olduğunuz Prezident Yanında Dövlət Dəstəyi Fondu bu mənada nə vəd edir?

– Məncə, bu fondun yaranması Azərbaycan mətbuatında yeni bir mərhələnin başlanğıcıdır. Mətbuat Şurasının yaranmasını nəzərə almasaq, uzun illər idi ki, bu sahədə böyük bir boşluq var idi, mətbuata sahib duracaq struktur yox idi. Fondun yaradılması istiqamətində atılan addımlar ölkə rəhbərliyinin söz azadlığının, medianın inkişafı istiqamətində atılan addımların bir hissəsidir. Onu da deyim ki, bu qurumda bizim üzərimizə çox böyük məsuliyyət düşür. Çalışacağaq ki, cənab prezidentin və media mənsublarımızın bu etimadını doğruldaq. Belə bir şərəfli və məsuliyyətli işə təyin etdiyinə görə minnətdarlıq edirik. Ən çətin məsələ dövlət maraqlarını KİV-lərin maraqları ilə uzlaşdırmaqdır. Bu strateji məsələ həm dövlətimizin və cəmiyyətimizin inkişafı üçün, həm də insan haqlarının qorunması üçün çox vacibdir. Bu demokratiyanın əsası olan, danışan, düşünən toplumun formalaşması üçün vacib dövlət siyasətidir

“Bütün əyər-əskiyi ilə mən bu ölkənin patriotuyam” deyən Umud bəy bizim xahişimizlə Cenevrədə BMT-nin Dağlıq Qarabağa birbaşa yardımını təklif edən erməni nümayəndə Gevork Ter-Qabrielyanın başına açdığı oyunu da xatırladır: “Bundan əvvəl də o, nəşr etdirdiyi xəritələrdə Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərmişdi. Onun çıxışı da məni hiddətləndirdi. Odur ki, üstünə gedib onun yaxasından yapışdım və tribunadan aşağı saldım. Məhz bundan sonra ermənilərin layihəsini dayandırdılar”.

Həmsöhbətim yekunda “Yeni Müsavat”çılar da daxil olmaqla bütün mətbuat işçilərinə Mətbuat Günü ilə bağlı təbriklərini çatdırır. Sözarası xatırladırıq ki, mətbuata ən böyük hədiyyə bayram ərəfəsi həbsdəki jurnalistlərin azadlığa buraxılması olardı. “Allah qapılarını açsın” deyir…
Elşad PAŞASOY
“Yeni Müsavat” qəzeti
20 iyul 2009-cu il

(c) 2018. IEPF