<p style="text-align: justify"><strong>Qambiyada isə altı jurnalist müqəddəs Ramazan ayının şərəfinə azad ediləcək</strong></p><br />
Beynəlxalq Mətbuat İnstitutu (BMİ) Salvadorun Tonakatepeque bələdiyyəsi ərazisində fransız-ispan əsilli fotomüxbir və sənədli film çəkən Kristian Povedanın qətlindən təəssüflənir. BMİ-dən Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) verilən məlumata görə, polis başından çoxlu güllə yarası almış Povedanın cəsədini El Rosario kəndində avtomobildən tapıb.
Qorxmaz jurnalist və rejissor K.Povedanın qətlinə görə dərin kədər hissi keçirdiklərini deyən BMİ-nin direktoru Devid Dədc günahkarların Salvador hökuməti tərəfindən məhkəməyə cəlb olunacağına ümid etdiyini bildirib.
Assoşeyted Pressin məlumatına görə, K.Poveda 2008-ci ildə çəkdiyi “La Vida Loca”sənədli filmində “Mara 18” quldur dəstəsinin üzvlərinin həyatını yaxından izləyib. Qətlə yetirildiyi gün dəstənin qadın üzvləri ilə fransız moda jurnalı arasında müsahibə təşkil etmək üçün Soyapanqo bələdiyyəsinə yola düşüb.
BMİ-dən daxil olan digər məlumatda isə “Qiyama çağırış” adıyla iki illik həbs cəzasına məhkum edilmiş altı qambiyalı jurnalist azad ediləcəyi bildirilir. Verilən məlumata görə, Qambiya prezidenti Yahya Cammehin əfv fərmanı barədə cümə axşamı GRTS televiziyasında məlumat verilib. Prezident idarəsinin bununla bağlı yayılan açıqlamasında bildirilib ki, altı jurnalist müqəddəs Ramazan ayı xatirinə azad olunacaq.
BAMF-ın İnformasiya
Departamenti
