Bu gün ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin əməkdaşı xanım Debora Netland və ABŞ Prezident İdarəçilik Cəmiyyətinin əməkdaşı cənab Darren Manninqin Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Bakıdakı mərkəzi ofisində olublar. Hər iki qonaq BAMF-ın sədri Umud Rəhimoğlu, qurumun beynəlxalq məsləhətçisi Lütfül Kabir və departament rəhbərləri ilə görüşüblər.
Bizimlə söhbətində U.Rəhimoğlu xanım Deboranın iki gün əvvəl BAMF-ın həyata keçirdiyi “Azərbaycanın Tərtər rayonunda mina qurbanları və minadan zərərçəkənlər üçün peşə təlimi mərkəzinin yaradılması” layihənin icrası ilə tanış olduğunu dedi: “Xəbər verildiyi kimi, iki gün əvvəl Debora xanım Tərtərdə Regional Peşə Təlimi Mərkəzinin təməl qoyma mərasimində iştirak etdi. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin maliyyə vəsaiti hesabına həyata keçirdiyimiz layihənin icrası ilə tanış oldu. Bu gün isə hər iki qonaq bizim baş ofisimizdə oldular. Onları Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyət ilə yaxından tanış etdik. Sonra təşkilatımızın beynəlxalq məsləhətçisi Lütfül Kabir BAMF-ın gələcəkdə görəcəyi işlər haqqında ətraflı məlumat verdi.”
Xanım Debora Netland BAMF-ın fəaliyyətindən razı qaldığını deyib. O, ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin elan etdiyi qrantlarla bağlı mövcud qaydalar və istiqamətlər barəsində də danışıb.
BAMF-ın İnformasiya
Departamenti
